Sosial şəbəkələr nə qədər etibarlı informasiya mənbəyidir? 

saytların hazırlanması

Evə çatdırılma

Sosial şəbəkələr nə qədər etibarlı informasiya mənbəyidir? 

Sosial

18 Aprel 2023 15:24 1370


Texnologiya inkişaf etdikcə, sosial şəbəkələr həyatımızın bir parçasına çevrilir. Bununla yanaşı, hər gün sosial şəbəkələrdə müxtəlif cür məlumatların şahidi oluruq. Lakin həmin məlumatların dəqiqliyi, bəzən isə onların istinad etdiyi mənbələr həmin xəbərin doğruluğuna şübhələr də yarada bilir.

Maraqlıdır, sosial şəbəkələr etibarlı informasiya mənbəyi hesab oluna bilərmi?

Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) rəhbəri Seymur Verdizadə  Yenisabah.az açıqlamasında deyib ki, hazırda sosial şəbəkələr həyatımızın ayrılmaz parçasına çevrilib: Marqarita pizza

“Faktiki olaraq isə bu platformadan kənarda qalmaq mümkün deyil. Bəlkə də nə vaxtsa sosial şəbəkələr vaxt keçirmək, əylənmək üçün vasitə sayılırdı. Düzdür, indi də bu niyyətlə sosial şəbəkələrə daxil olanlar az deyil. Amma sosial şəbəkələrin yaratdığı imkanlardan istifadə edən ciddi adamların sırası da xeyli genişdir. Bu kateqoriyaya Prezidentlər, Baş nazirlər, nazirlər, böyük şirkətlərin rəhbərləri, tanınmış sənət adamları, idmançılar və s. daxildir. Ona görə də sosial şəbəkələri birmənalı olaraq əyləncə platforması saymaq doğru deyil. Bu seqmentdə günah yoxdur. Günah ondan istifadə edən insanlardadır. Kimlərsə sosial şəbəkələri qeyri-ciddi platformaya çevirməyə can atırlar. Hətta sosial şəbəkələri “enerji qəbiristanlığı” sayanlar da var. Hər kəs prosesi öz meyarı ilə qiymətləndirir”.

“Mən sosial şəbəkələrdən istifadəni zərərli hesab etmirəm. Yaradıcı adamlar, xüsusilə jurnalistlər bu platformanın imkanlarından maksimum yararlanmağa can atmalıdırlar. Amma bu zaman son dərəcə diqqətli olmağa, əldə etdikləri informasiyaları məntiqin süzgəcindən keçirməlidirlər. Bəzən yalan, şayiə, feyk xəbərlər asanlıqla sosial şəbəkələrə yol tapa bilir. Həmin xəbərlərin əsrinə çevrilməmək üçün jurnalistdən ayıq-sayıqlıq, peşəkarlıq tələb olunur. İndi sosial şəbəkələr bir növ ünsiyyət vasitəsinə çevrilib. Bu vasitədən düzgün istifadə etməklə operativlik yarışından geri qalmamaq mümkündür”, – jurnalist əlavə edib.

S. Verdizadə qeyd edib ki, sosial şəbəkələrin bir üstün cəhəti də insanların dost seçimində sərbəst olmasıdır:

“Sosial şəbəkə iştirakçısı dostlarını özü seçir. Bizi heç kim qeyri-ciddi, faydasız adamlarla dostluq etməyə məcbur etmir. Nə vaxtsa mənbə rolunu oynayacaq adamları çoxluğun içindən ayırd edib sosial şəbəkə dostumuza çevirməklə peşəkar fəaliyyətimizi daha da stimullaşdıra bilərik”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı isə hesab edir ki, sosial media şəbəkələri peşəkar quruluşlar, habelə sıravi insanlar üçün xəbərləri yayma və əlçatanlığı təminetmə müstəvisidir:

“Yəni bu platformalardan istifadə edərək öz xəbərlərinin yayımı təmin etməyə çalışır. Əlbəttə ki, müxtəlif sosial media şəbəkələrində yayılan informasiyaların mənbəsi, dolğunluğu hansısa peşəkar media strukturunun yaydığı informasiyalardan fərqlidir. Yəni fərdi hesablar da çox zaman “xəbər istehsalı” ilə məşğul olmağa çalışır. Ancaq onların yaydığı xəbərlər nə peşəkarlığa, nə də standartlara uyğun deyil. Onların mənbələri də dəqiq deyil”.

“İkinci bir tərəfdən, sosial media şəbəkələri həm də cəmiyyətin, dövlətin və millətin informasiya təhlükəsizliyinə təhdid olanmüəyyən maraqlı qrupların istifadə etdiyi bir vasitəyə çevrilir.

Qısası, peşəkar media qurumları öz məhsullarını sosial media şəbəkələri üzərindən yaydığından burada əksini tapan informasiyalar daha dəqiq olur. Buna paralel şəkildə ayrı-ayrı insanların, şəxslərin, yaxud Azərbaycanın maraqlarının əleyhinə olan qrupların informasiya savaşı meydanına çevrilir. Bu məsələdə təhlükəli məqamlar var”. – bəyan edib.

