YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Təcavüz yaşı niyə azalır? - İnternet, nəzarətsizlik, valideynlər...

Təcavüz yaşı niyə azalır? - İnternet, nəzarətsizlik, valideynlər...

Sosial

20 Sentyabr 2022 23:22 892


Təcavüz yaşının azalması həyəcan təbili çalır. Mətbuatda tez-tez azyaşlıların həmyaşıdlarına qarşı cinsi təcavüz etməsi, təcavüzə məruz qalanın cinsi zorakılığın qurbanına çevrilməsi, bilavasitə bu halların getdikcə artması narahatlığa əsas verir.

Yenisabah.az psixoloq Gülnar Orucovayla səbəbləri araşdırıb. Psixoloq deyir ki, internetin asan əlçatanlığı, uşaqlara nəzarətsizlik bu məsələdə əsas meyardır:

"Bu hadisələri biz hər il eşidirik. Son vaxtlar bunlar daha da artaraq ictimaiyyətə qədər sızıb. Sadəcə bəzi məktəblər bunu ört-basdır edə bilirlər, amma bəziləri bacara bilmirlər. Ümumilikdə, bu hadisələr nədən qaynaqlanır? sualına cavab versək, uşaq öz cinsini 6-7 yaşından etibarən dərk edərək, cinsinin xarakterini də daşımağa başlayır. Bir müddət sonra yaş artdıqca bir oyanış baş verir. Bu vaxtı da öz ehtirasını idarə edə bilmir. Bu anda bəzən ailəsindən olan insanlara belə, kəmgözlə baxa bilir. İnternetin o qədər yaxın, əlçatan olması, pornoqrafiyaya əlçatımlılığın asanlaşması nəticəsində azyaşlıların beyinlərində yaşlarına uyğun olmayan fantaziyaların düşünülməsinə səbəb olmuş olur. Sonra həmin fantaziyaların reallığa çevrilməsi baş verir".

Psixoloq bildirib ki, bunların qarşısını almaq üçün məktəb psixoloqlarının uşaqlarla işləməsi vacibdir:

"Bu halların qarşısını almaq üçün məktəbdə psixoloqlar öz sahəsiylə məşğul olmalıdırlar. Bu gün məktəb psixoloqları ancaq uşaqların davamiyyətini yoxlamaqla məşğuldur. Həmçinin, bu günün məktəb psixoloqları tədbirlərə uşaqların aparıb-gətirilməsində iştirak edir. Məktəb psixoloqlarının işi bundan ibarət deyil axı. Uşaqların təlim-tərbiyəsiylə maraqlanmaq, pozulmuş davranışlarını korreksiya etmək üçün dövlət məktəb psixoloqlarına məvacib verir. Ancaq belə məsələlər olanda gizlədilir. Belə olduğu halda da artıq psixoloq da müdaxilə edə bilmir və ya bu halın necə korreksiya edilməsinin yolunu bilmir".

Gülnar Orucovanın sözlərinə görə, belə hadisələr olmamışdan əvvəl, ilk onların əlamətləri olur:

"Belə hadisələr qəflətən baş vermir. Bu hadisələr olmamışdan əvvəl onların əlamətləri olur. Uşaqlarda da bu əlamətlər sezilir. Sezildiyi anda da müdaxilə olunmalıdır.

Əvvəllər sevgi, məhəbbət müəyyən yaşlardan sonra olurdu. Yəni dediyim hal yuxarı siniflərdə baş verirdi. İndi isə 5-6 cı sinifdə oxuyan oğlan və qızların oxuduğu məktəbdən sevgililəri var. Valideynlər övladlarına nəzarət edə bilmirlər. Valideyn övladına nəzarət etmək üçün sosial şəbəkədən ayrıla bilmir. Valideyn uşağının izlədiyi saytların izinə düşmür, uşağın telefonda kod olur, müəyyən saytlara da giriş məhdudiyyəti olmadığı üçün azyaşlının da bu saytların toruna düşməsi nəticəsində belə problemlərə gətirib çıxarır. Bəzi ailələrdə də övlada nəzarət çox zəifdir. Valideyn övlada uyğun dillə "sən oğlansan, sənin qürürun, mənliyin, şərəfin var, səni Vətənə layiqli övlad kimi böyüdürəm, hisslərinə, özünə, hər şeyinə nəzarət etməlisən. Sən Azərbaycanın layiqli vətəndaşı olmalısan. Mən səni layiqli vətəndaş kimi böyüdürəm"i  anlatmalıdır.

Öz hisslərinə nəzarət edə bilməyən biri cəmiyyətdə özünə yer tapmaqda çətinlik çəkir. Təcavüz edən insan belə, sonradan peşman olur. Səhvini anlayır, amma onu düzəltmək çox gec olur. Bu səhvi etmədən öncə, biz övladımızın hərəkətlərini diqqətimizdə saxlamalıyıq".

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!