Regionlarda yaşayan şəhid ailələri və müharibə əlilləri mənzillə təmin olunur

saytların hazırlanması

Evə çatdırılma

Regionlarda yaşayan şəhid ailələri və müharibə əlilləri mənzillə təmin olunur

Sosial

09 İyul 2023 14:50 881


Azərbaycanda aztəminatlı təbəqənin, xüsusilə şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi həmişə diqqət mərkəzində olub. Həssas təbəqə hesab olunan bu kateqoriyaya daxil olan insanların problemləri təkcə dövlət qurumlarını deyil, ictimaiyyəti də yaxından maraqlandırır. Çünki Azərbaycan xalqının onlara vəfa borcu var. 

Qeyd etmək lazımdır ki, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin həlli ilə bağlı silsilə addımlar atılıb, müvafiq sərəncam və fərmanlar imzalanıb.

Müharibədən dərhal sonra bu təbəqəyə aid olan insanların sosial şəraitinin yaxşılaşdırılması sitiqamətində addımlar atıldı. Dövlət şəhid ailələrinin və müharibə əlillərinin sosial problemlərini kompleks şəkildə həll edir. Bu sırada ilk yerdə onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması dayanır.  Dördpendirli pizza

Qeyd edək ki, iyulun 6-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı, Abşeron, Gəncə, Bərdə, Beyləqan, Oğuz, Qazax, Saatlı, Salyan, Tovuz, Ucar, Zaqatala, Bərdə, Xaçmaz, Şabran şəhər və rayonlarında şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 140 mənzil və fərdi ev təqdim edilib.

MİDA-nın Gəncə şəhərindəki yaşayış kompleksindən mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev iştirak ediblər.

Vüsal Nəsirli bildirib ki, Azərbaycanda şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olanların mənzillə təminatı proqramına bu il 100 illiyini qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə ötən əsrin 90-cı illərində başlanıb və bu proqram ildən-ilə uğurla davam etdirilir.

Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatı proqramı 5 dəfə genişlənib. Bu gün də 15 şəhər və rayonda daha 140 mənzil/fərdi ev verilir.

Bildirilib ki, postmüharibə dövründə 5 000, bu il 500, ümumilikdə ötən dövrdə 13 800 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.

Eyni zamanda, ölkə Prezidentinin Sərəncamı ilə 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanların da mənzillə təminatı həyata keçirilir. 

“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli layihənin işçi qrupu ilə söhbət zamanı bu istiqamətdə görülən işləri müsbət qiymətləndirib. E.Həsənli qeyd edib ki, şəhid ailələri və müharibə əllilərinin mənzillərlə, evlərlə təmin edilməsi təqdirəlayiq haldır və onlara verilən dəstək bununla məhdudlaşmır: "Şəhid ailələrinin və müharibə əlillərinin övladları universitetlərə qəbul olduqda belə onların təhsil haqqı dövlət tərəfindən ödənilir. Həmin kateqoriyadan olanların övladlarının asudə vaxtlarının təşkili üçün dövlət müxtəlif proqramlar həyata keçirir. Müharibə əlilləri özünüməşğulluq proqramlarına cəlb olunur. Müharibə əlillərinə ən müasir protezlər verilir, onlar müalicə almaq üçün dünyanın ən müasir xəstəxanalarına göndərilirlər, sağlamlıqlarının bərpası istiqamətində də xeyli addımlar atılır. Sevindirici haldır ki, təkcə paytaxtda deyil, regionlarda yaşayan şəhid ailələri və müharibə əlilləri də bu qayğı ilə əhatə olunub". 

A.Zeynalov

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Regionlarda yaşayan şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin həllinə dəstəyin göstərilməsi, tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanmışdır. 

Məqalənin məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!