Qafqazdan Mərkəzi Asiyaya qurulan körpü: Azərbaycan - Özbəkistan iqtisadi əlaqələri

saytların hazırlanması

Evə çatdırılma

Qafqazdan Mərkəzi Asiyaya qurulan körpü: Azərbaycan - Özbəkistan iqtisadi əlaqələri

İqtisadiyyat

26 Avqust 2026 11:24 66


Azərbaycan ilə Özbəkistan arasında iqtisadi münasibətlər hər iki ölkənin dövlət müstəqilliyini bərpa etməsindən sonra keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.

Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının strateji cəhətdən önəmli bu iki dövləti xalqlarımızın tarixi, mədəni və mənəvi yaxınlığına söykənən ikitərəfli əməkdaşlığı illər keçdikcə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəltməyə müvəffəq olub. Xüsusilə son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri, siyasi iradəsi və imzalanan strateji müqavilələr iqtisadi platformanın mahiyyətini köklü şəkildə dəyişərək, onu sadə ticarət mübadiləsindən birgə investisiya və istehsal layihələrinin icra olunduğu dərin inteqrasiya modelinə çevirib.

Müstəqilliyin ilk illərində iqtisadi əlaqələr əsasən ikitərəfli ticarət razılaşmaları və hüquqi-normativ bazanın formalaşdırılması çərçivəsində inkişaf edirdi. Lakin XXI əsrin ikinci onilliyindən etibarən, xüsusilə Regional Nəqliyyat Dəhlizlərinin strateji əhəmiyyətinin artması ilə Azərbaycan-Özbəkistan iqtisadi tərəfdaşlığı keyfiyyətcə yeni mərhələyə keçib. Dominos pizza

Özbəkistanın dünya bazarlarına çıxış əldə etmək üçün Azərbaycanın infrastruktur imkanlarına – Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanına və Zəngəzur dəhlizi perspektivinə marağı kəskin artıb. Şərq-Qərb nəqliyyat koridoru (Orta Dəhliz) çərçivəsində yükdaşımaların həcminin ilbəil artması Mərkəzi Asiya mallarının Avropaya və əks istiqamətdə təhlükəsiz tranzitini təmin edir.

İkitərəfli ticarət dövriyyəsindəki dinamika tərəfdaşlığın miqyasını aydın göstərir. Əgər 2019-cu ildə ticarət dövriyyəsi cəmi 80 milyon dollar civarında idisə, 2024-cü ildə bu göstərici 250 milyon dollar həddini aşıb. Tərəflərin birgə səyləri nəticəsində 2025-ci ildə ikitərəfli ticarət həcmi əvvəlki illə müqayisədə 3 dəfədən çox artaraq 795 milyon dollara çatıb, 2026-cı ilin yanvar-may aylarında isə 144 milyon dollar təşkil edərək ötən ilin müvafiq dövrünü 33% üstələyib.

Ticarət əlaqələrinin strukturunda Özbəkistandan Azərbaycana əsasən nəqliyyat vasitələrinin kuzovları (ötən illərdə 19,3 milyon dollar), mis məftillər (19,7 milyon dollar), tütün və tekstil məhsulları idxal edildiyi halda, Azərbaycandan Özbəkistana ağ şəkər (13,3 milyon dollar), emal olunmamış alüminium (8 milyon dollar), kimya və kənd təsərrüfatı məhsulları ixrac olunur.

Son illərdə ikitərəfli iqtisadi gündəliyin ana xəttini sənaye kooperasiyası və qarşılıqlı sərmayə qoyuluşları təşkil edir. İki ölkə arasında strateji layihələrin maliyyələşdirilməsi məqsədilə 500 milyon dollar nizamnamə kapitalına malik Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti təsis edilib və fəal platformaya çevrilib. Sənaye sahəsində ən uğurlu əməkdaşlıq nümunələrindən biri Azərbaycanda Özbəkistan texnologiyaları əsasında avtomobil yığımı müəssisələrinin fəaliyyətə başlamasıdır.

Bununla yanaşı, toxuculuq, tekstil, kənd təsərrüfatı və ipəkçilik sahələrində Özbəkistanın zəngin təcrübəsi ilə Azərbaycanın investisiya imkanları birləşdirilir. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası prosesində Özbəkistanın fəal iştirakı, o cümlədən Füzulidə tikilmiş 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəb və Xankəndidə inşası nəzərdə tutulan ticarət-istehsalat obyektləri iqtisadi həmrəyliyin real təzahürüdür.

Energetika sektoru da iqtisadi münasibətlərin vacib sütunlarından biridir. Ənənəvi karbohidrogen resurslarının nəqli sahəsində, məsələn, SOCAR və "Özbekneftegaz" tərəfindən yaradılmış "Turan Energy AFEZCO" birgə müəssisəsi vasitəsilə polietilen ixracı həyata keçirilir. Eyni zamanda, Azərbaycan, Özbəkistan və Qazaxıstanın iştirakı ilə Mərkəzi Asiya "yaşıl enerjisi"nin Xəzər dənizinin dibi və Azərbaycan ərazisindən keçməklə Avropaya nəqli layihəsi çərçivəsində "Yaşıl Dəhliz İttifaqı" Məhdud Məsuliyyətli Cəmiyyəti təsis olunub.

Ticarət dövriyyəsinin şaxələndirilməsi, gömrük və prosedurların sadələşdirilməsi, logistik zəncirlərin optimallaşdırılması və biznes strukturları arasında birbaşa əlaqələrin dərinləşməsi Azərbaycan-Özbəkistan iqtisadi münasibətlərinin dayanıqlı inkişafını təmin edir. Müstəqillik dövründə formalaşan bu iqtisadi model yalnız iki ölkənin rifahına deyil, bütövlükdə Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geoiqtisadi sabitliyinə mühüm töhfələr verməkdədir.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!