Pandemiya zamanı zərər çəkmiş sahələrə və insanlara dəstək göstərərkən qarşılaşa biləcəyimiz risklər...
COVİD-19 pandemiyası və bununla əlaqədar olan böhran bir şəxs olaraq və bir cəmiyyət olaraq dəyərlərimizi sınayır. Bir çox insan bu çətin zamanda cəmiyyətin ən həssas və pandemiyadan daha çox zərər çəkmiş hissəsinə öz dəstəyini əsirgəməməyə çalışır.
Bütün dünyada olduğu kimi, Azərbaycan cəmiyyətində də virtual könüllülər tərəfindən yaşlılar və imkansızlar üçün alış-veriş etməyə, ərzaqla kömək etməyə, tibbi ləvazimat, üz maskaları paylamağa və ya digər bu yöndə olan təşəbbüslər irəli sürülmüşdür. Bir çox halda bu dəstək sosial şəbəkələrin Azərbaycan seqmentində yaradılmış qruplar və ya hər hansı bir Qeyri-Hökümət Təşkilatı (QHT) tərəfindən həyata keçirilir. Və cəmiyyətin pandemiyadan zərər çəkmiş hissəsinə dəstək olmaq istəyən minlərlə, on minlərlə insan bu QHT-lər vasitəsilə ianələr edir, ərzaq göndərir və ya digər bir köməklik göstərir.
Əlbəttə ki, könüllülər tərəfindən həyata keçirilən və bir çox insanın dadına çatan bu cür gözəl təşəbbüsləri yalnız alqışlamaq olar. Ancaq təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, böhran şəraitində insan ən pisinə qadirdir və bu cür fövqəladə vəziyyətdən yararlanmaq istəyən şəxslərin sayı və onların saxta əməlləri də artır. Son günlərdə COVID-19 ilə mübarizə aparmaq üçün ianə istənən saxta saytlar, QHT-lər və telefon fırıldaqçıları üzə çıxır.
İndi həmişəkindən daha çox yaşlılara və yoxsullara yönəltmək istədiyimiz ianələrimizə cavabdeh olmalıyıq.
Hər kəs, əlbəttə ki, köməklik etməyinin növünü özü seçir, bəziləri bunu şəxsən edir, bəziləri isə vaxt çatışmamazlığını nəzərə alaraq, köməkliyi virtual qruplar və ya QHT-lər vasitəsilə edir. QHT-lər vasitəsilə köməklik edənlərə fırıldaqçıların toruna düşməmək üçün aşağıdakı tövsiyyələrimi vermək istərdim:
1. Hansı sahədə dəstək olmaq istədiyinizə qərar verin. Bu kimi fövqəladə hallarda müxtəlif növ mənbələrə ehtiyac var: qida, səhiyyə, texnologiya və s. Bu sahələrdən birini seçin və əməkdaşlığınızı yönəldin.
2. İlk növbədə ianə etmək istədiyiniz təşkilat barədə məlumat toplayın, köməkliyin kimlərə edildiyini və hansı yolla çatdırıldığını öyrənin.
3. Köməkliyi pulla yox, başqa yolla etmək istəyirsinizsə, ehtiyacın nə olduğunu öyrənin ki, lazımsız materialların göndərilməsi baş verməsin.
4. Onlayn ianələr edərkən İnternet alışları zamanı tələb olunan məxfilik və məlumatların qorunması üzrə təhlükəsizlik zəmanətlərini tələb edin.
5. İanə etdiyiniz QHT-nin bu sahədə hər hansı bir təcrübəyə sahib olduğundan əmin olun. Təcrübə, səylə və tez hərəkət etməyi bacarmaqdan əlavə, vəsaitlərin səmərəli istifadəsinə köməklik edir.
6. İanə etdiyiniz zaman hər hansı bir şəxsin adına onlayn köçürmə etməyin, bunu həmişə QHT-nin rəsmi bank hesabına edin.
7. Veb-saytlar, sosial şəbəkələr və s. vasitəsilə sosial layihənin arxasında kimin olduğu barədə araşdırma aparın.
8. Fövqəladə hallar üçün toplanan vəsaitləri QHT yalnız qeyd olunan məqsəd üçün istifadə etməyi öhdəsinə götürür. Toplanmış ianələrin və digər vəsaitlərin istifadə edilməsi barədə hesabatı tələb edin.
9. İanə edildikdən sonra QHT-nin veb saytı, bülletenləri, sosial şəbəkələri və s. vasitəsilə verdiyi məlumatları yoxlayın. Göndərilən məbləğlərin, vəsaitlərin təyinatı, həyata keçirilən tədbirlər, faydalananların profili və əldə olunan nəticələr ilə maraqlanın.
Bu sadə tövsiyələr ilə hamımızın daha məsuliyyətli olmağımıza töhfə vermək istəyirəm. Və əlbəttə ki, hər birimiz bu çətin bir zamanda etdiyimiz hər hansı bir köməkliyin və yaxud ayırdğımız ianənin təyinatı üzrə çatdığına əmin olmalıyıq.
Telegram kanalımız