YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Şəhid ailəsinə ayrılan müavinət tam həcmdə uşaqlara verilsin  - Təklif

Şəhid ailəsinə ayrılan müavinət tam həcmdə uşaqlara verilsin - Təklif

Sosial

20 Sentyabr 2022 12:25 1429


Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi dövlətin həyata keçirdiyi sosial siyasət kursunun prioritet istiqamətidir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin həlli ilə bağlı silsilə addımlar atılıb, müvafiq sərəncam və fərmanlar imzalanıb. 

Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, 44 günlük Vətən müharibəsində 3000-ə yaxın döyüşçümüz şəhid olub.

Azərbaycan dövləti şəhid ailəsinin üzvlərinin sosial vəziyyətini daim diqqət mərkəzində saxlayır. 

Şəhid ailələri üçün çoxlu sayda sosial təminatlar nəzərdə tutulub. Buna baxmayaraq, bəzi problemlər hələ də öz həllini tapmayıb.

Şəhid övladı, gənc politoloq Nahid Aslansoy xatırladıb ki, şəhid ailəsi statusuna ailəsi - yəni şəhidin atası, anası, həyat yoldaşı və 18 yaşına qədər övladları malikdir: “Əslində, 18 yaşından sonra da hər bir gəncin dövlət qayğısına və dəstəyinə ehtiyacı var. Aidiyyatı qrumlardan məsələnin gündəmə gətirilməsi xahiş olunur. Deputatlara da mövzunun həllinin araşdırılması və həll olunması üçün təkliflərimi vermişəm. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin də sözügedən mövzuda göstərişi var. Şəhid ailələrinə qayğı və diqqət göstərilsin. Şəhid övladları himayəsiz qalmamalıdır”. 

N.Aslansoy deyib ki, şəhidin adından qardaşı, bacısı yetərincə istifadə edə bilir. Növbə övladına çatdıqda isə Dövlət Məşğulluq Agentliyi laqeyd yanaşır: “Övlad 18 yaşı keçdikdən sonra atası dəyişir? Həmən insandır də onun atası. Gənc övlad həyatın dolanbac yollarında atasından alacağı dəstəyi dövlətdən almalıdır. Atası qalsaydı, övladı üçün şərait qurardı. Onun atası dövlətdir, şəraiti də dövlət yaratmalıdır. 

Bəzi hallarda şəhidin övladları birinci dərəcəli qohumluq əlaqəsi olsa da imtiyazlardan və statusdan kənarda qalır. Şəhid övladının atasının adından istifadə etmək hüququ olmalıdır. Qanunlarda boşluq var. Şəhid övladlarının bu kimi məsələlərdə problem yaşamaması üçün yeni qanun layihəsi hazırlanmalıdır. Düzdür, ödənişsiz təhsil hüququ var, ancaq iş təminatı yoxdur. 

İş və ev təminatı, vərəsəlik hüququnun tanınması həll olunması vacib olan problemlərdəndir. Pis çıxmasın dediklərim, ancaq şəhid övladının tanınması üçün xüsusi bir sənəd ya da vəsiqəsi olmalıdır. Şəhid ailəsinə ayrılan müavinəti şəhidin anası tam olaraq alıb, başqa nəvələrinə xərcləyir. Şəhid ailəsi müavinəti övladlarına verilmir. Halbuki şəhid ailəsinə ayrılan müavinət tam həcmdə uşaqlara verilməlidir. Bu isə qanundakı boşluqdan və statusun düzgün təyin olunmamasından irəli gəlir. Ev növbəsində vərəsə olaraq şəhidin övladları nəzərə alınmır. Üçüncü və dördüncü dərəcəli qohumlar bu statusdan çox səmərəli şəkildə istifadə edirlər". 

Ə.Məhəmmədoğlu

Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!