Modern.az saytının redaktoru Əfqan Qafarlı isə deyir ki, biz istəsək də, istəməsək də sosial şəbəkələr artıq gündəlik həyatımızda müəyyən yer tutur və hazırkı informasiya əsrində bundan qaçmaq mümkün deyil:

“Təbii ki, gündəlik həyatımıza daxil olmuş sosial şəbəkələrin həm müsbət, həm də mənfi tərəfləri var. Hər ikisi geniş mövzudur və bu haqda kifayət qədər danışmaq olar.

Mənfi cəhətlərdən danışarkən sosial şəbəkələrin bizim zamanımızı aldığını, canlı ünsiyyət vərdişlərimizə, mənəvi dəyərlərə təsir etdiyini, insanları bir-birlərinə yadlaşdırdığını vurğulamaq olar. Əlbəttə, bu sizin sualın mövzusu deyil. 

Müsbət tərəf kimi sosial şəbəkələrin bir informasiya mənbəyi olduğunu qeyd edə bilərik. Etiraf etmək lazımdır ki, bu gün artıq “Facebook”, “Twitter”, “WhatsApp”, “Telegram”, “TikTok”, “Instagram” və “YouTube” kimi sosial şəbəkələr xəbər axtarışında olan insanlar üçün informasiya mənbəyi rolunu oynayır. Düzdür, bu platformalara əyləncə mənbəyi baxanlar, vaxt öldürmək istəyi və digər məqsədlər üçün daxil olanlar da kifayət qədərdir. Amma bütün bunlarla paralel, hamı bu şəbəkələrə həm də informasiya resursu kimi yanaşır”.

Jurnalistin fikrincə, sosial şəbəkələr etibarlı informasiya mənbəyi hesab oluna bilər:

“Amma bu etibarlılıq informasiyanı sosial platformada paylaşan şəxsə, quruma və ya təşkilata bağlıdır. 

Bu gün artıq rəsmi orqanlar – nazirliklər, digər dövlət təşkilatları, eləcə də vəzifə tutan şəxslər informasiyanın daha çox adama çatması üçün öncə sosial şəbəkələrdə paylaşırsa, deməli, bu platformaları etibarlı xəbər mənbəyi hesab edə bilərik.

Baxın, Müdafiə Nazirliyi, DİN, Dövlət İmtahan Mərkəzi və s. təşkilatlar son vaxtlar bu cür edirlər”.

“Ya da ki, dövlət başçıları, nazirlər, siyasətçilər, ictimai xadimlər, tanınmış simalar “Twitter”də bir açıqlama, şərh, status paylaşırlarsa və həmin paylaşımların etibarlılığına şübhə yeri yoxdursa, mətbuat da ondan istifadə edirsə, onda sosial şəbəkələr niyə etibarlı mənbə hesab olunmasın?

Düzdür, sosial şəbəkələrdə saysız-hesabsız feyk xəbərlər, qeyri-ciddi paylaşımlar, yönləndirici və təhrikedici informasiya axını da var və bunlarla qarşılaşarkən diqqətli olmaq lazımdır. Ona görə də xəbər istehsalı ilə məşğul olan media qurumları, jurnalistlər sosial şəbəkələrdən əldə etdikləri informasiyaları öncə “ələkdən keçirməlidirlər”.

Amma artıq bu faktdır ki, təkcə Azərbaycanda deyil, Türkiyə, Rusiya, Avropa ölkələri, ABŞ-da da mətbuat yeri gələndə sosial mediada yayılmış informasiyadan istifadə edir, onu öz səhifələrində dərc edib yayımlayır. Bu, artıq günümüzün danılmaz reallığıdır”, – bəyan edib.

Bakıvaxti.az saytının baş redaktoru Qalib İbrahimoğluya görə isə bu gün sosial şəbəkələrin saytları və televiziyaları üstələdiyini müşahidə edirik:

“Belə ki, xəbəri əvvəl sosial şəbəkələrdən, sonra isə saytlardan oxuyuruq. Bu isə bəzi hallarda ənənəvi medianın sosial mediadan operativlik baxımından geridə qalmasından irəli gəlir.

Bu gün hər bir sayt, televiziya sosial şəbəkədən götürdüyü məlumatı xəbər formasında oxucusuna, izləyicisinə çatdırır. Bu da təbii qarşılanmalıdır”.

Baş redaktor diqqəti ona yönəldib ki, dünyada reallıqlar dəyişir:

“Bəzi dövlət başçıları hətta mesajlarını sosial şəbəkələr vasitəsilə çatdırırlar. Sosial şəbəkələr jurnalistlər üçün mənbə sayıla bilər. Amma bununla belə, sosial şəbəkədən əldə etdiyimiz məlumatın etibarlılığını, düzgünlüyünü yenə də mütləq şəkildə dəqiqləşdirmək lazımdır”.

“Mətbuatın daşıdığı məsuliyyət hissi sosial şəbəkələrdə yoxdur. Jurnalistikada qaydalar var, qanunla tənzimlənir. Mediada etik qaydalar normalar qorunur, sosial şəbəkədə isə bunlara rast gəlinmir. Bu baxımdan, sosial şəbəkələri tam etibarlı yox, operativ informasiya vasitəsi adlandırmaq daha düzgün olardı”, – yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!