“Azərbaycanda saatlıq əmək haqqı sisteminə keçid ciddi dəyişiklik yaratmayacaq”.
Bunu “Yeni Sabah”a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, əksər ölkələrdə saatlıq əmək haqqı sistemi tətbiq olunur:
“Azərbaycanda isə əsasən aylıq minimum əmək haqqı sistemi mövcuddur. Hazırda minimum əmək haqqı təxminən 400 manatdır və ixtisas tələb etməyən işçi ay ərzində hər gün 8 saat işlədikdə bu məbləğdən aşağı əmək haqqı ala bilməz”.
S.Məmmədov qeyd edib ki, aylıq minimum əmək haqqını təxminən 167 saatlıq iş vaxtına böləndə saatlıq tarifin kifayət qədər aşağı olduğu görünür.
“Buna görə də saatlıq sistemə keçid mahiyyət etibarilə böyük dəyişiklik yaratmaya bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə müəyyən işlər aparır. Ümumi yanaşma ondan ibarətdir ki, həm aylıq, həm də saatlıq əmək haqqı sistemləri paralel şəkildə mövcud ola bilər”.
Sahib Məmmədov əlavə edib ki, minimum əmək haqqı artdıqca saatlıq tariflər də müvafiq olaraq artacaq. İş vaxtından artıq görülən işlər, natamam iş vaxtı ilə çalışanlar və s. məsələlər artıq mövcud qanunvericiliklə tənzimlənir və bu qaydalar dəyişməz qalacaq.
O vurğulayıb ki, əmək haqqı sistemində prinsipial dəyişiklik gözlənilmir:
“Məsələn, hazırda 1000 və ya 1500 manat maaş alan işçinin gəliri saatlıq sistemə keçid nəticəsində dəyişməyəcək. Bu dəyişiklik daha çox hesablanma formasına təsir edəcək, real gəlirlərə isə ciddi təsir olmayacaq”.
Aytəkin Əzizqızı
Telegram kanalımız