“Paşinyan öz vətəndaşlarının nə dirisinə, nə də ölüsünə sahib çıxır” –  Hüquq müdafiəçisi
28 Okt 2020 16:04
497

“Paşinyan öz vətəndaşlarının nə dirisinə, nə də ölüsünə sahib çıxır” – Hüquq müdafiəçisi

Oktyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə humanitar atəşkəs barədə razılıq əldə edilib. Bunun ardınca Azərbaycan tərəfi döyüş meydanındakı erməni hərbçi meyitlərinin qarşı tərəfə verilməsinə hazır olduğunu bildirib. Ermənistan tərəfi bu müraciəti cavabsız qoyub. Oktyabrın 18-də və 25-də əldə edilən atəşkəs razılaşmalarından sonra da Azərbaycan eyni təkliflə çıxış edib. Lakin işğalçı Ermənistan bu dəfə də təkliflərə reaksiya verməyib, üstəlik hər dəfə humanitar atəşkəs razılığının mürəkkəbi qurumamış Azərbaycanın cəbhə bölgəsindən uzaq yaşayış məntəqələrini raket atəşinə məruz qoyub, onlarla mülki şəxsin həyatını itirməsinə, yaralnmasına səbəb olub. Bununla da məkrli düşmən sülhə hazır olmadığını, problemin danışıqlar vasitəsilə həllinə qarşı çıxdığını bəyan edib. Ermənistanın öz hərbçilərinin meyitlərinə və əsirlərə sahib çıxmaması xüsusilə diqqət çəkir.

Sabiq millət vəkili, hüquq müdafiəçisi Çingiz Qənizadə mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında bildirib ki, humanitar atəşkəsin pozulma səbəblərindən biri də ermənilərin öz əsgərlərinin meyitlərini qəbul etmək istəməmələridir:

“Ermənistan Dağlıq Qarabağda gedən döyüşlər zamanı itkilərini minimum rəqəmlərlə göstərir, xalqını aldatmaqla məşğuldur. Çünki çoxsaylı meyitlər Ermənistana gedən kimi orada ictimai-siyasi vəziyyət dəyişəcək. Onsuz da Ermənistanda artıq istefa tələbləri var, müxalifət partiyaları kəskin bəyanatlar verirlər. Ordunun hakimiyyəti götürməsi ilə bağlı təkliflər var. Paşinyan öz xalqını sanki ət maşınına göndərir və bilir ki, gec-tez bu proseslərin sonu gələcək”.

Sabiq millət vəkili qeyd edib ki, Paşinyan ölənlərin sayını gizlətməklə, yalan danışmaqla daha çox hakimiyyətdə qalmağa çalışır:

“Buna görə də o, öz hərbçilərinin meyitlərini, hətta işğal altında saxladıqları yaşayış məntəqələrindən geri çəkilərkən köməksiz vəziyyətdə qoyub qaçdıqları iki qoca ermənini də geri qaytarmaq istəmir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov ötən gün bildirdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Gürcüstan tərəfdən bu iki yaşlı əsirin Ermənistana verilməsi təkliflərinə bu günədək razılıq verilməyib. Hazırda Paşinyan hakimiyyətinin ən şərəfsiz dövrlərindən birinə təsadüf edilir. Onsuz da o hakimiyyətə gələndən qonşularına qarşı siyasətdə, beynəlxalq hüquqda yaramaz mövqe nümayiş etdirirdi, indi isə ən iyrənc vəziyyətə çatıb. Paşinyan öz vətəndaşlarının nə ölüsünə, nə də dirisinə sahib çıxır. Bu, Paşinyan hakimiyyətinin sonunun yaxınlaşdığını işarə edən amillərdən biridir”.

Sayad HƏSƏNLİ

 

“Paşinyan öz vətəndaşlarının nə dirisinə, nə də ölüsünə sahib çıxır” –  Hüquq müdafiəçisi
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər