“Köhnə binaların satış qiyməti lazım olduğundan qat-qat bahadır. Burada söhbət istismar müddətini bitirmiş, 70-ci illərdən əvvəl tikilmiş binalardan gedir, hansı ki, onların istismar müddəti 50 ildir. Həmin binaların istismar müddəti artıq 50 ili ötüb və sökülməlidir”.
Bu sözləri Yenisabah.az-a əmlak eksperti Elnur Fərzəliyev deyib. O, Bakıda istismar müddətini bitirmiş binaların dəyərindən qat-qat baha satıldığını bildirib:
“İstismar müddətini bitirmiş binaların bir hissəsi qəzalı vəziyyətdədir. Bu da binalara edilən əlavə artırmalar, zirzəmilərin su basması yaxud zirzəmilərin qazılaraq qeyri-yaşayış obyektinə çevrilməsi ilə əlaqədardır ki, artıq binaları qəzalı vəziyyətə gətirib çıxarıb. Həmin binalarda qiymət artımı ilbəil baş verirdi, lakin son üç-dörd ayda kəskin artmalar baş verdi. Bakının Yasamal rayonu, "İnşaatçılar" metrostansiyasının ətrafında yerləşən “Xruşşovka” layihəli binalara nəzər salsaq görərik ki, 1 otaqlı mənzil ötən il təxminən 60 min civarında idisə, hal-hazırda 75 minə satılır, 2 otaqlı mənzillər ötən il 75-80 min manat idisə, indi 90-100 min manat arası satılır və qiymətlər bu cür artan xətt üzrə gedir”. pizza mizza
Ekspertin sözlərinə görə, artıq şirkətlər köhnə binaların sökülərək yerində yeni bina tikilməsində maraqlı deyillər:
“2016-cı ildə Nazirlər Kabinetinin köhnə binaların sökülərək yeniləri ilə əvəzlənməsi ilə bağlı 86 saylı sərəncamı oldu. Çox sayda bina da mərhələli şəkildə söküldü və yerində yeni binalar tikildi. Bu zaman yeni bina tikilənə qədər mənzil sahibinə 2 il kirayə haqqı verilir və ona verilən mənzil köhnə mənzilindən daha bahadır. Bu vətəndaş üçün əlverişlidir. Amma 2018-ci ildən sonra tikintilərlə bağlı qaydalar dəyişdi, səlahiyyət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verildi. Ondan əvvəl İcra Hakimiyyətləri də sərəncam verə bilirdi. Artıq normativlər sərtləşdi, əvvəlki kimi pərakəndə şəkildə, harada gəldi tikinti işlərinin aparılmasına icazə verilmir. Bundan sonra özəl tikinti şirkətlərinin buna marağı azaldı. Digər bir tərəfdən şirkətlərin sakinlərlə qalmaqalları çox olur. Bina sökülən zaman sakinlərin bir hissəsi çıxır, qalanı çıxmır, daha çox pul tələb edir və s. Bu da tikinti şirkətlərinə maddi olaraq böyük zərər vurur”.
Ekspert əmlak bazarında son bir neçə ayda müşahidə olunan qiymət artımının bir neçə səbəbinin olduğunu vurğulayıb:
“Qiymətlər son aylarda kəskin artmağa başlayıb. Buna əsas səbəb kirayə qiymətlərinin artması oldu. Vətəndaşlar mənzili alıb baha qiymətə kirayə verə bilirlər. Rusiya-Ukrayna müharibəsi səbəbindən ölkəmizə gələn çox sayda həmyerlilərimiz var, onların da böyük hissəsi Rusiya vətəndaşıdır. Xarici vətəndaşların Azərbaycanda əmlak alması üçün mütləq şəkildə həmin əmlakın çıxarışı (kupçası) olmalıdır. Köhnə binalarda da kupça olduğuna görə onlara böyük tələbat var və belə qiymət artımları baş verir. Bu qiymət artımları süni artımdır. Yeni tikili binalarda qiymət artımı təbii yolla gedir, çünki tikinti materiallarının qiymətlərində də bahalaşma var. Amma köhnə binalara bunun aidiyyatı yoxdur. Dünya təcrübəsinə baxsaq görərik ki, istismar müddəti bitmiş binaların satış qiyməti normal şərtlərdən 50 faizə qədər aşağı təklif edilir. İndi satılan, istismar müddəti bitmiş binanın qiyməti digərinə nisbətdə 50 faiz ucuz satılmalıdır. Vətəndaşlar bilirlər ki, o binaların istismar müddəti bitib, qəzalıdır, amma yenə də bu qədər pul verib o mənzilləri alırlar. Sabah hansısa təbii fəlakət baş verərsə, təbii ki, o binaların uçması qaçılmazdır. 11 minə qədər istismar müddəti bitmiş binalar var, onların 100-dən artığı Fövqəladə hallar Nazirliyi tərəfindən qəzalı kimi qeydə alınıb. Bu da sorğu əsasında aparılmış monitorinq nəticəsində bəlli olub, amma kütləvi şəkildə binalarda yoxlama aparsalar bu say qat-qat çox olacaq”.
E.Fərzəliyev bildirib ki, əmlak bazarında bu cür kəskin artım zaman-zaman olub və sonradan qiymətlər enib:
“Qiymətlərin düşməsi isə gözləniləndir. Bu tip hallar əmlak bazarında çox olub. 2000-ci illərin əvvəllərində, 2008-ci ildə, 2016-cı ildə qiymətlər belə pik həddə qədər qalxdı və sonra kəskin şəkildə düşməyə başladı. Bu gün əmlak bazarında qiymətlərin artmasına səbəb yoxdur. Desək ki, insanların əmək haqqları artıb ona görədir, yox. İnsanların aldığı məvacib bəs eləmir ki, onlar pullarını toplayıb 1 otaqlı mənzil ala bilsinlər. Ölkəyə kütləvi şəkildə pul axını da yoxdur. Qiymətlər süni şəkildə artırılır. Zamanla tələbə yataqxanaları tikilərsə, universitetlər rayonlara köçürülərsə, kirayə evlərə tələbat azalarsa, qiymətlər də enəcək. Yenə deyirəm, dəfələrlə əmlak bazarında bu cür artımlar olub, sonra qəfil enməyə başlayıb”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız