Sentyabrın 12-də Kəlbəcər istiqamətində ermənilərin törətdiyi təxribatı dəf edərkən şəhid olan Azərbaycan Ordusunun giziri Səbuhi Əhmədovun adı ətrafında yaranmış ajiotaj davam edir.
Müzakirələrə səbəb olan məqam Səbuhi Əhmədovun yeganə qardaşının şəhid ailəsinin üzvü kimi tanınıb-tanınmamasıdır.
Qeyd edək ki, Müdafiə Nazirliyi Səbuhi Əhmədovun məlum təxribatı dəf edərkən şəhid olduğuna dair arayışı onun ailəsinə tqədim edib. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi fərqli mövqe nümayiş etdirib. Qurumdan mediaya bildirilib ki, şəhid Səbuhi Əhmədovla bağlı mediada yayılmış Arayış “Şəhid” və şəhidin ailəsinə “Şəhid ailəsi” statusunu müəyyən edən şablon Arayış formasıdır. Bu Arayışda şəhidimizin hər hansı bir ailə üzvü barədə məlumat yazılmayıb: Sezar pizza
"Şəhidin ailə üzvü kimi rəsmi statusun tanınması “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna uyğun olaraq həyata keçirilir.
Qanunvericilikdə bu güzəştlərdən şəhidin:
- həyat yoldaşı;
- valideynləri;
- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaqları;
- 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları;
- 18 yaşına çatanadək (əyani təhsil aldığı halda 23 yaşınadək) uşaq evlərində tərbiyə olunan qardaş və bacıları;
- qanunla onları saxlayan şəxs olmadıqda baba və nənələri istifadə edir.
Şəhidimizin qardaşı Sənanın 27 yaşı olduğundan sözügedən qanunveriliklə imtiyazlı kateqoriyadan olan şəxs hesab olunmur".
"Buna baxmayaraq dövlətin qayğısının bir daha təzahürü olaraq Sənan Əhmədovun sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün Nazirlik hazırda mümkün olan təklifi – sosial tərəfdaş vasitəsilə təqdim olunan 1 otaqlı mənzili ona təklif edir.
Bu mövzunu konteksdən çıxaran, səhv mövqedən tirajlayan, Şəhid adının müqəddəsliyinə və dövlətin şəhid ailələrinə qayğısını kölgə altına salmaq cəhdlərini pisləyirik.
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!", - qurumdan bəyan edilib.
"Şəhid olan şəxsin ailəsi, onun ata-anası, həyat yoldaşı, övladı, himayəsində olan şəxslər və internatda böyüyübsə, yetkinlik yaşına çatmayan şəxslərdirsə, ailə üzvü sayılırlar. Amma yetkinlik yaşına çatmış bacı və qardaşlar ailə üzvü statusunda deyillər".
Bunu isə hüquqşünas Əliməmməd Nuriyev deyib.
O, uşaq evində böyüyən şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun “şəhid ailəsinin üzvü” statusu almamasının hüquqi əsaslarınıbelə izah edib:
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsələ ilə bağlı verdiyi şərh qanunvericiliyə uyğundur. Amma bu məsələ məhkəmə qaydasında mühakimələndirilə bilər. Qanun haqqa, ədalətə söykənməlidir. Məhkəmə qanundakı problemi həll edə bilər. Nəzərə almaq lazımdır ki, şəhidimizin başqa varisi yoxdur, ailəsi yoxdur, ata-anası yoxdur. Şəhidimizin qardaşı məhkəmə qaydası ilə bunu mübahisələndirə bilər. Şəhidin ailəsinə çatan sığorta, təqaüd də məhkəmə qərarı ilə müvafiq şəxsə verilə bilər".
Əliməmməd Nuriyev qeyd edib ki, şəhidin ailə və qohumluq durumu nəzərə alınaraq, onun qardaşına yardım edilə bilər:
"Birinci xanım Mehriban Əliyeva uşaq evlərində, internatlarda böyüyən şəxslərə hər zaman xüsusi qayğı ilə yanaşır. Bizim imkanlı şəxslər, biznesmenlər də bu kateqoriyadan olan insanlara zaman-zaman dəstək olurlar. Mən hesab edirəm ki, ailəli olduğunu, körpə övladını, həmçinin şəhid qardaşı olduğuna görə Sənan Əhmədovun sosial və mənzil təminatının yaxşılaşdırılması üçün addım atıla bilər".
Ə.Məhəmmədoğlu
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır.

Telegram kanalımız