“Qarabağda yaşayan sıravi ermənilər bunu çox arzulayır” - Buzlar əriyir?

“Qarabağda yaşayan sıravi ermənilər bunu çox arzulayır” - Buzlar əriyir?

Bölgə Veb saytların hazırlanması

05 İyun 2023 12:18 2413


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Xocavənd rayonunun Rusiyanın müvəqqəti nəzarətində qalan hissəsindəki Çartar kəndində məskunlaşdırılmış ermənilər arasında qarşıdurma yaranıb. 

Məlumata görə, qarşıdurma talonsuz benzin almağa cəhd edən bir qrup ilə yanacaqdoldurma məntəqəsinin işçiləri arasında mübahisə zamanı baş verib. Separatçı-terrorçu rejimin qanunsuz “polis”ləri tərəfindən 7 nəfər həbs edilib. 

Onu da qeyd etmək lazımdır ki, separatçı rejimin təsiri altında yaşayan ermənilər arasında bu səpkidə davaların olması son zamanlar geniş vüsət alıb. Sıravi Qarabağ ermənilərinin terrorçu rejimin basqılarına məruz qalması bölgədə vəziyyəti daha da gərginləşdirib.

Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Zaur Məmmədov deyib ki, Qarabağın dağlıq hissəsində baş verən hadisələrdə qruplararası davanın geniş vüsət alması, eyni zamanda Baş nazir Nikol Paşinyana yaxın dairələr ilə Rusiyaya yaxın dairələr arasındakı mübarizə, habelə müxtəlif səpkidə baş verən proseslər onu göstərir ki, Laçın rayonunun Ermənistanla sərhəd hissəsindəki keçid məntəqəsinin qurulması, əlbəttə ki, Azərbaycan tərəfindən vaxtında atılmış bir addım olub: 

“Yeri gəlmişkən, Dövlət Sərhəd Xidmətinin yaydığı videolardan tamamilə aydın şəkildə görürük ki, ermənilər sərbəst şəkildə sərhəd-keçid məntəqəsini keçirlər. Bu da bütün dünyaya sübutdur ki, heç bir blokadadan söhbət gedə bilməz. Əksinə, sıravi ermənilər Azərbaycana inteqrasiya olmağı çoxdan arzulayırlar, ancaq terrorçu rejimin orada olması bölgədə sülhə çox böyük təhdid təşkil edir”. 

Onun fikrincə, bu, bu gün məlum geosiyasi aktorlar arasında bütün dünyada gedən mübarizədə özünü göstərir:

“Onların separatçılara dəstəyi artıq müxtəlif strukturlar tərəfindən də görülməkdədir. Təsadüfi deyil ki, Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarında Qərb Qarabağın Azərbaycan ərazisi olması formulu ilə razılaşıb. Nəticədə Baş nazir Paşinyana da təsir göstərildi ki, o, ifadəsində bunu qeyd etsin”. 

Analitik xatırladıb ki, son zamanlar Qarabağın dağlıq hissəsində atəş səsləri eşidilir: 

“Bunlar isə separatçıların hirsinin və emosiyalarının özünü göstərməsidir. Biz bunu hirsin tərənnümü kimi qeyd edə bilərik. Bu kontekstdə isə vəziyyət 2 ssenaridən ibarət ola bilər: ilk ssenaridə danışıqların nəticəsini gözləmək və Qarabağdakı ermənilərin inteqrasiyası üçün müxtəlif addımlar atmaq. Hansı ki, Azərbaycan tərəfindən bir neçə addım atıldı və görüşlə bağlı təkliflər edildi. Amma çox təəssüflər olsun ki, sülh təklifi yerli separatçılar tərəfindən qəbul edilmir. Bu isə onu deməyə əsas verir ki, yaxın vaxtlarda separatçılara qarşı antiterror əməliyyatı keçirilərsə, bu, heç də gözlənilməz sayılmamalıdır”. 

Politoloq ikinci ssenarini də söyləyib:

“Digər bir ehtimal isə budur ki, Qarabağın dağlıq hissəsində tezliklə antiteror əməliyyatı keçirilməli və bu Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanmasına mane olan qüvvələr, habelə Azərbaycana itaət etməyəcəyini bəyan edən qüvvələri cəzalandırmaq üçün böyük bir mesaj olmalıdır”. 

Rafi MÜSLÜMOV 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!