Məlum olduğu kimi, bu gün mediada “Space TV” Müstəqil Televiziya və Radio Şirkətinin bank hesabları üzərinə 140 313,06 ABŞ dolları həcmində həbs qoyulduğu ilə bağlı xəbərlər yayılıb.
"Yeni Sabah" xəbər verir ki, məsələ ilə bağlı "Space TV" rəsmi açıqlama yayıb.
"Bəhs olunan 140 min 313,06 ABŞ dolları məbləğində borc 2021-ci ildə "Xalq Bank" ASC-dən cəlb edilmiş 235 min ABŞ dolları məbləğində kredit xətti üzrə formalaşmış öhdəliklərin yerinə yetirilməməsi nəticəsində yaranıb. Belə ki, banka ən son ödəniş 2024-cü il yanvar ayının 19-da həyata keçirilmişdir. pizza mizza
Bu öhdəliklərin vaxtında icra edilməməsinə görə bütün məsuliyyət 2023-cü ilin fevral ayından Space TV-yə rəhbərlik etmiş Vado Korovinin üzərinə düşür.
Keçmiş baş direktor Vado Korovin və o vaxtkı icraçı direktor Nəriman Abdul-Əliyev televiziya idarəçiliyi sahəsində peşəkar yanaşma nümayiş etdirmək əvəzinə, uzun illər formalaşmış televiziya idarəetmə prinsiplərindən uzaq bir idarəçilik modeli tətbiq etmiş, nəticədə kanal sistemli şəkildə zəiflədilmiş, peşəkar media qurumu kimi inkişaf etdirilmək əvəzinə qeyri-sistemli və xaotik idarəetmə yanaşmasının təsiri altında fəaliyyət göstərmişdir. Bu idarəçilik nəticəsində maliyyə intizamı pozulmuş, strateji inkişaf zəifləmişdir.
Bundan başqa, kanalın maddi-texniki bazası faktiki olaraq iflic vəziyyətinə salınıb.
Balansda olan 24 xidməti avtomobildən cəmi 2-si işlək vəziyyətdə olmuş, avtomobillərin və texniki avadanlıqların təmiri və yenilənməsi illərlə həyata keçirilməmiş, studiyalar baxımsız saxlanılmış, kanalın texniki infrastrukturu müasir televiziya tələblərindən geri qalıb.
Qeyd olunan dövrlər üzrə baş vermiş maliyyə və təsərrüfat pozuntuları ilə bağlı ilkin araşdırmalar davam etdirilir. Araşdırmaların nəticəsinə uyğun olaraq qanunvericiliyin nəzərdə tutduğu bütün hüquqi addımlar atılacaq.
Bununla yanaşı, ictimaiyyətin diqqətinə çatdırırıq ki, məhkəmənin qəbul etdiyi qərar müvəqqəti təminat tədbiridir və qərarın özündə də qeyd olunduğu kimi, bu tədbir əməkhaqqılarının ödənilməsinə, dövlət büdcəsinə vergi, sosial sığorta və digər məcburi ödənişlərin həyata keçirilməsinə heç bir məhdudiyyət yaratmır. Space TV normal fəaliyyətini davam etdirir.
Hazırda kanalda genişmiqyaslı islahat proqramı həyata keçirilir. Hazırda Space TV proqram siyasətini tamamilə yenidən formalaşdırır.
Space TV əmindir ki, əvvəlki dövrdən miras qalmış bütün maliyyə və hüquqi problemlər qanun çərçivəsində həll olunacaq, aparılan islahatlar isə kanalın inkişafını təmin edəcək", - deyə açıqlamada qeyd olunub.
Telegram kanalımız