18 Avqust - 05:54
Siyavuş Novruzov bəyanat yaydı: “Bəlkə, onlar Mehdinin deyil, hansısa...”

Siyavuş Novruzov bəyanat yaydı: “Bəlkə, onlar Mehdinin deyil, hansısa...”

Siyasət

06 Avqust 2022 10:42 12520


“Din pərdəsi arxasında gizlənmiş radikal qrupların Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin binasına hücumu vandalizm aktı və təxribatdır. “Mehdinin xidmətçiləri” adlı radikal qruplaşmanın əli və dili ilə edilən sabotajın hədəfi qalib, müstəqil və tolerant Azərbaycandır”.

“Yeni Sabah” xəbər verir ki, bu bəyanatla millət vəkili Siyavuş Novruzov çıxış edib. Deputat bildirib ki, din adından sui-istifadə edən qruplaşmaların vaxtaşırı təxribat cəhdlərini görmüşük. Amma reallıqlar dəyişmir:

“Gerçəklik isə budur ki: 

- Bu cür təxribatlarla Azərbaycanın müstəqil və prinsipial siyasətinə əngəl yaratmaq, ölkəni hansısa güzəştə məcbur etmək mümkün deyil; 

- "Din" amilindən istifadə edərək ölkə daxilində çaxnaşma, qarşıdurma yarada bilməzlər. Respublikamızda müxtəlif xalqların nümayəndələri, bütün dinlərin mənsubları sülh, anlaşma şəraitində, mehriban birgəyaşayışa malikdirlər. Vətən müharibəsi zamanı və sonrakı dönəmdə göstərilən birlik, həmrəylik bunun bariz nümunələrindəndir. Sabitlik adasında həmrəylik sarsılmazdır; 

- Azərbaycanın dünya miqyasında tolerant və multikultural imicini zədələmək qeyri-mümkündür. Azərbaycan dövləti tərəfindən, eləcə də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun təşəbbüsü əsasında ölkədə və respublikamızın hüdudlarından kənarda tarixi, dini abidələrin inşası, təmiri və bərpası, Azərbaycanda dini, humanitar məsələlərlə əlaqədar forumların, tədbirlərin keçirilməsi və digər amillər bu reallığı təsdiqləyir”. 

S. Novruzov bildirib ki, bu hadisədən sonra maraqlı suallar ortaya çıxır: 

1. Bu gün özlərini "din təəssübkeşi" kimi təqdim edənlər Xocalıda müsəlman olduqlarına görə azərbaycanlıların soyqırımına məruz qaldıqları, ermənilərin Qarabağda məscidlərdə donuz saxladıqları zaman harada idilər və niyə susurdular?! 

2. Bu gün türk - müsəlman xalqlarına qarşı nifrət çağırışı ilə çıxış edən və İslam dininə qarşı təhqiramiz kampaniyalar aparan terrorçu ermənilərə niyə hər hansı reaksiya vermirlər?! 

3. Bəlkə, onlar Mehdinin deyil, hansısa qaranlıq planlara malik geosiyasi dairələrin xidmətçiləridir?! 

“Azərbaycanın milli atributuna həqarət edənlər - radikal qruplar və onları himayə edənlər unutmasınlar ki, müstəqilliyimizin rəmzi, gücümüzün, qüdrətimizin ifadəsi olan üçrəngli bayrağımız ən yüksək zirvədə, o cümlədən işğaldan azad etdiyimiz Qarabağda qürurla dalğalanır və daim dalğalanacaq!  Heç bir qüvvə, hər hansı bir cəhd bu reallığı dəyişə bilməz!”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!