Ötən həftə “Yeni Sabah” “Azərbaycanda kafe və restoranlarda müştəriləri belə soyurlar: Ağlasığmaz üsullar” başlıqlı araşdırma materialı dərc etmişdi.
Həmin yazıda bəzi restoranlarda müştərilərin aldadıldığı, restoranlar arasında eyni xidmətlərin qiymətlərinin kəskin fərqləndiyi bildirilirdi. Yazıda problemlərlə bağlı “Yeni Sabah” İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edib.
Qurum restoranlarda qiymətlərin bahalığı haqda suala aşağıdakı kimi cavab verib: Sezar pizza
“Bununla əlaqədar bildiririk ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən sahibkarlar Azərbaycan Respublikasının qanunvericiliyinə əməl etməklə öz malları (məhsulları, işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyənləşdirmək hüququna malikdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı” təsdiq edilib. İctimai iaşə xidmətlərinin qiymətləri həmin siyahıya daxil edilmədiyi üçün onun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır. İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə mal və xidmətlər təklif olunur. Mövcud qanunvericiliyə əsasən istehlakçı onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı və ya xidməti öz ehtiyacına və zövqünə görə sərbəst seçə bilər”.
“Yeni Sabah”ın digər sualı isə yeməklərin keyfiyyəti və çəkisi ilə bağlı olub. Belə ki, müştərilərə verilən yeməklərin miqdarı bəzən nəzərdə tutulan normadan az olur. Məsələn, bir restoran/kafedə bir pay kababın çəkisi 300 qram, başqasında 150 qram və daha aşağı olur. Bu sahədə restoran/kafelər üçün hansısa standartlar, normalar varmı? Bu məsələyə dövlət qurumu nəzarət edirmi?
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti suala aşağıdakı kimi cavab verib:
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən satıcı istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin miqdarı, çəkisi və ölçüsü), əldə edilməsi şərtləri, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən ictimai iaşə obyektlərində göstərilən xidmətlərin siyahısı icraçı tərəfindən sərbəst müəyyən edilir. Göstərilən xidmətləri düzgün seçə bilməsi üçün istehlakçının tələbi ilə icraçı ona xidmətlərin siyahısı və icra şərtləri, xidmətlərin qiymətləri və ödəniş şərtləri, təklif olunan iaşə məhsullarının firma adı və tərkibi, təklif olunan xörəklərin, alkoqollu və sərinləşdirici içkilərin pay həcmləri və qiymətləri barədə məlumatları verməlidir. Müştərilər ictimai iaşə obyektlərində qeyd edilən məsələlərlə bağlı hər hansı qanun pozuntusu müəyyən etdikləri zaman Xidmətə müraciət edə bilər. Qeyd edək ki, yeməklərin keyfiyyəti ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə müraciət etməyiniz tövsiyə olunur”.
Nəsimi Ələsgərli
Telegram kanalımız