İctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların nağdsız dövriyyəsinə 2026-cı ildən ƏDV güzəşti tətbiq edilir.
“Yeni Sabah” xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, 2026-cı il yanvarın 1-dən Vergi Məcəlləsinin 174.5-ci maddəsinə edilmiş dəyişikliyə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin əhaliyə göstərdikləri xidmətlər üzrə POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlər əsasında formalaşan dövriyyənin 50 faizi 3 il müddətinə vergi tutulan ümumi dövriyyədən çıxılır.
Nağdsız ödənişlər nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə həyata keçirilməlidir. Toyuqlu pizza
Məsələn, ƏDV qeydiyyatında olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın 2026-cı ilin yanvar ayında ümumi dövriyyəsi 80 min manat, bunun 30 min manatı isə POS-terminal vasitəsilə aparılan nağdsız ödənişlərdən formalaşıb.
Bu halda 30 min manatlıq nağdsız dövriyyənin 50 faizi, yəni 15 min manat vergi tutulan ümumi dövriyyədən çıxılır. Nəticədə 65 min manatlıq dövriyyə ƏDV-yə cəlb olunur.
18 faiz ƏDV dərəcəsi tətbiq edildikdə, hesablanan ƏDV məbləği 11 min 700 manat təşkil edir.
Dövlət Vergi Xidmətindən həmçinin bildirilib ki, Vergi Məcəlləsinin 102.1.41-ci maddəsinə əsasən, ictimai iaşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən ƏDV məbləğinin azaldılmasından əldə edilən gəlirlər gəlir vergisindən azaddır.
Beləliklə, nümunədə sahibkara tətbiq olunan ƏDV güzəşti 15 min manatlıq dövriyyə üzrə hesablanır və həmin məbləğ vergi tutulan dövriyyədən çıxılır.
Aytac Əliyeva
Telegram kanalımız