“Xalqın problemlərini Prezidentlə bərabər xalq həll etməlidir. Hər bir Azərbaycan vətəndaşı ölkə rəhbəri qarşısında müəyyən təkliflərlə çıxış edə, müraciətlər edə bilər. Çünki cənab Prezident dəfələrlə bölgələrdə insanlarla görüşüb və nəinki millət vəkilləri, orada olan sıravi adamlar da Prezidentə müəyyən problemlər haqqında məlumat verirlər, arzularını bildirirlər, xahişlərini edirlər və dövlət başçısı heç bir zaman buna diqqətsiz qalmır. Əksinə, həmin problemlər tez bir zamanda həll edilir, sərəncamlar verilir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Milli Məclisin YAP-dan olan deputatı Tahir Rzayev deyib.
O, “İstiqlal” ordeninə layiq görülən və ötən günlərdə Prezidentlə görüşən Xalq artisti Rasim Balayev haqqında səslənən ittihamlara münasibət bildirib. Dördpendirli pizza
Xatırladaq ki, sosial şəbəkələrin Azərbaycan seqmentində titullu sənətkar xalqın problemlərini Prezidentə çatdırmamaqda ittiham olunur. Bundan savayı, bir çox ictimai xadimlər və yazıçılar isə problemlərin onlar tərəfindən deyil, məhz millət vəkilləri tərəfindən ən yüksək orqana bildirilməsinin vacib olduğunu dilə gətirib.
Deputat T. Rzayev isə düşünür ki, xalqın problemini Prezidentə çatdırmaq məsələsini sənətkarın, millət vəkilin və digər qurumların üstünə atmaq düzgün deyil:
“Hər bir vətəndaşın borcudur ki, ölkədə olan mövcud problemləri yeri gələndə Prezidentin diqqətinə çatdırsın, bu barədə desin. Bunu millət vəkilləri də, sənətkarlar da, o cümlədən sıravi vətəndaşlar da deyir. Ona görə də müəyyən məsələləri kiminsə üstünə atmaq və onu günahlandırmaq düzgün məsələ deyil”.
Müsahibimiz xatırladıb ki, R. Balayev çox görkəmli sənətkardır, Azərbaycanın fəxridir və onun oynadığı rollar, təbliğ etdiyi milli-mənəvi dəyərlər bizim üçün çox vacibdir:
“Mənim bir vətəndaş kimi ona böyük hörmətim var. Ancaq Rasim Balayev oraya xalqın problemlərini həll etmək üçün getməmişdi. O, dövlət rəhbəri tərəfindən “İstiqlal” ordeni ilə təltif olunub və onun da borcudur ki, öz minnətdarlığını bildirsin. Əgər Rasim müəllim başqa məsələ üçün getsəydi, sözsüz ki, bu problemləri qaldıra bilərdi. Yeri gəlmişkən, Rasim müəllim də, Arif Babayev də müəyyən məsələlər haqqında deyib, habelə Zeynəb Xanlarova da sənətkar kimi bu məsələləri dəfələrlə müzakirəyə çıxarıb. Ona görə də “problemləri millət vəkilləri deməli, sənətkarlar qıraqda qalmalıdır” yanaşması düzgün deyil”.
Parlamentin üzvü onu da əlavə edib ki, ölkə rəhbəri hər bir vətəndaşı dinləyir, onların haqlı təklifi və müraciəti əsasında müəyyən tədbirlər həyata keçirir:
“Buna görə də hər birimiz əlbir olub bir nöqtəyə vurmalıyıq. Əgər bir nöqtəyə vursaq, nəticə düz çıxacaq. Rasim Balayevin tənqid olunmasına gəldikdə isə bunu qəbul edə bilmirəm. O, çox böyük bir sənətkardır və onun haqqında belə uydurmalar yazmaq, onun şəxsiyyətinə və sənətinə xələl gətirən sözlər demək elə bilirəm ki, bizə yaraşmır”.
“Ola bilər ki, hər hansı bir sənətkar mülahizələrində, yaxud çıxışlarında hansısa bir nöqsana yol verə bilər. Lakin bunu şişirtmək, qabartmaq və belə təbliğ etmək, məncə düz deyil. Xalqımız bir olmalıdır, çünki biz birlikdə Vətən müharibəsində qalib gəldik, hamı birləşdi. Ona görə də biz bütün məsələlərdə bir olmalıyıq. Millət vəkili də, sənətkar da, sıravi vətəndaş da... Belə olsa, işlərimiz daim rəvan gedəcək”, - o, fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız