İki gündür sosial şəbəkələrdə həssas və insanların duyğularına psixoloji olaraq təsir edən video yayılıb. “Yeni Sabah” xəbər verir ki, videoda şəhid atasına şəhid olmuş oğlunun doğum gününə hazırlanmış tortu kəsmək həvalə olunur.
Tortun üzərində isə şəhidimizin fotosu var. Əlində bıçaq fotoya baxan atanı ağlamaq tutur və o, tortu kəsmir. Bıçağı stolun üzərinə qoyaraq göz yaşları içərisində oradan kənarlaşır.
Ümumiyyətlə, bu tendensiya son vaxtlar çox müşahidə olunur. Şəhidlərin doğum günündə onların fotoları olan tortlar sosial şəbəkələrdə qarşımıza çıxır. Bu nə dərəcədə doğru bir yanaşmadır? Üzərində şəhidimizin fotosu olan tortun bıçaqla kəsilməsi və bunun xüsusilə ona yaxın şəxslər tərəfindən edilməsi məqsədəuyğun hesab oluna bilərmi? pizza hut
Məsələ ilə bağlı Yenisabah.az-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, baş verən hadisəyə hər insanın fərqli yanaşma forması olur:
“İnsanların hadisələrə yanaşması özünəməxsusdur. Fərdi fərqlər psixologiyası var, buna əsasən, hər kəs öz həyata baxış bucağından, emosiaların təzahür formasından asılı olaraq düşüncələrini, davranışlarını ifadə edir. Bu gün insanlar şəhidlərin adını, qəhrəmanlığını yaşatmaq üçün müxtəlif yollara üz tuturlar ki, bu da bəzən xoş qarşılanmaya bilir. Məsələn, o tortu hazırlayan insan sadəcə şəhidi yadetmə düşüncəsinə hakim olduğu halda, bu hadisə qarşı tərəfə tamam fərqli təsir bağışlaya bilir”.
Psixoloq atılan hər addımın köklü səbəbi olduğunu diqqətə çatdırıb: “Təfəkkürün nəzəri təfəkkür deyə bir növü mövcuddur. Yəni insan beynində müəyyən məsələləri araşdırır, sonra hərəkət edir. Məsələn, şəhidlə bağlı müəyyən abidə ola bilər ki, biz onun adını daima zirvədə saxlamaq naminə abidəni ziyarət edərik.
Amma tortun üzərinə şəklini yerləşdirmək onun sağ olan yaxınları üçün bir qədər ağırdır. Hazırlayan insanın emosiyalarının təzahürü bu cürdür, axı tortu bişirən şəhidin anası-bacısı deyil, o bunu düşünmür. Atanın tortu kəsməməsi isə çox normaldır. Çünki ata bu hadisəyə tamamilə başqa emosional məna geyindirir və düzgün olmadığını düşünür.

Dünən bir şəkillə üzləşdim, orta məktəb məzunları köynəklərinin arxasına şəhid şəkli yerləşdirmişdi. Şəhid valideynləri bununla bağlı da deyə bilər ki, fotonu ön hissəyə yox, arxa hissəyə vurublar. Bu, hörmətsizlik sayıla bilər. Yəni gördüyümüz hər situasiyaya hər kəs özünəməxsus don geyindirir. Amma müəyyən dərəcədə nəzərə almaq lazımdır ki, bu, insanların daxilindən gələn jestdir. Onlar düşünürlər ki, valideynlər övladlarının unudulmadığını görüb xoşbəxt olacaq, amma düşünmürlər ki, şəhid valideyni o tortu kəsə biləcək, ya yox?! Bu ona bənzəyir ki, atası olmayan uşağın yanında ata sözünü çox işlətməzlər, yaxud övladını itirən atanın qarşısında uşaq qucaqlamaq olmaz və s.”.
Həmsöhbətimiz qeyd edib ki, bu hadisələr insanların empatiya qura bilməməsindən qaynaqlanır:
“İnsanların bir çoxu empatiya qura, özlərini o ağrını yaşayan şəxsin yerinə qoya bilmirlər. Əgər insanlar özlərini o şəxslərin yerinə qoyub bir az düşünsələr, belə hallar yaşanmaz. Bunu edə bilməyənlər sanki dar çərçivədə düşünürlər. Nəticədə cəmiyyətdə belə hadisələrə qıcıq yaradan hal kimi baxılır. Bu, şitlik, düşünülməmiş addım adlandırılır. Belə hallar çoxdur. Hətta davranış pozuntusundan əziyyət çəkən bəzi şəxslər, “Bəsdirin, mən də ölməliyəm? Ölüb, ölüb də”,-kimi nalayiq ifadələrə yer verir. Empatiya qurulmalı, bu mövzuda mütəmadi çıxışlar olmalıdır, şəhidləri hansı tərzdə anmağın lazım olduğu öyrədilməlidir. Yəni bu qədər ağını, şitini çıxarmaq düzgün deyil”.

Sosioloq Əhməd Qəşəmoğlu da bu hadisəni insanların lazımi səviyyədə maariflənməməsi ilə əlaqələndirib:
“Kifayət qədər buna oxşar hadisələr baş verir. Əlbəttə, belə şey olmaz. Heç uzun illər əvvəl vəfat etmiş biri ilə bağlı da bunu etmək düzgün deyil. Fotonu tortun üzərində əks etdirib, sonra da vəfat etmiş birinin başını, belini, üzünü kəsib yemək məntiqsizdir.
Psixologiyada belə bir şey var, deyilir ki, düşmənin şəklini çək və gərginlikdən çıxmaq üçün onu xətləməyə başla. Bu əsəbləri sakitləşdirmək üçün bəzi insanlara məsləhət görülən bir metoddur.
Axı şəhid bizim əzizimiz, başımızın tacı, fəxrimizdir. İndi düşünün ki, kimsə şəhidin başını tort yeyəndə çeynəyir, əlbəttə, ədəbsiz haldır, sadəcə bu istiqamətdə maarifləndirməni gücləndirmək lazımdır. Bunlar əhalinin düşüncəli hərəkət etməməsindən qaynaqlanır. Gərək, insanlar bir az düşüncəli davransın. Ona görə də bu istiqamətdə atılan addımı tənqid eləmək lazımdır”.
Sayad HƏSƏNLİ
Telegram kanalımız