“Sizə kim deyib ki, qadın eşq yaşamamalı, içki içib siqaret çəkməməlidir?! Bu ancaq şəriət kitablarında yazıla bilər. Biz molla rejimində yaşamırıq”.
Bu sözləri Yenisabah.az-a yazıçı Şərif Ağayar cəmiyyətdə qadınların hər mənada azad olmasının qıcıq formalaşdırmasına münasibət bildirərkən deyib.
Yazıçı deyib ki, qadınlar da kişilər qədər azaddır və onların şəxsi seçimnlərinə qarışmaq olmaz: Sezar pizza
“Qadın da Azərbaycan Respublikasının vətəndaşıdır. Onlar bütün şəxsi məsələlərdə, seçimlərdə kişilər qədər azaddır. İstəsə siqaret çəkər, istəsə də işdə məhəbbət yaşaya bilər. Bu, onun şəxsi işidir. Buna heç kəs qarışa bilməz. Ümumiyyətlə, belə bir müzakirə açmaq doğru deyil. Biz dünyəvi dövlətdəyik. Konstitusion hüquqlarımız var. Orada da hər kəsin bu cür sosial zərəri olmayan fəaliyyətləri təsbit olunur. Tutaq ki, siqaret çəkmək sağlamlığa ziyandır. Mentalitetimizdə buna yaxşı baxılmır. Əlbəttə, bunun olmağı arzuolunan deyil. Heç bir kişi istəməz ki, xanımının bu cür vərdişləri olsun. Amma bu, qadının seçimidir. Buna da qarışmaq olmaz. İnsan işin gedişatına, qanunvericiliyə, sosial münasibətlərə zərər gətirməyən hər hansı bir fəaliyyətlə məşğul olursa, ona qarışmaq olmaz. Ancaq hansısa dövlət idarəsində bu cür faktların üzə çıxarılması şəxsi seçiminə görə yox, əxlaqi məzmununa görə əhəmiyyətlidir. Hər hansı bir qadın və kişi olmasından asılı olmayaraq, onların ailəli olub olmaması da bir və ya bir neçə şəxslə sevgi münasibətləri qurmasına əngəl olmamalıdır. Amma dövlət qurumlarına olan qəzəbin kökündə də o xanımların bədəninin hansısısa üzvü deyil, qurumların öz işləri ilə məşğul olmaması dayanır. Orada fəaliyyət göstərən məmurların da bizim məzə obyektimizə çevrilmələrinin səbəbi azadlıqlarımızı tapdalıqları üçündür. Bu cür görüntülərin baş verməsi illərlə onlara qarşı heç bir cəza olmamasına görədir”.
Yazıçı belə vəziyyətlərin Azərbaycanda birmənalı qarşılanmadığına və bunun da səbəbinə toxunub:
“Bill Klinton da Ağ Evdə Monika Livinski ilə eşq yaşamışdı. O prezident kimi mənəvi-əxlaqi məsuliyyət daşıyırdı. Azərbaycanda isə vəziyyət fərqlidir. Azərbaycanda baş verən hər bir mənfi hadisələrin mənbəyində sosial ədalətsizlik və insanların əzilməyi dayanır. Bu yayılan videolar da şəxsi məsələdən daha çox xalqı əzmək, talamaq ,qudurğanlıq elementlərinin bir detalı olmasına görə bu qədər qəzəbə səbəb olub".
Şərif Ağayar ailəli şəxslərin eşq macərası yaşamasının doğru olub-olmadığı sualına isə belə cavab verib:
“Bizim müzakirəmiz hansısa bir qadının şəxsi seçimləri üzərində heç vaxt olmamalıdır. Biz ona sayğıyla yanaşmalıyıq. Mənim ətrafımda da içki içən, siqaret çəkən qadınlar olub. Ailəmdə yüngülvari içən, dostlarım, həmkarlarım arasında da belələri var. Mən isə onlara pis yanaşmıram.
Qadının eşq yaşamasına da loyal münasibətdəyəm. Tərəflərdən birinin ailəsi varsa, sevgi münasibətlərini dərinləşdirmək üçün boşanıb bunu etməyin tərəfdarıyam. İstər iş yeri, istər başqa bir yerdə kimsə kimisə sevirsə, onun şəxsi məsələsidir. Burda pis nə var ki?! Sizə kim deyib ki, qadın eşq yaşamamalı, içki içib siqaret çəkməməlidir?! Bu ancaq şəriət kitablarında yazıla bilər. Biz molla rejimində yaşamırıq. Əgər, bir qadın gedib məsciddə içki içirsə, biz ona qarşı olarıq. Çünki bura içki içilən yer deyil. Ölkədə içki də satılır. Heç bir mağazanın üzərində “qadınlar içməməlidir, onlara satmaq olmaz” yazılmır. Düzdür, bu vərdişlərin olması orqanizmə ziyan olmaqla yanaşı, mentalitetə də uyğun deyil. Amma buna görə onları ittiham edə bilmərik”.
