“Separatçıların məhkəməsində onların müdafiəsi ilə bağlı elə məsələlər var ki, burada peşəkarlığı kənara qoymaq olur. Alov Səfərəliyev dostumuzdur, böyük hörmətim var ona. Alov bəy Milli Azadlıq Hərəkatında, döyüşlərdə iştirak etmiş şəxsdir və onun məhkəmədə Araik Arutyunyanı müdafiə etməsi normaldır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında tanınmış vəkil Mehman Muradlı deyib.
O, Qarabağ separatçılarının müdafiəsi bağlı təklif alacağı təqdirdə, məlum məhkəmə prosesində iştirak edib-etməyəcəyi ilə bağlı verilən sualları cavablandırıb.
M.Muradlı əlavə edib ki, bu məsələyə münasibətlər fərqlidir:
“Mən özümü götürürəm, əgər bizə belə bir təyinat gəlsəydi, qanunvericiliyin tələbinə uyğun olaraq bu şəxsləri hansısa bir vəkillə təmin edərdim. Yəqin növbətçilik cədvəli ilə bu təyinat Alov bəyin üzərinə düşüb”.
Vəkil hesab edir ki, A.Səfərəliyev qanunvericiliyin tələbindən kənara çıxacaq hüquqşünas deyil:
“Çünki burada söhbət sırf müdafiə hüququndan gedir ki, Alov bəy də bundan kənara çıxmaz. O, peşəkar vəkildir və bu baxımdan, Azərbaycan qanunvericiliyi və Azərbaycanın qoşulduğu konvensiyalar baxımından bu işi aparacaq. Saxlanılan şəxslərin vəkillə təmin olunması məsələsi Avropa İnsan Haqları Məhkəməsinin əsas prioritet məsələlərindən biridir. Müdafiə hüququ əsas məsələdir və biz özümüz də çox vaxt bu qərardan istifadə edirik. Çünki bizə olan müraciətlərin çoxu müdafiə hüququnun pozulması işləri ilə bağlı olur. Əgər müdafiədə şəxsin hüququ pozulursa, işin nəticəsi bəraət qazanmaqdır”.
Müsahibimizə görə, burada istintaqçıların üzərinə çox böyük məsuliyyət düşür ki, bu adamların müdafiə hüquqları pozulmasın:
“Əslinə qalsa, mən onlara separatçı yox, terrorçu deyərdim. Çox güman ki, bu adamların işləri gələcəkdə Avropa İnsan Haqları Məhkəməsinə gedib çıxacaq. Ona görə də məhkəmə prosesi elə bir formada aparılmalıdır ki, iş Avropa İnsan Haqları Məhkəməsinə gedib çıxarsa, bu məhkəmə işi qəbul etməsin. Hazırda separatçıların müdafiəsi ilə bağlı hansısa bir pozuntu yoxdur. Pozuntu müəyyən edilməyibsə, Avropa İnsan Haqları Məhkəməsi onların işlərini götürməyəcək”.
“O ki qaldı mənim bu proseslərdə iştirakıma, mənə onlardan birinin müdafiəsi ilə bağlı təklif gəlsə, qəbul etmərəm. Mən əslən Tərtərdənəm və Birinci Qarabağ müharibəsində iştirak etmişəm. Bu dövlət və millət baxımından başqa məsələdir, amma burada özümə dəyən psixoloji zərbələr var. Tərtər raket atəşinə tutulanda qonşularım həlak olub, tələbə yoldaşlarımdan döyüşdə iştirak edib və şəhid olanlar da var. Bu məsələləri götürəndə mən bu psixoloji yükü qaldıra biləcək gücdə deyiləm. Mənim bu hərəkətim dövlətə ziyan gətirə bilər deyə, bu məsələdə imtinanı daha üstün tutardım”, - fikirlərini tamamlayıb.
Rafi MÜSLÜMOV
Telegram kanalımız