Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun Ermənistan cəmiyyətində son vaxtlar geniş müzakirə olunan “kiçik və real Ermənistan” konsepsiyası ilə bağlı fikirləri sosial şəbəkənin erməni seqmentində geniş reaksiyaya səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, keçmiş nazir öz öz “Facebook” yazısında diqqəti sovet dövründə Azərbaycanın hesabına Ermənistana verilmiş ərazilər məsələsinə yönəldib.
O, ötən əsrin 20-ci illərindən etibarən, Azərbaycanın Qazax, Naxçıvan və Qərbi Zəngəzur torpaqlarının hesabına Ermənistan ərazilərinin xeyli genişləndirildiyini vurğulayıb: Sezar pizza
“Ermənistan seqmentində Paşinyanın nişan şəklində yaxasına taxdığı “kiçik və real Ermənistan” ideyasını dəstəkləməyin və bununla razılaşmağın gərəkli olub-olmadığı barədə mübahisələr gedir. Mən isə düşünürəm ki, bəs sovet hakimiyyətinin Azərbaycan hesabına Ermənistana etdiyi “paylarla” razılaşmalıyıq? Budur, Sİ-dən (Süni İntellektdən) gələn məlumat, istəsəniz xəritələrlə də ola bilər:
1920-ci ildən sonra, Cənubi Qafqazda sovet hakimiyyətinin qurulması və inzibati-ərazi bölgüsü prosesində, Azərbaycan SSR-in ümumi sahəsi 20 min kvadrat kilometrdən çox olan geniş sərhədyanı əraziləri Ermənistana verilmişdir. Aşağıda əsas ərazilərin verilmə xronologiyası təqdim olunur:
1920-ci ilin dekabrı - Qərbi Zəngəzur: Sovet Azərbaycanının partiya rəhbərliyinin qərarı (Bakı Sovetinin bəyannaməsi) ilə Zəngəzur qəzasının qərb hissəsi Ermənistanın tərkib hissəsi kimi tanındı. Bu addım qəti olaraq 1921-ci ilin iyulunda təsbit edildi və bu da Naxçıvanı Azərbaycanın qalan ərazilərindən təcrid etdi.
1922-ci ilin oktyabrı - Qazax qəzasının torpaqları: Azərbaycan SSR-in Qazax qəzasından Ermənistanın xeyrinə 4141 kv. km-dən çox (379 984 desyatin) yararlı və otlaq torpaqları qopardıldı. Sonrakı illərdə qəzanın yerli əhalisi öz yaylaqlarının təxminən yarısını itirdi.
1929-cu ilin fevralı - Şınıx-Ayrım rayonu: Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin (ZaqMİK) qərarı ilə Qazax qəzasının Şınıx-Ayrım rayonunun tərkibindən 4000 desyatinlik sahə Ermənistanın Dilican qəzasına verildi.
1929-cu ilin fevralı - Naxçıvan kəndləri: ZaqMİK-in qərarı ilə Naxçıvan MSSR-dən bir sıra yaşayış məntəqələri, o cümlədən Qurdqulaq, Xaçik, Horadiz kəndləri, həmçinin Ordubad qəzasının Kilit kəndinin torpaqlarının bir hissəsi kəsilərək Ermənistana verildi.
1930-cu il - Meğri rayonunun yaradılması: Naxçıvan MSSR və Cəbrayıl qəzasının əvvəllər verilmiş Azərbaycan torpaqları hesabına Ermənistan SSR-in Meğri rayonu formalaşdırıldı və bu, Naxçıvanın quru yolu ilə ayrılmasını hüquqi və fiziki cəhətdən təsbit etdi.
Əgər sizə təfərrüatlar lazımdırsa, mən bu dövrün sərhəd xəritələrini təqdim edə, respublikaların sahələrinin dəyişmə dinamikasına aydınlıq gətirə və ya bu ərazi dəyişikliklərinin demoqrafik nəticələrini təsvir edə bilərəm.
P.S. Bu, 1920-ci ildən sonra sovet hakimiyyəti tərəfindən Ermənistana hansı ərazilərin və nə vaxt verilməsi barədə suala Sİ-nin (Süni İntellektin) verdiyi cavabdır. Maraqlanan hər kəs bu proqramdan istifadə edərək özü sual verə bilər....”
Bir çox erməni sosial media istifadəçisi paylaşımın rəy bölməsində Tofiq Zülfüqarovun fikirlərinə qarşı çıxıb. Onlardan biri olan Artur Qriqoriyan sülh danışıqlarına inanmağın mənasız olduğunu yazıb: “Yəni ermənilər üçün heç bir yer yoxdur? Torpaqlar qalmadı? Azərbaycanın sülh istədiyinə inanmağın nə mənası var?”
Digər bir istifadəçi Naira Arakelyan isə politoloqun yazdıqlarını sülh əleyhinə çağırış adlandırıb: “Bu kimi yanaşmalar sülhün gedişatına zərbə vura bilər. Biz artıq övladlarımızın ölməsini istəmirik. Nə azərbaycanlı, nə də erməni anaları ağlasın”.
Kristina Marabyanın fikirləri isə daha “maraqlıdır”. O, vaxtilə Ermənistanın Azərbaycana torpaq “güzəştə getdiyini” iddia edib: “Siz niyə Ermənistandan qoparılıb Azərbaycana verilən torpaqlardan danışmırsınız cənab Zülfüqarov? Məsələn, Dağlıq Qarabağ kimi”.
Azərbaycanlı istifadəçilər isə öz növbəsində tarixi faktlar və həmin dövrə aid sənədlərlə Tofiq Zülfüqarovun yanaşmasını əsaslandırıblar.
Nazim Hacıyev
Telegram kanalımız