Məhərrəm ayının başa çatması, yaxın günlərdə isə Səfər ayının da bitməsi ilə Azərbaycanda toy mövsümü yenidən canlanacaq. Aylarla toyunu təxirə salan yüzlərlə cütlük artıq şadlıq evləri, fotoqraflar, musiqi qrupları və digər xidmətlərlə bağlı son hazırlıqlarını görür.
"Yeni Sabah" xəbər verir ki, son illər toy xərclərinin artması səbəbindən cütlüklər büdcələrini qorumaq üçün daha planlı hərəkət etməyə çalışırlar. Mütəxəssislər bildirirlər ki, düzgün planlaşdırma ilə toyun keyfiyyətini aşağı salmadan minlərlə manat əlavə xərcdən yayınmaq mümkündür.
Ən vacib məsələ büdcəni əvvəlcədən müəyyənləşdirməkdir. Bir çox ailə əvvəlcə sifarişləri verir, daha sonra xərcləri hesablayır. Bu isə planlaşdırılmayan ödənişlərin yaranmasına səbəb olur. Büdcə əvvəlcədən müəyyənləşdirildikdə hansı xidmətlərə nə qədər vəsait ayrılacağı dəqiq bilinir. Toyuqlu pizza
Qonaq siyahısının şişirdilməsi də ən böyük xərc mənbələrindən biridir. Tanışların, uzaq qohumların və formal dəvətlərin çoxluğu həm zalın qiymətini, həm də yemək xərclərini artırır. Mütəxəssislər yalnız həqiqətən yaxın insanların dəvət olunmasını tövsiyə edirlər.
Toy məkanını seçərkən yalnız məşhur restoranlara üstünlük vermək də büdcəyə ciddi təsir edir. Eyni səviyyədə xidmət göstərən, lakin daha münasib qiymət təklif edən məkanları müqayisə etmək əlavə qənaət etməyə imkan yaradır.
Bir çox cütlük eyni xidmət üçün bir neçə şirkətdən qiymət almadan ilk təkliflə razılaşır. Halbuki foto və video çəkilişi, aparıcı, musiqi qrupu, dekorasiya və tort sifarişi üzrə müxtəlif təklifləri müqayisə etmək yüzlərlə manat fərq yarada bilər.
Mütəxəssislər bildirirlər ki, dekorasiyada dəbdəbəyə həddindən artıq pul xərcləmək də düzgün seçim deyil. Bahalı güllər, xüsusi dekor elementləri və əlavə bəzəklər qonaqların diqqətini cəmi bir neçə saat çəkir, lakin büdcədə böyük pay tutur.
Toy geyimlərinin alınması əvəzinə kirayəyə götürülməsi də qənaət yollarından biri hesab olunur. Xüsusilə gəlinlik üçün bu seçim minlərlə manat fərq yarada bilər.
Dəvət kartları da əlavə xərc yaradan amillərdəndir. Hazırda bir çox cütlük elektron dəvətnamələrdən istifadə edir. Bu üsul həm daha sürətli, həm də daha sərfəlidir.
Toydan əvvəl təşkil olunan müxtəlif əlavə mərasimlər də ümumi xərcləri artırır. Nişan, xına gecəsi, fotosessiya, "after party" və digər tədbirlərin hamısını keçirmək əvəzinə, cütlüklər öz büdcələrinə uyğun seçim edə bilərlər.
Təşkilatçılar xidmət göstərən şəxslərlə müqavilə bağlamağı da vacib hesab edirlər. Bu, sonradan əlavə ödəniş tələblərinin və ya anlaşılmazlıqların qarşısını ala bilər.
Toy planlaşdıranlara son günlərdə edilən emosional alış-verişdən də uzaq durmaq tövsiyə olunur. Son anda alınan aksesuarlar, hədiyyələr və müxtəlif əlavələr əksər hallarda əvvəlcədən nəzərdə tutulmayan xərclərə səbəb olur.
Ən əsası isə toy üçün kredit götürmək və ya uzunmüddətli borca girmək məqsədəuyğun hesab edilmir. Onların fikrincə, yeni ailə həyatına maliyyə yükü ilə başlamaq əvəzinə daha sadə, lakin planlı mərasim təşkil etmək gələcək üçün daha doğru seçimdir.
Əsmətxanım Rzazadə
Telegram kanalımız