O, FHN-də baş verən məlum videolardakı qadınların cəmiyyətin təhqir və kəskin tənqidinə də münasibət bildirib:
“FHN-də baş verən hadisələrdəki məsələnin kökü hansısa qadının şəxsi həyatı deyil, dövlət orqanlarından kənarda, sənət camiəsində eşq yaşayan o qədər qadınlar var ki... Məsələn, müğənni Rəqsanə atasız uşaq dünyaya gətirdi. Bunu da mətbuatda elan etdi. Mənim belə davranışları bəyənirəm. İnsanlar azad olmağa öyrəşməlidir. Biz bu kimi məsələlərə orta əsr qaydalarıyla yanaşmamalıyıq. Bunlar gülməli hadisələrdir. Amma bu da faktdır ki, dövlət strukturlarıyla xalqın başqa problemləri var. Dövlət qurumlarında istənilən bir şey olsa insanların tənqidinə məruz qalacaqlar. Çünki bunun kökündə ictimai nifrətlə yanaşı, ölkəni talayıb milyonçuya çevrilən məmurla acından ölən xalq arasında dəhşətli uçurum var. Xalqın əlinə imkan keçsə, sosial şəbəkələr üzərindən etdikləri bu cür gözümçıxdıları küçələrdə reallaşdırarlar. İctimaiyyətdə bu hadisələrlə məzələnməyə meyl edirlər. Onun da bir səbəbi hamının depresssiya içərisində olmağıdır. İnsanların həyatı o qədər ağırdır ki, bir lağlağı tapıb özlərinin mənəvi müdafiəsini formalaşdırırlar. Bu lağlağıyla da mənəvi-stabillik, sabitlik formalaşdırmağa çalışırlar. Bu adamları qınamaq olmaz. Çox vaxt sosial şəbəkələrin niyə bu qədər aqressiv olduğunu da sual edirlər. Çox sadə - çünki ölkədə zülm var. Zülm olan yerdə də insanlar aqressiv olur. Həmin hadisədədə səmimi məhəbbət olsa belə, cəmiyyət bunu da onlara bağışlamayacaqdı.
Digər bir problem isə, Azərbaycanda dövlət idarəçiliyinə bu cür axmaq adamların doluşmasıdır. Biabrçılıq hansısa qadının iş otağındakı intim videosundan daha çox o səviyyədə olan bir insanın Azərbaycan xalqını idarə eləməsidir. İntim münasibət qurduğu qadının videosunu çəkən, bu cür əxlaqda, bu düşüncədə, belə zəkada olan bir kişinin xalqın hansısa bir kəsimini idarə etməsi faciədir. Vətəndaşın evində yanğın olur, müraciət edir, məlum olur ki, səlahiyyətli nümayəndə otağında eşqbazlıqla məşğuldur. Bu, baş verən bilmədiyimiz yüzlərlə minlərlə hadisədən sadəcə biridir. Burada hansı qadın və kişinin şəxsi seçimləri söhbətin məğzi deyil. Bunun ictimailəşməsi dövlət orqanında işləyən bir şəxsin həmin orqanda bu cür hrəkətləri məəslənin kökü olanda düşəndə daha çox müzakirə olunur”.
Yazıçı sonda fikirlərinə bu cür bitirib:
“Bu adamın psixoloji manyak olması ehtimalı üzərində dayanılırsa, dövlət orqanında necə işləməsi sual doğurur. Bu şəxsə vaxtından əvvəl rütbələr də veriblər. Dövlət orqanlarında fəaliyyət göstərən şəxslər həkim arayışından keçməlidir. Ələlxüsusda ki, yanğın söndürmək kimi ciddi bir iş üçün şəxsin psixoloji vəziyyətinin möhkəm olması lazımdır. Bu videoların şantaj üçün çəkildiyini düşünürəm. Ölkədə indiyə qədər də şantaj üçün vidoelar çəkilib. Orda estetik nə var ki çəkdiyindən də zövq alsın. Bəlkə siyahı tutub kiməsə göstərir?!”
İmamət İSMAYILOVA
Telegram kanalımız