YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Polis zorakılığa görə sığınacağa yerləşdirilənlərin ailələrinə məlumat verməlidirmi?  - AÇIQLAMA

Polis zorakılığa görə sığınacağa yerləşdirilənlərin ailələrinə məlumat verməlidirmi? - AÇIQLAMA

Sosial

24 Sentyabr 2022 23:22 819


Bir müddət öncə, "Azərbaycan Uşaqları İctimai Birliyi"nin sədri Kəmalə Ağazadənin feysbuk hesabında polislərə etiraz etmişdi. Buna səbəb polisin zorakılıq nəticəsində sığınacaqda yerləşdirilən şəxslərin ailələrinə onların harada olmalarıyla bağlı məlumat verməsi olmuşdu. Bundan başqa, mart ayında "Ümid yeri" sığınacağına yerləşdirilən qadını sığınacağa yaxın küçədə ərinin qətlə yetirməsi halı da baş vermişdi. Dünən isə feminist aktivist Nərmin Şahmarzadə də feysbuk profilində polisin sığınacağa yerləşdirilən qadının yeriylə bağlı ailəsinə məlumat verməsi üçün onunla əlaqə saxlanması barədə post paylaşıb. Bəs, görəsən, polislər zorakılıqla əlaqədar sığınacağa yerləşdirilən şəxslərlə bağlı onların ailələrinə məlumat verməlidirlərmi? "Ümid yeri" sığınacağının yaxınlığında baş verən cinayətdə bu addımın hər hansı rolu varmı?

Bunlarla əlaqəli Yenisabah.az-a"Təmiz Dünya İctimai Birliyi" nin sədri Mehriban Zeynalova danışıb. Onun sözlərinə görə, qanunda bunu bildirən konkret maddə olmalıdır:

""Məişət Zorakılığı haqqında Qanun"a görə, itkin düşmüş və yaxud evdən getmiş adamlarla bağlı axtarış verildikdə polis həmin şəxsin tapılması, onunla bağlı ailəyə məlumat vermək və yaxud verməməklə bağlı xüsusi qayda müəyyənləşdirilməyib. Yəni, əslində, "Məişət Zorakılığı haqqında Qanun" qəbul olunana qədər tapılan adamlar ailəsinə təhvil verilirdi. Bununla da polisin vəzifəsi yerinə yetirilmiş olurdu. Qanun qəbul olunduqdan sonra heç bir dəyişiklik olmadı. Polis də ənənəvi olaraq tapılan şəxslərin ailəsinə məlumat verirdi. Hazırda Bakı şəhəri üzrə Polis İdarələri artıq bu barədə məlumatlıdırlar. Onlar bilirlər ki, sığınacağa zorakılıq gördüyü üçün yerləşdirilən şəxslərin yerlərinin bildirilməməsi ilə bağlı məlumatlara sahibdirlər. Belə hal baş verəndə, polis izahatı sığınacaqda alır və bununla da ailəyə qarşı tərəfin sağ olduğunu bildirir. Bəzi hallarda isə, hətta, videoçəkiliş də edir. Amma bəzi hallarda ailəyə şəxsin harada olduğu barədə məlumat verdiyini görürük. Çünki, qarşı tərəf polisə təzyiq edir, onu gizlətməkdə qınayır, polisin hansısa məsələlərdə hansısa maraqlara xidmət etdiyi üçün şəxsin harada olduğunu deməməsi barədə ittiham edir. Polis də bunların qarşılığında şəxsin olduğu ərazi barədə məlumat verir. İndi Bakı şəhərində polis idarələrində belə hallar çox azsaydadır. Rayon yerlərində isə hələ tam formalaşmayıb. Amma bu qanun da dəyişməlidir. "Məişət Zorakılığı haqqında Qanun"a əlavə edilməliydi ki, şəxslərin yeri barədə məlumatı vermək qadağandır. Əgər, şəxs sığınacaqdadırsa, və ya zorakılıqdan qaçıbsa, yəni, 18 yaşdan yuxarı şəxsin müstəqil öz həyatı ilə bağlı qərar vermək hüququ var. Bu baxımdan da polis heç kimi evə qayıtmağa məcbur edə bilməz".

Mehriban Zeynalova bu mövzuda zorakılıqla bağlı evdən qaçan uşaqlarla əlaqəli məlumat verib:

"Azyaşlılarla belə hal olarsa, bununla bağlı qəyyum valideyn olduğuna görə valideyninə məlumat verilir. Amma əgər ordada uşaq zorakılıqdan qaçdığına dair fakt varsa, cinayət işi açılıbsa, məlumat verilmir. Bəzi polislərə yerin bildirilməməsi barədə xəbərdarlıq edəndə, o da buna əməl etməyəndə dərhal DİN-ə məlumat verilir, qurum da həmin polislə bağlı ölçü götürür. Bizdə belə bir hadisə olmuşdu. Polis yer barədə məlumat vermişdi, buna görə, onunla bağlı ölçü götürülmüşdü. Artıq Nazirlik bu məsələləri nəzarətə götürür. Tək nəzarət deyil, qanunvericilikdə də dəyişikliklərin edilməsinə ehtiyac var. "Məişət Zorakılığı haqqında Qanun" qəbul olunanda bütün nüanslara baxılmalıydı, bir cümlə əlavə edilməlidir ki, sığınacaqlarda olan, gizlənən şəxslər, zorakılıq faktı təsdiq olunan şəxslərlə bağlı yerin bildirilməsi qadağandır. Amma "Ümid Yeri" sığınacağında baş verən hadisənin məhz polis məsuliyyətsizliyi ilə bağlı olduğu barədə dəqiq məlumatım yoxdur".

"Polisin sığınacağa zorakılıq səbəbiylə yerləşdirilən şəxlsərlə bağlı ailələrinə məlumat verməlidirlərmi" sualımıza Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları Zeyni Hüseynov və Anar Qafarov açıqlama verməkdən imtina edib.

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!