“Ramiz Mehdiyevin Heydər Əliyevin əleyhinə yazdığı materialları qarşıma qoydu” 
07 İyl 2020 16:00
5893

“Ramiz Mehdiyevin Heydər Əliyevin əleyhinə yazdığı materialları qarşıma qoydu” 

YAP-ın qurucularından biri olan tanınmış ictimai xadim, sabiq deputat Maksim Musayev Moderator.az-a müsahibəsində   Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev haqda gözlənilməz fikirlər səsləndirib. “Yeni Sabah” həmin müsahibəni təqdim edir:

- Maksim müəllim, sizin akademik Ramiz Mehdiyev haqqında mediaya son açıqlamalarınız cəmiyyətdə çox həssaslıqla qarşılanıb.  Və hamıda təbii sual yaranır: necə olur ki, vaxtilə həm sovet dövründə, həm müstəqilliyimizin ilk onilliklərində Heydər Əliyevin ən yaxın silahdaşlarından, ideoloqlarından sayılan bu şəxs haqqında YAP-ın sizin kimi qurucuları tərəfindən də mənfi fikirlər səslənməyə başlayıb?..

- Onun haqqında  məndə informasiyalar çoxdur… Bu məlumatı ilk dəfə sizin sayta açıqlayıram. Cəmiyyət bunu da bilməlidir ki, Ramiz Mehdiyev vaxtilə Yeni Azərbaycan Partiyasının yaradılmasının əleyhinə olub...  

Səhv etmirəmsə, 1992-ci ilin iyun ayı idi. O dövrdə, səhv etmirəmsə, Elmlər Akademiyasında şöbə müdiri  işləyən Ramiz Mehdiyev ilk özəklərini yaratmağa çalışdığımız Yeni Azərbaycan  Partiyasına qoşulmaqdan imtina edirdi. Özü də elə ilk günlərdən biz həmin partiyanın  lideri kimi Heydər Əliyevi görmək istəyirdik. Təşəbbüs qrupu mənim  Ramiz Mehdiyevlə görüşüb söhbət etməyimi məsləhət gördü. Çünki mən onunla Azərbaycan komsomolunun mərkəzi komitəsində də, partiyanın mərkəzi komitəsində də birgə işləmişdik... İki dəfə onunla görüşüb söhbət etsəm də, o  YAP-ın təəssübkeşi olmağa razılıq vermədi.  Sözün düzü,  nə “hə” dedi, nə “yox”... Çünki özü partiya yaratmağa çalışırdı, amma alınmırdı. Bizim təbliğ etdiyimiz, tanıdığım iki nəfəri də cəlb etmişdi... Bu yaxınlarda, artıq Ramiz Mehdiyev vəzifəsindən azad olunandan sonra həmin adamlardan  biri məndən soruşdu ki, onunla partiya yaratmaq istədiyimi kiməsə deməmisən... 

- Ramiz Mehdiyev partiyasının adını nə qoymuşdu?..

- Hələ heç bir   ad qoymamışdı... Çünki  nə qədər əlləşsə də, ətrafına heç 5-10 sanballı  adam toplaya bilməmişdi. Açığını desək, həmin vaxt  təşəbbüs qrupunu yaratmaq bizim üçün də çətin oldu. Amma sonda o vaxtkı qanunlara uyğun olaraq 1000 nəfərdən ibarət təşəbbüs qrupu yarada bildik...

Deməli, biz təşəbbüs qrupuna cəlb etmək üçün fərdi qaydada hər birimiz bir neçə nəfərlə söhbət  edirdik. Ertəsi gün məlum olurdu ki,  həmin adamlardan biri gəlmir. Soruşurdun ki, niyə gəlmirsən, cavab verirdi ki, fikrimi dəyişdim, başqa bir partiya var- onunla işləyəcəm. Axırda məlum olurdu ki, söhbət Ramiz Mehdiyevin qurmaq istədiyi partiyadan gedir...

- O, başqa vasitələrlə də mane olmağa çalışırdı YAP-ı yaratmağa?

