"Bir hüquqşünas kimi tam əminliklə deyirəm ki, yalnız inzibati yollarla korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmaq mümkün deyil. Bunun üçün struktur və institusional islahatlar aparılmalı, hakimiyyət bölgüsünə real məzmun verilməli, çoxpartiyalı sistemin gücləndirilməsi üçün siyasi islahatlar aparılmalı, güclü məhkəmə hakimiyyəti qurulmalı, dövlət qulluqçularına onların layiqli həyatını təmin edəcək qədər maaş verilməsini təmin etmək üçün iqtisadi islahatlar həyata keçirilməlidir".
Yenisabah.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib. Marqarita pizza
O qeyd edib ki, bu istiqamətdə müəyyən addımlar atılır və bu iş sürətlə genişləndirilməlidir:
"Bundan başqa, qüvvədə olan, 1993-cü ildə mərhum Prezident Elçibəyin dövründə qəbul olunmuş, 1995-ci ildə əlavə və dəyişikliklər edilmiş “Varidata təminat verilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu var. Həmin Qanunun 2-ci maddəsinə görə, hər kəs pulunu izahat və deklarasiya təqdim etmədən qanunvericiliklə qadağan olunmayan istədiyi sahəyə yönəldə bilər. 3-cü maddədə isə deyilir ki, Azərbaycan Respublikası vətəndaşı xaricdə sahibkarlıq fəaliyyəti nəticəsində qazandığı pulu ölkəmizə gətirərsə, həmin investisiyalara xarici investisiyalar üçün nəzərdə tutulmuş qaydalar və təminatlar tətbiq olunur. Beynəlxalq Bankda baş vermiş korrupsiya cinayətinin təqibi bir daha sübut etdi ki, bu yolla mənimsənilmiş pulları ya geri qaytarmaq mümkün olmur, ya da cüzi bir qismini geri qaytarmaq olur. Ona görə həmin şəxslərlə fərdi söhbətlərin aparılması yolu ilə vəsaitlərin geri qaytarılması və iqtisadiyyata yönəldilməsini daha ümidverici hesab edirəm".
Millət vəkili qeyd edib ki, bəzi siyasi vəzifə tutan məmurlara görə dövlət hakimiyyət orqanlarının gözdən salınmasına yol vermək olmaz:
"Hansı ki, bunu müşahidə edirik. Qanunsuz əməllərlə məşğul olan müəyyən vəzifəli şəxslər bunu tabeçiliklərində olan bir-iki şəxsin əli ilə edirlər. Qalanları aldıqları məvaciblə dolanırlar. Cəzanın fərdiliyi prinsipi var. Məsələn, əgər bir gömrük, yaxud vergi işçisi rüşvət alırsa, buna görə o, şəxsən məsuliyyət daşımalıdır. Həmin cinayət əməlinə görə bütünlükdə vergi və gömrük orqanlarının üzərinə səlib yürüşü təşkil etmək yolverilməzdir. Əgər dövlət orqanlarında rüşvətxorluq sistemli xarakter daşıyıb, geniş yayılıbsa bu halda rəhbərliyin məsuliyyətindən danışmaq olar. Amma çox təəssüf ki, bəzi jurnalistlər, blogerlər mövcud problemlərin nədən qaynaqlandığını araşdırmaq əvəzinə sifarişlə, hətta, yaxşı mənada fərqlənən ayrı-ayrı vəzifəli şəxsləri də hədəf seçib onlara qarşı total gözdənsalma kampaniyası aparır və beləliklə də bilərəkdən, yaxud bilməyərəkdən dövlət hakimiyyətini gözdən salıb, təxribatlara yol açırlar. Bir daha vurğulayıram, öncə qeyd etdiyim islahatları dərinləşdirmədən, yalnız cinayət təqibi yolu ilə mövcud problemləri aradan qaldırmaq mümkün deyil. Düşünürəm ki, kadrların dəyişdirilməsi əsasən cinayət təqibi qaydasında yox, bir qayda olaraq islahatlar çərçivəsində həyata keçirilməlidir".
Telegram kanalımız