Ermənistanda kütləvi itaətsizlik aksiyası ilə yanaşı Qarabağ savaşında itkin hərbçilərin valideynləri də piket keçirir. Yenisabah.az erməni KİV-inə istinadən xəbər verir ki, itkin düşən hərbçilərin valideynləri Müdafiə Nazirliyinin qarşısında gecələyiblər.
Anait Adoyan adlı valideyn bildirib ki, onlar Rusiya sülhməramlı kontingentinin komandanı Rüstəm Muradovun Müdafiə Nazirliyinə gələcəyini gözləyiblər. “Belə məlumatlar var idi ki, o, Müdafiə Nazirliyinə gələcək”, - deyə o əlavə edib.
Bundan əvvəl isə valideynlər Eçmiədzindəki hərbi hissənin qarşısında aksiya keçiriblər. Məhz bu hərbi hissənin 34 hərbçisi Qarabağa göndərilib və indiyə qədər onlardan heç bir xəbər yoxdur. Valideynlərə bildirilib ki, Baş qərargah rəisi Onik Qasparyan onları Müdafiə Nazirliyində qəbul edəcək. Lakin valideynləri Qasparyanın müavini Andranik Makaryan qəbul edib. Media üçün qapalı olan görüşdə Makaryan valideynlərə sensasion məlumatlar verib.
Anait Adoyanın sözlərinə görə, Baş qərargah rəisinin müavini onlara bildirib ki, hərbçiləri daşıyan avtobus sürücüsü çaşaraq onları Zəngilana aparıb. “O bizə dedi ki, sürücü 7 kilometr artıq gedib və qarşı tərəfinin nəzarətində olan əraziyə keçib. Bizdə sübut var ki, qarşı tərəfdən atəş açılanda bizim uşaqlara kömək göndərmək əvəzinə geri çəkilmək əmri verilib. Dünən Makaryan da şəxsən dedi ki, əgər geri çəkilmək əmri olmasaydı, o özü də ölü bilərdi. Bizə dedi ki, o zaman sizin suallarınıza kim cavab verəcəkdi? Biz onun söylədiklərini qeydə almışıq”, - deyə qadın bildirib.
Onun sözlərinə görə, sürücünün indi harda olduğu barədə suala Müdafiə Nazirliyinin rəsmisi “məlumatımız yoxdur” deyə cavab verib.
Qadın əlavə edib ki, cümə axşamına qədər Müdafiə Nazirliyinə vaxt veriblər. “Cümə axşamı vaxt bitir, əgər heç bir tədbir görülməsə özümü Zəngilana gedəcəyik”, - deyə o bildirib.
Telegram kanalımız