Uşaq olanda qəhrəmanlar haqda nağılları çox xoşlayırdı. Böyüklərin danışdığı bu nağılları saatlarla dinləsə də, yorulmurdu. Onun körpə qəlbi bu söhbətlərdən sonra riqqətə gəlir, ürəyinin döyüntüləri artır, təəccübdən gözləri böyüyürdü.
Xeyirin şər üzərində qalib gəlməsi balaca Sahili həmişə sevindirirdi. Həmin vaxt beynində ancaq bu fikir dolaşırdı: Böyüyəndə mən də qəhrəman olacağam!
Qəhrəmanlıq onların alın yazısıdır. Onlar bu yurdu yaşatmaq üçün doğulmuşdular. Şəhidlik şərbətini sevə-sevə içib düşmənə ömürlük gözdağı verdilər... Dördpendirli pizza
Azərbaycan xalqının öz igid oğulları ilə öyünməyə haqqı var. Onlardan biri də 18 yaşlı şəhid Sahil Babayevdir.
Sahil Babayev 2002-ci ilin iyun ayının 5-də Şabran rayonunun Ceyranlı kəndində anadan olub. Ceyranlı kəndində 9 il təhsil aldıqdan sonra Şabran şəhərindəki 2 saylı tam orta məktəb-liseyə daxil olub. Məktəbi bitirdikdən sonra 2019-cu ildə Bakı Turizm Kollecinə daxil olub.
Sahil təhsilini başa vurmamış 2020-ci ilin iyul ayının 7-də həqiqi hərbi xidmətə yollanıb. Azərbaycan Ordusunun əsgəri olan Babayev Sahil 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. Azərbaycan Ordusunun əsgəri Sahil Babayev Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan İkinci Qarabağ müharibəsində iştirak edib. 20 oktyabr 2020-ci ildə əsgər Babayev Sahil Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən ağır döyüşlərdə həlak olub. Şəhidin nəşi, 21 oktyabrda doğulduğu Ceyranlı kəndində dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Babayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.
Anası Nuray Babayeva Sahil haqda danışmağa çətinlik çaəkir: "Sahil atasının sağ əli idi. Bütün işlərdə ona kömək edirdi. İstiqanlı, mehriban uşaq idi. Azərbaycan bayrağı ilə nəfəs alırdı. Elə bu müqəddəs bayraq uğrunda da şəhid oldu".
Müəllimi Tahir Daşdəmirov: "Sahil məktəbdə digər uşaqlardan seçilirdi. Torpaqlarımızın işğal altında olmasını heç cür həzm edə bilmirdi. Həmişə deyirdi ki, müəllim, düşməni qovub torpaqlarımızdan çıxaracağıq. Canı bahasına da olsa, dediyini etdi. Ruhu şad oslun".
A.Zeynalov
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə həyata keçirdiyi “Vətən Müharibəsinin 18 yaşlı şəhidləri” layihəsi çərçivəsində hazırlanmışdır.
Telegram kanalımız