Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Petrosyanın mövqeyi erməni cəmiyyətində oturuşub, getdikcə...”  - Müsahibə
02 Dek 2021 22:10
1391

“Petrosyanın mövqeyi erməni cəmiyyətində oturuşub, getdikcə...” - Müsahibə

Yenisabah.az Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa ilə müsahibəni təqdim edir:

- Fazil bəy, Soçi görüşündən sonra yaranmış yeni situasiyada prosesin uzanacağına dair fikirlər var. Bu yanaşmalar nə qədər əsaslıdır?

- Prosesin uzanması müəyyən dərəcədə gözlənilən bir haldır. Amma son Soçi anlaşması bir az konkretləşməyə gətirib çıxara biləcək addımları özündə ehtiva edir. Ona görə də, bu kimi məsələlərdə prosesin necə olması bizi çox da narahat etməməlidir.

- Sizcə, prosesləri qabaqlamaq, sürətləndirmək üçün nə tələb olunur?

- İşğaldan azad edilmiş ərazilərdə məskunlaşmanı mümkün qədər tezləşdirmək vacibdir. Orada infrastrukturun qurulması təmin edildikdən sonra zəruri addımlar atılmalıdır. Çünki bu elə bir məsələdir ki, burada müəyyən dərəcədə ziqzaqlı proseslər getməlidir. Ermənistanın sülhə razılıq verməsi, bundan sonra müəyyən maneələri ortaya atması zaman məsələsidir. Eyni zamanda bu maneələrin açılması üçün görüşlərin, tədbirlərin olması da gözləniləndir. Amma bütövlükdə proses irəliləməkdədir. Burada Azərbaycanın zərərinə olacaq hər hansı bir təhlükə də mövcud deyil. Soçi danışıqları bunu daha da sürətləndirəcək.

- Brüssel görüşündə Soçidə əldə edilmiş razılaşmalara hansısa bir müddəaların əlavə edilməsi gözlənilir?

- Brüsseldə elə ciddi fikirlərin olacağı gözlənilmir. Burada da məsələlərə Soçi kontekstində baxılması mümkündür. Sadəcə orada humanitar məsələlərə aid hansısa fikirlər səslənə bilər. Bunlar da Azərbaycana təsiredici gücə malik deyil. Bizim əsas hədəfimiz konkret real layihənin həyata keçirilməsidir. Bunu da Azərbaycan reallaşdıracaq.

- Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın erməni cəmiyyətində yer alan revanşizmə cavabı var. Onun fikirlərini ümumi erməni cəmiyyətinin mövqeyi kimi dəyərləndirmək nə dərəcədə məntiqlidir?

- Artıq belə bir mövqe Ermənistan cəmiyyətində oturuşub. Bunu qəbul edirlər. Qəbul etməyən, illuziyalarla yaşayan bir qrup var. Onlar da get-gedə ağıllanacaqlar. Çünki məktəb tərbiyə etməyən adamları bəzən ya həbsxana, ya da başqa reallıqlar islah edir.

- Mina xəritələrinin Brüsseldə tələb kimi qoyulması nə dərəcədə realdır?

- Biz bunun Ermənistana qarşı ittihamedici bir məsələ kimi qoymalıyıq. Əslində artıq proseslərin gedişi göstərir ki, bizə Ermənistanın saxta mina xəritələri lazım deyil. Özümüz, o əraziləri qarış-qarış təmizləyirik. Sadəcə biz bunu qınama, Ermənistanı ittihametmə məsələsi kimi hər zaman gündəmdə saxlamalıyıq./Teleqraf


Youtube kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər