SSRİ-nin gizli “zapravka“sı üzə çıxdı – 50 min kubmetrlik nəhəng sistem - FOTO

saytların hazırlanması

Evə çatdırılma

SSRİ-nin gizli “zapravka“sı üzə çıxdı – 50 min kubmetrlik nəhəng sistem - FOTO

Dünya

29 Sentyabr 2026 07:10 94


Tallin körfəzi sahillərində gəzənlərin uzaqdan gördüyü sirli beton tikilinin arxasında SSRİ-nin olduqca iddialı hərbi layihəsi dayanır.

"Yeni Sabah" xəbər verir ki, Estoniyanın Viimsi yarımadası və Pirita çimərliyindən təxminən bir kilometr aralıda yerləşən bu obyekt dəniz xəritələrində “Reidikai” – reyd körpüsü kimi göstərilir. Estonlar onu daha çox “Kuuli muna” – “Kuulun yumurtası”, rusdillilər isə formasına görə “çemodan” və ya “divan” adlandırırlar.

Obyektin tarixi 1960-cı illərin sonu – 1970-ci illərin əvvəllərinə gedib çıxır. Sovet hərbi rəhbərliyi Baltik Donanmasının dizel sualtı qayıqlarını və digər gəmilərini limana daxil etmədən, açıq dənizdə sürətlə yanacaqla təmin etmək istəyirdi. pizza sifarişi

Bunun üçün dənizin ortasında xüsusi yanacaqdoldurma məntəqəsinin yaradılması nəzərdə tutulmuşdu.

Lakin suyun üzərində görünən nəhəng beton konstruksiya kompleksin yalnız kiçik hissəsi idi. Viimsi sahilindəki qayalı süxurlarda böyük yeraltı yanacaq anbarları yaradılmışdı. Ümumi tutumunun 50 min kubmetrdən çox olduğu bildirilən üç silindrik rezervuardan dənizin dibi ilə beton körpüyə iri yanacaq boruları çəkilmişdi.

Plana əsasən, sualtı qayıq və ya gəmi körpüyə yaxınlaşmalı, şlanqlar qoşulmalı və yanacaq birbaşa dənizdə qəbul edilməli idi.

Obyektin məşhur “Kuulun yumurtası” adının yaranması isə yerli balıqçılıq kolxozunun uzun illər rəhbəri olmuş Oskar Kuulu ilə əlaqələndirilir. Sovet dövründə Kirov adına balıqçılıq kolxozu Estoniyanın ən güclü və varlı təsərrüfatlarından biri idi və böyük tikinti imkanlarına malik idi.

Hərbçilər dənizdəki ağır konstruksiyanın inşasında problemlərlə üzləşəndə kolxozun texnikası və inşaatçıları da işlərə cəlb edilmişdi. Körfəzin ortasında nəhəng beton qurğunun yüksəldiyini görən yerli sakinlər onu zarafatla “Kuulun yumurtası” adlandırmağa başlamışdılar. Sonradan bu ad o qədər məşhurlaşıb ki, rəsmi “reyd körpüsü” ifadəsi əsasən mütəxəssislərin dilində qalıb.

Nəhəng və bahalı kompleks isə faktiki olaraq nəzərdə tutulduğu şəkildə işləyə bilmədi. Layihənin ən böyük düşməni Baltik dənizinin sərt təbiəti oldu.

Obyektin sıradan çıxmasının səbəbi ilə bağlı əsasən iki versiya göstərilir. Bir versiyaya görə, Tallin körfəzində hərəkət edən güclü buz kütlələri çox ağır beton konstruksiyanı yerindən tərpədib. Nəticədə dənizin dibindən çəkilmiş sərt polad yanacaq boruları təzyiqə tab gətirməyərək qırılıb.

Digər versiyaya görə isə nəhəng beton konstruksiyanın altında qeyri-bərabər çökmə baş verib və bu, boru-kommunikasiya sisteminin sıradan çıxmasına səbəb olub.

Hərbçilərin layihəni xilas etmək üçün müvəqqəti elastik şlanqlardan istifadə variantını nəzərdən keçirdiyi bildirilir. Lakin yanacağın körfəzə sızması və böyük ekoloji fəlakət təhlükəsi səbəbindən bu ideyadan imtina olunub.

Beləcə, böyük vəsait və resurs sərf edilən hərbi kompleks istifadəsiz qalıb.

Bu gün “Kuuli muna”nın yerləşdiyi ərazidə dənizin dərinliyi təxminən 11 metrdir. Vaxtilə Baltik Donanmasının sualtı qayıqlarını yanacaqla təmin etməli olan obyekt indi Tallin ətrafında tanınan dalğıc məkanlarından birinə çevrilib. Dənizin dibində hələ də iri lövbər zəncirlərinin, köhnə kabellərin və kommunikasiya sistemlərinin qalıqlarına rast gəlmək mümkündür.

Hazırda beton qurğunun üzərində “Şəxsi mülkiyyət” yazılmış lövhə və əlaqə telefonu olduğu bildirilir.//Musavat.com


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!