Azərbaycanın Vətən Müharibəsində qələbəsindən sonra “Böyük Qayıdış” konsepsiyasına uyğun olaraq, ərazinin bərpa və yenidənqurması, bölgənin dirçəldilməsi və məcburi köçkünlərin öz yurd-yuvalarına qaytarılması istiqamətində işlər sürətlə davam etdirilir.
Ali Baş Komandan, prezident İlham Əliyevin də qeyd etdiyi kimi azad edilmiş ərazilərimizdə salınacaq “ağıllı şəhər”, “ağıllı kənd” layihələri əsasında aparılan yenidənqurma işləri “Böyük Qayıdış”ın keyfiyyətcə yeni bir həyata qayıdış olacağını göstərir.
Azad edilmiş Qarabağ torpaqları bütün imkanları ilə Azərbaycanın ən vacib regionlarından biridir. Yeraltı və yerüstü sərvətlərlə zəngin olan Qarabağın turizm potensialı kifayət qədər genişdir. Burada turizmin bir çox növləri üçün imkanlar mövcuddur. pizza mizza
Məsələ ilə bağlı Yenisabah.az-a danışan turizm üzrə ekspert Cabir Dövlətzadə bildirib ki, Qarabağın turizm imkanlarından tam istifadə üç əsas amil təmin edildikdən sonra mümkün olacaq.
Bunlar ərazilərdə təhlükəsizliyin təminatı, əhalinin oraya qayıdışı və infrastrukturun yaradılmasıdır:

"Qarabağ bölgəsində hazırda yenidənqurma işləri gedir. Yenidənqurma işləri getdiyi üçün hazırda orada yeni otellər tikilməkdədir, sadəcə bu diplomatik və xüsusi icazəsi olan adamlar üçün müəyyən olunub və xüsusi konfrans, seminarlarda iştirak edən adamlar üçün nəzərdə tutulub. Çünki orada infrastruktur tam təmin olunmalıdır ki, daha sonra xarici turist cəlb edilə bilsin.
Bu proses birdən-birə olmur. Xüsusən xarici turistlərin Bakıya gəldikləri kimi bu bölgələrə səfəri çox çətindir, çünki əvvəlcə xarici turistlərin yüksək səviyyədə təhlükəsizliyi təmin olunmalıdır. Yerli turistlərdən isə daha çox orada yaşayan insanlar bu bölgəyə rəğbət göstərir, çünki onlar illərlə uzaq qaldıqları yurd-yuvalarını görmək istəyirlər. Bu, onlar üçün daha cəzbedici olduğu üçün həmin bölgələrə turizm avtobusları təşkil olunmaqdadır.
Amma hal-hazırda orada infrastruktur tam təmin olunmadan turizmi inkişaf etdirmək çətindir. Fikrimcə, bu 2025-ci ilə qədər sürəcək".
Ekspertin sözlərinə görə, yaxın gələcəkdə bütün bu məsələlər həll edildikdən sonra Qarabağ Azərbaycan turizmində mühüm yer tutacaq və bundan sonra həmin zona dünya əhəmiyyətli ekoturizm mərkəzinə çevrilə bilər:
"Kəlbəcərin İstisuyu çox məşhurdur. Ora təkcə keçmiş Sovet ölkələri üçün deyil, həm də ətrafdakı bölgələr üçün - Qərbi, Şərqi Avropa, Asiya ciddi maraq kəsb edəcək. Çünki Sovet hakimiyyəti dövründə ən məşhur yerlərdən biri məhz ora idi. Həmin yerin inkişafı vacib məsələdir.

Bu plan üzərində hazırda Dövlət Turizm Agentliyi də işləyir və bu barədə ara-sıra mətbuatda da məlumatlar, açıqlamalar dərc olunur. Amma əsas məsələ ondan ibarətdir ki, bütün bunlar mərhələli şəkildə olsun. Əgər hər şey mərhələli şəkildə olarsa, faydalı olacaq.
Yaşlı və orta nəsil insanlar üçün Kəlbəcər İstisu çox vacib və əhəmiyyətlidir. Necə ki, hazırda Azərbaycanın Naftalan brendi təkcə Azərbaycan əhalisi üçün deyil, həm də turistlər üçün maraqlıdır və gəlirlər, onun kimi turizm brendini Kəlbəcərdə də yaratmaq olar. Bununla turistlərin ora cəlbini artırmaq mümkündür.

Təbii ki, turizmin başında Şuşa şəhəri durur. Lakin hazırda sülh müqaviləsi imzalanmadığı və tam təhlükəsizlik təmin edilmədiyi üçün həmin zonalara xarici turistlərin birbaşa cəlbi çətin məsələdir. Bu, uzun proqram tələb edir. Bu proqram da ümid edirik ki, Dövlət Turizm Agentliyi və müvafiq dövlət qurumları tərəfindən təşkil olunar və ən qısa zamanda sülh müqaviləsi imzalanar.
Bundan sonra rahat şəkildə, təhlükəsiz zonada turizm inkişaf edər. Bilirsiniz ki, bütün ölkələr vətəndaşlarına istirahət üçün ən təhlükəsiz zonalara getməyi məsləhət görürlər. Müqavilə imzalanarsa, hər şey qanunauyğun şəkildə davam edəcək. Bizim ümidimiz və gözləntimiz məhz budur. İnşallah, tez bir zamanda bu reallaşar və Azərbaycanın ən gözəl guşəsi olan Qarabağ zonası turizm potensialı üçün ciddi partlayış olacaq.
Bundan sonra Azərbaycanda turizm ciddi şəkildə inkişaf edəcək".
Əsmətxanım Rzazadə
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız