2020-ci ilin noyabrında Milli Məclisin "Ətraf mühitin mühafizəsi haqqında" qanuna etdiyi dəyişikliyə əsasən, ötən il yanvar ayının 1-dən etibarən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların sahibkarlar tərəfindən idxalı, istehsalı, eləcə də ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilmişdi.
Həmin qadağanın qəbul olunmasından bu yana dəfələrlə istehsalçılara xəbərdarlıq edilsə də, bu xəbərdarlıqlara məhəl qoyulmadığına hələ də şahid oluruq.
Artıq məlum qadağadan 2 ilə yaxın vaxt keçsə də, görünür, heç bir kommersiya obyektləri bu qaydalara riayət etmək niyyətində deyil. pizza hut
Məsələ ilə bağlı Yenisabah.az-ın suallarını cavablandıran ekoloq Ənvər Əliyev deyib ki, bu, olduqca mürəkkəb bir məsələdir:
“Hazırkı gündə bütün əhalinin ayaqqabısı və paltarı demək olar ki sellofondan hazırlanır. Şəhərdə hara baxırsan, ayaqqabıların çoxu həmin plastik kütlədən istehsal olunur.
Qida və məişət tutumlarının çoxu demək olar ki, onlara əsaslanır. Bunun alternativi yoxdur. Elə sellofan paketlər var ki, xüsusi qutularda yerləşdirilir və həmçinin, olduqca dözümlüdür. Onların buxarlanma kimi bir imkanı isə ümumiyyətlə, yoxdur”.

Müsahibimiz əlavə edib ki, həmçinin, qida və bərk cisimlər üçün nəzərdə tutulan paketlər də var:
“Söhbət hazırda onlardan getmir. Söhbət plastik kütlədən hazırlanmış torbalardan gedir. Əlbəttə, bunun ziyanı olduqca çoxdur. Xəstəliklərin də baş alıb getməsinin əsas səbəblərindən biri də məhz bu problemlərdir.
Sellofan paketlərdə qidaların saxlanılması qəti surətdə qadağandır. Yalnız xüsusi sertifikatlı sellofanlardan istifadə edilməsi daha məqsədəuyğun olar. Mənim zənnimcə, sellofan paketlər sağlamlığa olduqca ciddi ziyan vurur”.
Ekoloq Telman Zeynalov isə düşünür ki, sellofan paketlərin bir ziyanı olmasaydı, ona xüsusi qadağa qoyulmazdı:
“Xüsusilə üzərində rəngli yazılar olan paketlər rənginə görə daha zərərlidir. Əgər qadağa qoyulubsa, deməli, problem ciddidir. O cümlədən, əgər mağazalar bu qaydaya əməl etmirsə, o zaman dövlət və məmurlar bu məsələ ilə bağlı yaxından maraqlanmalıdır”.

Digər bir ekoloq – Rövşən Abbasov isə izah edib ki, marketlər bu qadağaya riayət edirlər:
“Sellofan paketlərlə bağlı qadağaya demək olar ki, marketlərin çoxu tərəfindən əməl edilir. Onlar qanuna zidd yanaşmırlar. Gələcəkdə isə daha sərt qanunların tətbiqi gözlənilir.
Amma elə marketlər də var ki, qadağa tam ciddi surətdə qoyulmadığı üçün hələ də o paketlərdən istifadə edirlər. Onların ziyanı hədsiz dərəcədə çoxdur.
Məsələn, onlar torpağa düşəndə ona çox ziyan vururlar, daha sonra ağacların köklərinin inkişafına, mikroorqanizmlərin hərəkətinə və yaşayış mühitinə, torpaqda su rejiminə olduqca ziyan vururlar. Bəzən elə olurdu ki, vəhşi heyvanlar meşələrdə həmin sellofan paketləri tapıb yeyirdilər və bu da onlara ciddi ziyan vuraraq ölümləri ilə nəticələnirdi”.
Ekoloq Qorxmaz İbrahimov isə artıq həyəcan təbilini çalmağa başlayıb.
O, söyləyib ki, bu məsələyə ciddi surətdə bir qadağa qoyulmalıdır:

“Yaxud da onlardan düzgün istifadə edilməlidir. O paketlərdən istifadə edildikdən sonra onların küçəyə atılmasına da müəyyən məhdudiyyət qoyulmalıdır.
Sellofan paketlərin marketlərdə satılması fikri ilə mən də razı deyiləm. Amma qarşılığında biz onlara nə təklif edəcəyik? Bir zamanlar, 70-80-ci illərdə sellofan paketlərə insanlar bir marka kimi baxırdı. Əgər sellofanlarla bağlı müəyyən qadağa tətbiqi varsa, marketlərə göstəriş verilməlidir ki, bu, normal qaydada tətbiq edilsin.
Eləcə də pul tətbiqi məsələsinə də ciddi surətdə nəzarət edilməlidir. Sellofan paketlər demək olar ki, bugünkü gündə pulsuz istifadə olunur. Bu isə ətraf mühitin intensiv çirklənməsinə səbəb olur”.
Həcər ƏMİRASLANLI
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız