Qarabağda partizan hərəkatı ilə bağlı polkovnikdən açıqlama

Qarabağda partizan hərəkatı ilə bağlı polkovnikdən açıqlama
May 13, 2019
Oxunma sayı: 3248

Bir neçə gündür, partizan müharibəsi kəlməsini tez-tez eşidirik.  Düşünülür ki, yalnız bu yolla Azərbaycan Qarabağı geri qaytara bilər. “Bizə əgər nizami müharibəyə icazə vermirlərsə, əhalinin içərisində olan insanlarla partizan müharibəsinə başlamalıyıq” – kimi fikirlər səsləndirilir. Artıq partizan müharibəsinin tərəfdarları da var.

Məsələ ilə bağlı hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov “Yeni Sabah”a danışarkən qeyd edib ki,  bu cür fikirləri səsləndirənlərin ümumiyyətlə partizan hərəkatı və müharibəsinin hansı şərtlərlə, hansı şəraitdə aparılması haqqında məlumatı yetərli qədər deyil:

“Birincisi, partizan hərəkatının böyük bir ərazi olan yerdə yaxud o ərazidə əhalinin yaşadığı, düşmən altında olan yaşayış məntəqələri, digər yerlərdə olması istisna deyil. Ancaq Qarabağda hazırda heç bir Azərbaycan əhalisi , yaşayış məntəqələri yoxdur. 

İkinisi, dərinliyi cəmi 100-120 kilometr olan ərazidə partizan hərəkatını hansısa formada tətbiq etməyə ehtiyac görmürəm. Çünki bizim hesablamalara görə, xüsusi təyinatlılarımız və kəşfiyyatçılarımız  bütün dərinliklərə qədər tapşırıqları yerinə yetirə bilər. Partizan hərəkatı  uzun sürən müharibə ilə bağlı olan prosesdir. Ali Baş Komandan, prezident İlham Əliyevin sözlərini xatırlatmaq istəyirəm. O demişdi ki, əgər Azərbaycan və Ermənistanı təkbətək qoysaz, ordumuz qısa zamanda işğalçı qüvvələri darmadağın edib ərazi bütövlüyünü bərpa etməyə qadirdir”.

Ş.Ramaldanov bildirib ki, partizan hərəkatı ilə bağlı səsləndirilənlər mütəxəssis səviyyəsində olan sözlər deyil:

“Bəlkə də Böyük Vətən Müharibəsi ( 1941-1945-ci illər) ilə əlaqəli kinolara baxıb bu formada düşünənlər var. Partizan hərəkatı üçün ilk növbədə şərait olmalı, ona cavab verən tələblər yerinə yetirilməlidir. Dağlıq Qarabağda partizan hərəkatı mümkün deyil və ehtiyac yoxdur. Bir mütəxəssis kimi deyərdim ki, bu, Dağlıq Qarabağda tətbiq oluna biləcək bir hərəkat deyil. Azərbaycanın silahlı qüvvələri bu gün yetəri qədər güclüdür və qoyulan tapşırığı yerinə yetirməyə imkianları var. Sadəcə məqam gözləyirik. Məqam çatanda Azərbaycan torpaqları azad ediləcək”.

Günay Rəsulqızı