“Hər bir insanın öz ağlı, vətəndaşlıq vəzifələri və məsuliyyəti olmalıdır”.
Bunu Yenisabah.az-a açıqlamasında “Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli deyib.
O, yay mövsümündə aktuallaşan təbiət qoynunda istirahət zamanı ətraf mühitin çirkləndirilməsi, canlı təbiətə zərər vurulması və meşə yanğınları mövzusunda danışıb: Toyuqlu pizza
“Hər bir insanın öz ağlı, vətəndaşlıq vəzifələri və məsuliyyəti olmalıdır. O, ətrafı çirkləndirməklə yaradacağı problemləri dərk etməli, gələcək nəsli düşünərək bu cür əməldən geri çəkilməlidir.
Əlbəttə, vətəndaş istər qış, istərsə də yay ayları gəzintiyə çıxmaq və mənzərəli yerlərə getmək haqqına sahibdir. Tanrı təbiəti insan üçün yaradıb. Sadəcə təbiətlə təmasımızı düzgün qura bilmirik. Son vaxtlar meşə və çöl yanğınlarını nəzərə alaraq, belə halların qarşısını almaq üçün maarifləndirmə işləri aparılmalıdır. Ən vacibi mənzərəli yerlərdə təbiəti çirkləndirməmə və yanğın törətməmə üçün xüsusi piknik yerləri təşkil olmalıdır”.
Ekoloq qeyd edib ki, açıq təbiətdə ənənəvi istirahət yerində addımbaşı zibil qutuları yerləşdirilməli, tullantıların həmin qutulara atılması məcburi qaydaya çevrilməlidir.
“Meşə ərazisində yanğınların və çirkləndirilmələrin qarşısını almaq üçün fikrimcə, piknik edən ailələri xüsusi dövlət qurumları nəzarətdə saxlamalıdır. İstirahət edən şəxs manqalda kababını bişirdikdən, siqaretini çəkdikdən sonra odu mütləq söndürülməli, söndüyündən əmin olduqdan sonra ərazini tərk etməlidir.
Adətən, meşə sahəsi yandıqdan sonra həmin ərazidə tədqiqat işləri aparılır, yanğının təbii, yoxsa insan iştirakı ilə baş verdiyi araşdırılır. Əgər insan faktoru varsa, vətəndaşa qanuni qaydada cərimə tətbiq olunur. Amma məsələ cərimələrlə bitməməlidir. Təbiətin qorunması, təmizlənməsi və yaşıllığın artırılması mövzusunda iməciliklər təşkil edilməli, yeni ağaclar əkilməli, çirkləndirilmiş ərazilər təmizlənməli, hər bir vətəndaşa təbiəti sevmək və qorumaq öyrədilməlidir”.
Nəsimi Ələsgərli
Telegram kanalımız