-  Xeyr, başqa cür  maneə yaratmağa cəsarət etmədi...  Onu deyim ki, Ramiz Mehdiyev mənimlə görüşməyə də ehtiyat edirdi... O vaxt mən zəng edəndə dedi ki,  təhlükəsizlik qurumları bizi kabinetdə də, telefon vasitəsilə də dinləyirlər – başqa bir etibarlı yer tap, orada görüşək. Mən də məcbur olub onu apardım “8-ci kilometr”də yaşayan bir qohumumun evinə... Bunları rəhmətlik Sirus Təbrizliyə danışırdım, o qədər gülürdü...  Di gəl ki, vəzifəyə gəldikdən sonra R.Mehdiyevin hökmü çox böyük idi. Elə hallar olurdu ki, onu aşağılar da, yuxarılar da canla-başla eşidirdi... Onun sinəsinə ki,  o xarici ölkənin ordeni vuruldu, ondan sonra belə nüfuza yiyələndi... Hələ əvvəlki açıqlamamda mən R.Mehdiyev haqqında çox şeyləri demədim... Yalnız onu komsomola təqdim edənin soyadını dedim. Bu da çox şeyi aşkarlayır.... 

Mənə çox təşəkkür zəngləri olur. Ramiz Mehdiyevin “vurduğu” o qədər adamlar var ki, belə yazıları oxuyanda ürəklərindən tikan çıxır...

- Yeri gəlmişkən,  YAP-ın ən fəal qurucularından biri olan Sirus Təbrizli sağ olsaydı, Ramiz Mehdiyev haqda nələr deyərdi?..

- Sirus... Əşşi, nələr deməzdi... Vəzifədə ola-ola Sirus ona lağ edirdi, istehza edirdi... Hələ bir neçə dəfə  onu qınayırdım ki, a kişi,  daha bu dərəcədə də lazım deyil... O da məni eşidib, bir az “tormoz”u basırdı... Onu deyim ki, Sirus bizdən də ayıq və məlumatlı idi... Çünki həm YAP-da müavin idi.... Həm də Prezidentin – Heydər Əliyevin yannda tez-tez olurdu, Prezident onu ləngitmədən qəbul edirdi...Odur ki,  ölkədəki, dövlət, hökumət içindəki situasiyadan kifayət qədər xəbərdar idi... Hələ bircə dəfə də görmədim ki, rəhmətlik Sirus R. Mehdiyev haqda nəsə müsbət bir fikir söyləsin... Amma düzü, aralarında nə, hansı haqq-hesab olub-olmadığını bilmirdim...

- “91”-lərdən  konkret kimləri vurmuşdu “boz kardinal”?..

-  O, demək olar ki, bütövlükdə YAP-ı “vurdu”, onun ideya və prinsiplərini alt-üst elədi... Onun  o qədər incə və həssas “mübarizə” metodikası vardı ki, bunu hər adam anlamazdı.  Və onun iç üzünü açmaq da çox çətindir... 

- Sizin dediklərinizdən həm də belə çıxır ki, Ramiz Mehdiyev partiya yaratmaq istəyirdisə, deməli, Azərbaycanda özü  birbaşa hakimiyyətə gəlmək niyyəti güdürdü?

- Bilirsiz, o, bunu istəsə də, bunun üçün onun potensialı, qabiliyyəti yox idi. O, düzgün nitq qabiliyyətinə də malik deyil.... Onun müəyyən qədər yazmaq qabiliyyəti olsa da, səlist danışıq qabiliyyəti yoxdur... Yazmağını da o vaxtdan bilirəm ki,  hələ Vəzirovun dövründə Heydər Əliyevin əleyhinə yazdığı materialları görmüşəm. O zaman Vəzirov məni də  kabinetinə çağırıb belə yazılar yazmağa məcbur etmək istəyirdi. Lakin qəti şəkildə imtina edəndə, o vaxt məşhur rəhbər işçilərdən olan İsa Məmmədovla yanaşı, Ramiz Mehdiyevin də Heydər Əliyev əleyhinə yazdığı materialları qarşıma qoydu.  Vəzirov dedi ki, sən nə “partizanlıq” edirsən,  görürsən, bunlar necə yazır, sən niyə yazmırsan?..

Eyni zamanda R. Mehdiyev 1987-ci ildə  Heydər Əliyev partiyanın Siyasi Bürodan çıxarılandan sonra keçirilmiş   plenumda onun əleyhinə çıxışı da çoxlarının yadındadır... Lazım olsa,  onu arxivdən çıxarmaq da olar...

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər