Yaxın Şərqdə davam edən hərbi-siyasi gərginlik fonunda İranın Yəməndəki husilərə ("Ənsarullah" hərəkatı) hərbi və strateji dəstəyinin miqyası ilə bağlı diqqətçəkən məlumatlar ortaya çıxıb. Əldə edilən son kəşfiyyat hesabatlarına görə, hazırda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 100-dən çox yüksəkrütbəli zabiti və hərbi mütəxəssisi Yəmən ərazisində fəaliyyət göstərir.
“Yeni Sabah” xəbər verir ki, SEPAH zabitləri Yəmən Silahlı Qüvvələrinin döyüş əməliyyatlarının planlaşdırılması, yerüstü və dəniz hücumlarının koordinasiyası, həmçinin raket və pilotsuz uçuş aparatlarının (PUA) idarə olunmasında birbaşa iştirak edirlər. Hərbi ekspertlər bildirirlər ki, husilərin Qırmızı dənizdəki ticarət gəmilərinə və regional hədəflərə qarşı həyata keçirdiyi mürəkkəb əməliyyatların arxasında məhz bu mütəxəssislərin komandanlıq və təlimat dəstəyi dayanır.
SEPAH-ın xüsusi xidmət orqanları və texniki heyəti təkcə əməliyyatlara rəhbərlik etməklə kifayətlənmir, eyni zamanda yerli qüvvələrə müasir silah sistemlərinin istismarı üzrə təlimlər keçir. İrandan Yəmənə qaçaqmalçılıq yolları ilə gətirilən raket və dron hissələrinin yığılması, tənzimlənməsi və döyüşə hazır vəziyyətə gətirilməsi də birbaşa iranlı mütəxəssislərin nəzarəti altında icra olunur. pizza
Qərb kəşfiyyat qurumları və regional təhlilçilər vurğulayırlar ki, SEPAH-ın Yəməndəki bu genişmiqyaslı varlığı İranın bölgədəki "müqavimət oxu" strategiyasının mühüm hissəsidir və Qırmızı dənizdəki naviqasiya təhlükəsizliyinə birbaşa təhdid yaratmaqda davam edir.
Nazim Hacıyev
Telegram kanalımız