İranın ABŞ/İsraillə 40 günlük müharibəsindən sonra Qərbi Asiyanın bütün su hövzələrində canlanma müşahidə olunur. Regionda aramsız yağışlar yağır, çay və göllər dolub-daşır, son illərin davamlı quraqlıqları ilə boşalmış bəndlər ağzına kimi doludur. Bir çox rəylərdə bu, ABŞ-nin idarə etdiyi iqlim terrorunun bitməsi ilə izah edilir.
“Bu məsələyə dair çoxlu fərziyyələr və şayiələr dolaşır, amma iqlim terrorunun mövcudluğunu elmi əsaslarla izah etmək mümkün deyil. Təbiəti idarə etmə qeyri-mümkündür, onun öz qanunları var”.
Bunu mövzu ilə bağlı “Yeni Sabah” a coğrafiya elmləri doktoru, professor Əmir Əliyev deyib.
“Bütün qonşu ölkələrdə, o cümlədən Azərbaycanda yağıntılar artıb, çaylarda suyun səviyyəsi qalxıb, hətta qurumuş göllərdə də suyun səviyyəsi çoxalıb. Bəzi insanlar düşünür ki, iqlimə və ya təbiətə böyük miqyasda təsir etmək mümkündür. Məsələn, buludlara təsir edərək yağış yaratmaq ideyası doğrudan da mövcuddur.
Bu üsul “Cloud seeding” adlanır. Buludlara gümüş yodid kimi maddələr səpilir ki, su damcılarının yaranması sürətlənsin və nəticədə yağış yağsın. Amma bu metodun imkanları çox məhduddur. Yəni yalnız artıq mövcud olan buludlara təsir etmək olur, tam quraqlıq şəraitində, sıfırdan yağış yaratmaq mümkün deyil, olsa da onun effektidə zəif və qeyri-sabit olur.
Üstəlik, bu proses bahalıdır və geniş ərazilərdə tətbiqi çətindir. Bəzi mütəxəssislər bunun ekoloji təsirləri ilə bağlı da ehtiyatlı yanaşırlar, amma geniş miqyasda genetik və ya ciddi zərərli təsirlər sübut olunmayıb”, - deyə Əmir Əliyev vurğulayıb.
Coğrafiyaşünas əlavə edib ki, sovet dövründə belə havaya təsir etmək üçün müəyyən üsullardan istifadə olunub:
“Məsələn, parad və ya xüsusi tədbirlər zamanı yağışın qarşısını almaq üçün buludlara müdaxilə edilirdi. Hətta bəzi hallarda havaya raket və ya toplarla təsir etmə üsulları da tətbiq olunub. Bu gün də bəzi ölkələrdə bu texnologiyalar mövcuddur, amma yenə də iqlimə təsir imkanları məhduddur”.
Yeri gəlmişkən, iqlim terroru mövzusunda mübahisələrlə yanaşı, Xəzərdə baş erən zəlzələləri də İran ərazisinin bombalanması, daha doğrusu, tektonik silahın tətbiqi ilə iah edənlər azlıqda deyil. Əmir Əliyev bu ehtimalı da doğru hesab etmir:
“Zəlzələlər Yer qabığında baş verən tektonik proseslərlə bağlıdır və bunu “Plate tectonics” izah edir. Yəni qitə plitələrinin hərəkəti nəticəsində enerji yığılır və bir anda boşalaraq zəlzələ yaradır. İnsanların bunu idarə etməsi və ya süni şəkildə böyük zəlzələlər yaratması hazırkı texnologiya ilə mümkün deyil.
Bəzən deyilir ki, böyük dövlətlər iqlimi idarə edir və ya təbiətə geniş təsir göstərir. Reallıq isə budur ki, texnologiyalar müəyyən lokal təsirlər göstərə bilər, amma qlobal miqyasda təbiəti tam idarə etmək mümkün deyil.
Təbiət çox mürəkkəb sistemdir və insan müdaxiləsi hələlik çox məhdud çərçivədə qalır. Yağış yaratmaq kimi texnologiyalar mövcuddur, amma onların təsiri məhduddur. Zəlzələlərin isə müharibə və ya siyasi hadisələrlə əlaqəsi yoxdur. Bu cür məsələlərə daha çox elmi yanaşmaq və təsdiqlənmiş məlumatlara əsaslanmaq vacibdir.
Aytəkin Əzizqızı
Telegram kanalımız