Paytaxtda bu tarixdə ictimai nəqliyyat işləməyəcək - BNA-dan açıqlama
04 İyn 2020 19:33
689

Paytaxtda bu tarixdə ictimai nəqliyyat işləməyəcək - BNA-dan açıqlama

Bakı Nəqliyyat Agentliyi (BNA) sərt karantin rejimi müddətində əməkdaşlarının daşınması üçün nəqliyyat xidmətlərinə ehtiyacı olan müəssisə və təşkilatlara müvafiq dəstək göstərilməsinə hazırdır. Lakin daşımaları daxili imkanlar hesabına tənzimləyə bilməyən müəssisə və təşkilatlar ciddi zərurət olduğu halda Nazirlər Kabineti yanında Operativ Qərargaha müraicət etməlidir. Yalnız Operativ Qərargahın müvafiq tapşırığı əsasında nəqliyyat xidmətlərinin göstərilməsi təmin olunacaq. 

BNA-dan Yenisabah.az-a verilən məlumata görə, nəqliyyat xidmətləri ilə bağlı müraciətlər əvvəlcədən planlı qaydada olmalıdır. Bu nəqliyyat vasitələrinin, sürücü və digər texniki heyətin hazırlanması baxımından vacibdir. 

Qeyd edilib ki, sərt karantin rejimi tətbiq olunması ilə əlaqədar 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm və ekspres xətlər üzrə sərnişindaşımaları tam dayandırılacaq. 5 iyun 2020-ci il tarixində isə müntəzəm və ekspres xətlər üzrə avtobuslar adi rejimdə olduğu kimi fəaliyyət göstərəcək. 

Oxşar xəbərlər