Paytaxt məktəblərinin birində şagirdlərdən birinin sinif yoldaşını döydüyü əks olunan video yayımlanıb. Hadisə 112 saylı orta məktəbdə baş verib.
Belə ki, Elnur adlı şagird sinif yoldaşını hansısa məsələyə görə “cəzalandırır”, onu bir neçə dəfə yumruqla vurduqdan sonra yerə yaxaraq təpikləyir. Baş verənləri isə digər sinif yoldaşları telefonla videoya çəkiblər.
Görüntülər sosial şəbəkələrdə ciddi etirazlarla qarşılanıb. pizza mizza
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist, “Bakılı oğlanlar”, “KVN” teatrının aktyoru Bəhram Bağırzadə qeyd edib ki, bu cür hallarda məktəblər, təhsil sistemi günahkardır.
Aktyorun sözlərinə görə, məktəblərdə idman dərslərinin keçirilməsi vacibdir:
“Mən də cavan vaxtı vuruşqan uşaq olmuşam. Məktəbdə mən də vuruşmuşam, amma biz idman dərsində vuruşmuşuq. Sovetin vaxtında idman dərsləri çox yaxşı keçilirdi və biz sevinclə dərsə qaçırdıq. Ketalarımızı geyinib sevincək qaçırdıq ki, tez məşq edək. Bizim Fərhad adlı idman müəllimimiz vardı, boks üzrə Azərbaycan çempionu idi. Fərhad müəllim həmin yarışları bizimlə idman zalında keçirdi, biz orada vuruşurduq da, güləşirdik də, dartınırdıq da. Hətta sinifimizin yarısı Azərbaycanın həndbol üzrə yığma komandasında idi. Bu cür hadisələr ona görə baş verir ki, onlar enerjilərini xərcləməyə yer tapmırlar, yeniyetmədirlər, qanları qızır. Onların qanlarının qızmasını aşağı salmaq üçün mütləq idman dərsləri keçirilməlidir. Mən əminəm ki, 112 saylı məktəbdə idman dərsləri keçirilmir. Ona görə bu hadisələr baş verir. Bir çox məktəbdə idman dərslərinin əvəzinə digər fənnlər keçirilir, problem də məhz buradan başlayır. Sistem düzgün qurulmalıdır ki, idman dərsləri də lazımi səviyyədə keçirilsin. Həmin yeniyetmə şagirdlər öz emosiyalarını, enerjilərini idman dərsində xərcləməlidir, sinifdə yox. Mən problemin həllini bunda görürəm”.
B.Bağırzadə qeyd edib ki, bu cür hadisələrin baş verməsi həmin şagirdlərin yaş dövrü ilə əlaqəlidir:
“Belə hadisələr 100 il bundan əvvəl də olub, indi də var, bundan sonra da olacaq. Oğlan uşaqları həmin yaş dövründə daha emosional olurlar. Onlar emosiyalarını idman zalında xərcləməlidirlər. Mən də fitnesə gedirəm, zalda “qruşa” adlı bir alət var. Boks əlcəklərimi geyinib həmin alətə yaxınlaşıram və hirsimi orada çıxarıram. Bu normal bir şeydir, insan emosional ola bilir. Həmin məktəbdə sinif yoldaşını döyən uşağın valideynləri bəlkə də heç bilmir ki, övladı nə ilə məşğuldur. Həmin yaşda uşaqlar keçid dövründə olurlar deyə belə hadisələrin baş verməsi normal bir şeydir. Ona görə həmin yaşdakı uşaqlar müəllimlər tərəfindən cilovlanmalıdırlar. Bu da yalnız idman dərsində keçirilə bilər, ədəbiyyat, yaxud riyaziyyat dərsində yox”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız