Qarabağlılar hansı şərtlərlə öz evlərini tikə bilər?

saytların hazırlanması

Evə çatdırılma

Qarabağlılar hansı şərtlərlə öz evlərini tikə bilər?

Sosial

09 Yanvar 2023 14:27 1035


Bundan bir neçə gün öncə Azərbaycan Respublikası Prezidentinin Zəngilandakı xüsusi nümayəndəliyinin əməkdaşı Növrəs Cəfərov mediaya açıqlamasında bildirmişdi ki, imkanlı şəxslər Zəngilanda öz evlərini özləri tikə biləcək.

Qeyd edək ki, artıq 2 ildən çoxdur Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq-bərpa işlərinin davam etməsi ilə yanaşı, dövlətin özünə fərdi ev tikmək istəyən şəxslərə bu şansı tanıması müsbət bir tendensiya kimi qiymətləndirilməlidir.

Maraqlıdır, bu imkan digər işğaldan azad edilmiş rayonlara da şamil ediləcək? Müvafiq prosedur necə olacaq? Bu, “Böyük Qayıdış”a stimul verə biləcəkmi? Sezar pizza

Suallarımızı cavablandıran Milli Məclisin Ağdamdan olan deputatı Aqil Abbas Yenisabah.az-la söhbətində deyib ki, o, hələ 2 il öncə məlum təklifi parlamentdə səsləndirib:

“Hələ dövlət belə bir şey deməyib, bunu Şərqi Zəngəzurdakı nümayəndə söyləyib. Mən 2 il qabaq Ağdam azad olunandan sonra parlamentdə demişdim ki, imkan yaratsınlar, ağdamlı imkanlılar gedib öz mülklərini tiksinlər. 

Sonra da demişəm ki, eləsi var, onun imkanı yoxdur. Belə olan halda imkanlılar qonşusunun da evini tiksinlər. İndi bu, mümkündür, lakin Ağdamın xüsusi şəhər layihəsi var. Mən o layihəyə baxmışam, çox gözəl layihədir, amma bunu başlı-başına buraxmaq da olmaz”.

“Deyirlər ki, gəlib Ağalının kənarında torpaq versinlər, ev tiksinlər. İndi bu Ağdamda necə olacaq? Məsələn, mən getdim öz evimi tikdim, qonşum gəldi evini tikdi və s. Amma bunun üçün şərait yardılmalıdır. 

Yaxud qaçqınların Bakıda evləri var ki, həmin evlərə çıxarış versinlər, satdıqları evin pulunu da gedib orada ev tikələr. Və ya faizsiz kredit versinlər ki, get, evini tik. Bu, bir prosesdir. Qaçqının nə pulu, nə imkanı var ki, özünə şərait qursun? 

Ağdamdan vur-tut 100 min qaçqın var. Onun da olsun 5-10 mininin imkanı. Yerdə qalan ki kasıbdır. Ona görə də bu məslə problemdir”, – əlavə edib.

A. Abbas onu da söyləyib ki, onun bu təklifi müsbət qarşılanmışdı:

“Mən bu təklifi verəndə mindən çox ağdamlı mənə zəng etdi ki, razıyıq. Hətta İqtisad Universitetinin rektoru var, Ədalət Muradov. Onun öz evi Güllücə kəndindədir. Mən onunla danışdım, dedi, mən məmnuniyyətlə, bir ağdamlıya ev tikdirərəm. 

Məsələn, Konstitusiya Məhkəməsində hakim Şahin Rüstəmov var. Onun özü İmamqulubəyli kəndindəndir. O da zəng edib dedi ki, mənim evim yerimdədir, amma Ağdamda imkanı olmayan bir adama ev tikərəm. 

Mənə belə müraciətlər çox oldu. Amma hərə gedib öz istədiyi yerdə nə isə tiksin və s., bu da düz deyil. Baş plana uyğun şərait yaradılmalıdır ki, ev tikilsin. 

Ağdamın kənarında hektarlarla torpaq var ki, oralar da bağ yeridir. Cənab Prezident Ağdama səfərində demişdi ki, həmin yerlərdə ağdamlılar istəsələr kafe, restoran, çayxana, istəsələr də ev tikə bilərlər”.

Millət vəklinin qənaətinə görə, buna vaxt lazımdır:

“30 ilə dağılan yeri 2-3 ilə tikə bilmərik. Ağdam şəhərində 20 minə qədər ev olub, eləcə də ictimai iaşə obyektləri. Təkcə sovetin dövründə Ağdamda 18 dənə tikinti idarəsi vardı. Bundan sonra orada infrastruktur qurulmalı, yol, qaz, su, işıq çəkilməlidir ki, sonra nə isə etmək olsun. 

Yoxsa, mən indi getdim, birdən-birə evimi tikdim, bəs yaxşı, sonrasında işığı, qazı, suyu haradan alacağam? Bunlar problemlərdir və gərək, bunlar təşkil oluna ki, ondan sonra insanlara şərait yaradılsın ki, ev tiksinlər”.

Azad Vətən Partiyasının sədri Akif Nağı isə məsələyə belə münasibət bildirib:

“Ümumi bir fikir bununla bağlı var ki, kim istəyirsə, öz evini tikməyi üçün şərait yaradılsın. Amma indi bunun dəqiq bir yanaşması yoxdur ki, hansı şərtlər daxilində olacaq, öz istədiyi formadamı tikəcək, yoxsa ümumi qaydalara uyğun tikəcək ki, çox fərqlənməsin. Bununla bağlı konkret bir məsələ yoxdur”.

AzVP sədri təklif də verib:

“Ümumiyyətlə, mənim mövqeyim belədir ki, əgər rayon mərkəzlərində hansısa evlər tikilirsə, bunun tez başa gəlməsi üçün dövlət o pulu vətəndaşlara versin ki, hər kəs öz evini tiksin. Mənim belə bir təklifim var. 

Dövlət, həmçinin, bununla prosesi sürətləndirə bilər. Çünki bu qədər evlərin tikilməsi, ancaq dövlətin üzərində olacaqsa, bu, çox vaxt apara bilər. Vaxtın tezləşdirilməsi baxımından, məncə, bu, çox vacib bir məsələdir”.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!