Tanımadığı şəxsləri pulla evinə qeydiyyata salanları hansı təhlükələr gözləyir?  - Fotolar

Tanımadığı şəxsləri pulla evinə qeydiyyata salanları hansı təhlükələr gözləyir? - Fotolar

Sosial

28 Noyabr 2022 21:11 35799


Son vaxtlar sosial şəbəkələrdə “evimə qeydiyyata salıram” tipli elanlar çox yayılıb. Bu isə özlüyündə bir sıra sualları ortaya çıxarıb.

Bəs görəsən tanımadığı şəxsləri pulla evinə qeydiyyata salanları hansı təhlükələr gözləyir?

Mövzu ilə bağlı Yenisabah.az-a əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev danışıb.

Ekspert vətəndaşları pul qarşılığında öz evinə qeydiyyata salan şəxslərin bəzi riskləri gözə almalı olduğunu bildirib:

“Bakı şəhərində son 20 ildə çox sayda yaşayış massivləri tikildi, yüz minlərə sənədsiz həyət evləri tikildi, hansı ki, sakinlər ora qeydiyyata düşə bilmədilər. Bölgələrdən Bakıya iş üçün gələnlər oldu, hamı istədi ki, Bakıda qeydiyyatı olsun, amma təəssüflər olsun ki, yeni tikili binalarda çıxarışsız mənzillər satıldığına görə vətəndaşlar qeydiyyata düşə bilmirlər. Bundan əlavə, ilin əvvəlində polisdə qeydiyyatda olan 70 min nəfəri qeydiyyatdan çıxardılar. Bundan sonra çox sayda insan qeydiyyatsız qaldı.

Bu zaman insanları pulla öz evinə qeydiyyata salan insanlarla rastlaşmaq olur. Bu məsələ qeydiyyata düşən üçün hər hansı problem yaratmır. Əsas problem evinə qeydiyyata salan adam üçün yarana bilər. Çünki kimsə həmin evə qeydiyyata düşürsə, onun orada yaşama hüququ formalaşır və həmin mənzil nə vaxtsa satılarsa, mütləq şəkildə qeydiyyatda olan şəxslər notarial qaydada razılıq verməlidirlər. Yaxud mənzil üzərində əməliyyatlar aparılan zaman qeydiyyatda olan şəxslərin razılığı lazım olur”.

E.Fərzəliyevin sözlərinə görə, qeydiyyata düşdüyü ev sökülərsə, şəxs həmin evə görə maddi tələb irəli sürə bilər:

“Söküntü zamanı qeydiyyatda olan şəxs söküntüyə icazə verməyə bilər. Bu zaman məhkəməyə müraciət edərək maddi tələb ortaya qoya bilər və onun tələbi təmin oluna bilər. Bu baxımdan riskli tərəf vətəndaşı öz evinə alan şəxsdir.

Bundan başqa sabah orada qeydiyyata düşən şəxsin hər hansı cinayət əməli olarsa, polis tərəfindən axtarılarsa, məktublar ünvanlanarsa, hərbi xidmətə çağırılarsa qeydiyyatda olduğu ünvana yönələcək”.

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!