25 Sentyabr - 05:20
“Şəhid ailəsi, qazi qayğıya görə kiməsə minnətdar olmamalıdır”

“Şəhid ailəsi, qazi qayğıya görə kiməsə minnətdar olmamalıdır”

Sosial

22 Sentyabr 2022 15:18 470


Qarabağ münaqişəsini araşdıran jurnalist Asəf Quliyevlə müsahibə: 

- Asəf müəllim, siz şəhid ailələri və müharibə əlilləriylə ən çox ünsiyyətdə olan jurnalistlərdənsiniz. Sizcə, media şəhid ailələri və müharibə əlillərinin sosial problemlərini yetərincə işıqlandırırmı? 

- Düzünü bilmək istəyirsinirsinizsə, bəli! Azərbaycan Kütləvi İnformasiya Vasitələri və sosial media kimi həyatımıza artıq daxil olmuş reallıqda şəhid ailələrinin və qazilərin problemləri yetərincə işqlandırılır. Amma bunu az hesab edirlər. Və bu yanaşmanın da səbəbi var. 

- Nədir səbəb?

- Səbəb problemlərin çoxluğu. 

- Şəhid ailələri və müharibə əlillərinin problemlərini sadalaya bilərsinizmi? Sizcə, hansı problemlər dərhal həllini gözləyir? 

- Azərbayacn cəmiyyətində hansı problemlər varsa həmin problemlər şəhid ailələri üçün, qazilər üçün də var. Məsələ ondadır ki, Azərbaycan cəmiyyəti hesab edir ki, Vətənin azadlığı üçün qan tökən, doğmalarını itirən insanlar mövcud problemlərdən əziyyət çəkməməlidir. Yəni onlara güzəştlər olunmalıdır, hər yerdə qayğı ilə əhatə olunmalıdırlar və sairə. Və çox təəssüf ki, bu qayğı və diqqət olamyanda çox mənfi emosiyalar yaradır. 

Bu gün mənzil problemi, iş problemi, və digər sosial problemləri bir-birindən ayırmaq olmaz. Birinin işi var evi yoxdu, o birinin evi var, işi yoxdu. Yəni bunu müəyyənləşdirmək çətindir və bu məsələdə 100 faiz obyektiv olmaq mümkün deyil. Ən ciddi problem sistemli yanaşmanı təmin etməkdir. Bu təmin olunmasa problemlər də qalacaq, narazılıqlar da. 

- Sistemi yanaşma deyəndə nəyi nəzrdə tutursunuz?

-Bu gün Azərbaycan dövləti şəhid ailələrinin, qazilərin problemlərinin həllini tapması üçün kifayət qədər vəsait də ayırır, dövlət başçısı dəfələrlə bununla bağlı şifahi tapşırıqlar da verir, amma situasiyada dəyişiklik hiss olunmur. Və yaxud da hansısa şəhid ailəsi və ya qazi hər cür qayğı və diqqətlə əhatə olunur, amma Vətən müharibəsindən sonra xeyli sayda qazi özünə qəsd edib. Bu təzadın səbəbi nədir? 

- Nədir?

- Sistemli yanaşmanın olmaması. Sistemli yanaşma qanunvericilik bazası və onu yerinə yetirən icra strukturu tandemidir. Qanunvericilikdə müəyyən çatışmazlıqlar mövcuddur. İcra strukturlarında işləyən məmurlar hamısı eyni xarakterdə deyil. Və onalrın səlahiyyət həddi var. Bu həddi keçə bilmirlər. Nİyə axı hansısa icra strukturu rəhbəri hansısa qaziyə və ya şəhid ailəsinə öz vəsaiti ilə nəsə etməlidir. Hardandır bu vəsait onda? Belə onalda həmin qazi və ya şəhid ailəsi o icra strukturu rəhbərinin yanında gözü kölgəli olur. Yəqin təsadüf etmişiniz hansısa məmuru tənqid edən kimi dərhal şəhid ailələrini, qaziləri toplayıb özlərini təriflədirlər. Sistemli yanaşma olsa bunlar olmaz. Şəhid ailəsi, qazi qayğıya görə kiməsə minnətdar olmamalıdır. Bu yerdə bir məsələni də qeyd edim. Bəzi hallarda bu kateqoriyadan olan insanlar qanunsuz nəsə tələb edirlər. Sistemli  yanaşma olsa bu tələblər də olmaz. Qazi olduğu üçün heç kimə yol hərəkəti qaydalarını pozmaq icazəsi verilməyib, və yaxud da hansısa qaziyə qanunsuz tikinti aparmağa səlahiyyəti verilməyib. Qanun qarşısnda hamı bərabərdir. 

- Belə bir təklif  var ki, şəhid və müharibə əlillərinin sosial problemlərini həll etmək üçün ayrıca bir dövlət qurumu yaradılmalıdır. Sizcə, yeni qurum köhnə problemləri tamamilə həll edə biləcək? 

-Yanilmiramsa, bu təklifləri qazilər irəli sürüb. Və hesab edirəm ki, bu işin xeyrinə olardı. Amma bayaq qeyd etdiyim ki, mtləq qanunvericilik bazası da yenilənməlidir. Bəlkə də bu kateqoriyadan olan insanlar haqqında ayrıca bir qanuna ehtiyac var. O qanunda göstərmək olar ki, bu qanun digər müxtəlif qanunlardan daha üstündür. Təbii ki, bəzilərindən. Yəni digər qanunlar və məcəllələr bu qanuna uyğunlaşdırılmalıdr. Yeni yaradılacaq komitə də bu qanunun icrası ilə məşğul olmalıdr.  

- Sözügedən kateqoriyanın sosial vəziyyətinin yaxşılaşdırılması üçün müxtəlif təkliflər səsləndirilir. Bu barədə siz nə düşünürsünüz? 

- Mən əslində şəhid ailələrinə və qazilərə yanaşmada yaranmış son tendensiyaları düz hesab etmirəm. Bu daha çox onların mənzillə təmin olunması məsələsində özünü göstərir. Bu kateqoriyadan olan insanlar üçün ayrıca binaların tikilməsi fikrimcə düz deyil. Biz sanki onları digər insanlardan təcrid etmiş oluruq. Əksinə, o insanlar cəmiyyətin digər sosial təbəqələri ilə əhatə olunmalı və öz həyatlarını yaşamalıdır. 

Bəzən deyirlər ki, filan muzeyə, ya da hansısa başqa bir məkana girişdə şəhid ailələri üçün güzəşt var. Məncə bu düz deyil. Şəhid ailəsinin təminatı o səviyyədə olmalıdır ki, o hansısa muzeyə girişdə 5 manata verməmək üçün vəsiqəsini təqdim etməsin. Bilirsiniz, biri var qonşuda, qohumda bu kateqoriyadan insan var, siz onu tanıyırsınız və hörmətlə yanaşırsınız. Bir də var ki, şəhid anası hansısa çətin situasiyaya düşsün və desin ki, mən şəhid anasıyam. Şəxsən mən şəhid anasının, şəhid xanımının, şəhid balasının çətinə düşəndə özünü təqdim etməsini görəndə çox məyus oluram. Axı onlar şəhid olub ki, heç bir Azərbaycan vətəndaşı çətin duruma düşməsin... 

Ə.Məhəmmədoğlu

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!