Son islahatların maliyyə dəyəri yarım milyard manatdan çoxdur
16 Mart 2020 17:02
130

Son islahatların maliyyə dəyəri yarım milyard manatdan çoxdur

Prezident İlham Əliyevin sosial sahədə həyata keçirdiyi son islahatların maliyyə dəyəri 560 milyon manata bərabərdir. 

Yenisabah.az xəbər verir ki, bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin qəbulunda olarkən deyib. Onun sözlərinə görə, cari il ərzində indeksləşdirmə hesabına pensiyaçılarıa əlavə olaraq 560 milyon manat vəsait ödəniləcək. 

“Ötənilki islahatları da nəzərə alsaq, - ümumi illik maliyyə dəyəri 450 milyon manata yaxın idi, - cəmi bir il ərzində qəbul edilmiş qərarlar nəticəsində pensiyaçılarımıza bir milyard manatdan artıq vəsait ödənilir. Bu vəsait də tam şəkildə Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşılanır və dövlət büdcəsi üçün əlavə yük yaratmır”, -deyə nazir bildirib.

Sahil Babayev əlavə edib ki, aparılan islahatların nəticəsində Dövlət Sosial Müdafiə Fondunun özündə də ciddi sağlamlaşma təmin olunub. İlk dəfə olaraq dövlət öhdəlikləri hesabına maliyyələşən pensiyalar üçün ayrılmış vəsaitin 320 milyon manatı dövlət büdcəsinə geri qaytarılıb: “Bunun 150 milyon manatı büdcə paketinin dürüstləşməsi çərçivəsində ilin ortasında, 170 milyon manatı isə ilin sonunda. Əsassız və saxta təyinatların ləğvi nəticəsində əlavə olaraq 200 milyon manat qənaət əldə edildi ki, bu da cari ildəki pensiya islahatlarına yönəldilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun ehtiyatlarında qaldı. Yəni, ümumilikdə, 520 milyon manat fərq meydana çıxdı ki, bu da pensiya sisteminin sağlamlaşması nöqteyi-nəzərindən çox önəmlidir. Bir vacib indikator da odur ki, dövlət öhdəliklərinin maliyyələşməsi üçün dövlət büdcəsindən Pensiya Fonduna ayrılan vəsait onun gəlirlərində əgər 2017-ci ilin sonunda 38 faiz təşkil edirdisə, artıq 2020-ci ildə bu, 29 faizə düşübdür. Beləliklə, Pensiya Fondunun müstəqilləşməsi ilə büdcə asılılığının azaldılması istiqamətində ciddi irəliləyiş əldə edilib”.

 

Oxşar xəbərlər