Qarpızla pendiri birlikdə yeyənlər diqqət! - Vacib açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Qarpızla pendiri birlikdə yeyənlər diqqət! - Vacib açıqlama

Sağlamlıq

13 İyul 2026 15:45 119


Yayın ən isti günlərində azərbaycanlıların süfrəsində demək olar ki, dəyişməyən ikili var: soyuq qarpız və duzlu pendir. Bir çox ailədə bu ikili naharı əvəz edir, pikniklərin və dəniz istirahətlərinin ayrılmaz hissəsinə çevrilir. Lakin illərdir insanlar arasında "qarpızla pendiri birlikdə yemək zərərlidir", "həzm sistemini pozur", "mədəni xarab edir" kimi fikirlər dolaşır. 

Bəs bu iddiaların elmi əsası varmı?

"Yeni Sabah" xəbər verir ki, həkimlərin fikrincə, sağlam insanlarda qarpız və pendirin birlikdə istehlakı ümumilikdə təhlükəli hesab edilmir. Əksinə, bu iki qida bir-birini müəyyən mənada tamamlayır. Sezar pizza

Qarpızın tərkibinin təxminən 90 faizdən çoxu sudan ibarətdir.  C və A vitaminləri, kalium, antioksidantlar və likopenlə zəngindir. Duzlu ağ pendir isə zülal, kalsium və yağ mənbəyidir. Qarpızın şirin dadı ilə pendirin duzlu dadının uyğunluğu həm də insanların bu kombinasiyanı sevməsinin əsas səbəblərindən biri hesab edilir.

Dietoloqlar bildirirlər ki, qarpız təkbaşına yeyildikdə qan şəkərinin sürətlə yüksəlməsinə səbəb ola bilər. Lakin yanında zülal və yağ tərkibli pendirin olması qidanın daha yavaş həzm olunmasına kömək edir və toxluq hissini bir qədər uzada bilər.

Bununla yanaşı, hər kəs üçün bu kombinasiya eyni dərəcədə uyğun deyil. Laktoza həssaslığı olan şəxslərdə pendir köp, qaz və həzm narahatlığı yarada bilər. Həzm sistemi xəstəlikləri olan insanlarda isə həm qarpızın yüksək su və lif tərkibi, həm də pendirin yağlı olması narahatlığı artıra bilər.

Mütəxəssislər qeyd edirlər ki, əsas risk qidaların birlikdə yeyilməsində deyil, həddindən artıq miqdarda qəbul edilməsindədir. Bir dəfəyə çox qarpız yemək qarında köp, şişkinlik və narahatlıq yarada bilər. Duzlu pendirin normadan artıq istehlakı isə orqanizmə çox miqdarda natrium daxil olmasına, susuzluğun artmasına və təzyiq problemi olan şəxslər üçün arzuolunmaz nəticələrə səbəb ola bilər.

Şəkərli diabet xəstələri də qarpızı porsiya nəzarəti ilə yeməlidirlər. Pendir qlükozanın yüksəlməsini müəyyən qədər ləngitsə də, bu, qarpızın istənilən miqdarda yeyilə biləcəyi anlamına gəlmir.

Həkimlər qarpızın çox soyuq halda və iri porsiyalarla istehlak edilməsini də tövsiyə etmirlər. Xüsusilə həzm problemi olan insanlarda bu, mədə-bağırsaq narahatlığına səbəb ola bilər.

Mütəxəssislərin ümumi qənaətinə görə, sağlam insanlarda qarpızla pendirin birlikdə yeyilməsi zərərli deyil və bunu qadağan edən elmi sübut yoxdur. Əsas şərt keyfiyyətli məhsul seçmək, porsiya ölçüsünə diqqət etmək və fərdi sağlamlıq vəziyyətini nəzərə almaqdır. Bu səbəbdən yay aylarının ən sevilən ləzzətlərindən biri olan qarpız-pendir tandemi əksər insanlar üçün təhlükəsiz hesab olunur.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!