ABŞ Prezidenti Donald Tramp Fransada baş verən hadisələrdən danışaraq ölkə rəhbərliyini sərhədləri bağlamağa çağırıb. O, illər əvvəl Fransa Prezidenti Emmanuel Makronu da bu barədə xəbərdar etdiyini bildirib.
“Yeni Sabah” xəbər verir ki, Tramp oktyabrın 19-da “Truth Social” sosial şəbəkəsində Fransadakı vəziyyətlə bağlı paylaşım edib. “Miqrantlar Fransanı ələ keçirib. Paris rəhbərliyi sərhədi tez bir zamanda bağlamalıdır”, - deyə o yazıb. Tramp həmin gün Kanzas ştatında keçirdiyi görüşdə də Fransadakı qarışıqlıqlardan danışıb. O bildirib ki, hələ illər əvvəl Makronu sərhəd nəzarətini gücləndirməyə çağırıb.
“Ona demişdim ki, sərhədi bağla, yoxsa Fransanı itirəcəksən”. Dominos pizza
Tramp Fransa rəhbərliyinin böyük səhvə yol verdiyini də iddia edib. O, Parisin gələcəkdə müsəlmanların üstünlük təşkil etdiyi şəhərə çevrilə biləcəyini söyləyib. ABŞ Prezidenti Avropa ölkələrinin miqrasiya siyasətini tənqid edərək onların öz ölkələrini və Avropanı itirmək təhlükəsi ilə üzləşdiyini iddia edib. O, ABŞ-nin miqrasiya ilə bağlı sərt tədbirlərinin ölkəsini qoruduğunu vurğulayıb.
Fransanın Baş naziri Sebastyan Lekornu isə baş verən hadisələrlə bağlı yerli hakimiyyət orqanlarının ictimai asayişi qorumaq üçün bəzi ərazilərdə gecə küçəyə çıxmağa məhdudiyyətlər tətbiq etdiyini bildirib. Fransa mətbuatının məlumatına görə, etirazlar sentyabrda Paris ətrafındakı məktəblərdə başlayıb. Şagirdlər müəllim çatışmazlığına və məktəblərin vəziyyətinin pisləşməsinə etiraz ediblər. Sonradan nümayişlər digər ərazilərə də yayılıb. Qiymətlərin artmasından və dövlət xidmətlərinin keyfiyyətinin aşağı düşməsindən narazı olan müxtəlif qruplar da etirazlara qoşulublar.
“Guardian” nəşrinin yazdığına görə, oktyabrın 17-də zorakılıq hadisələri baş verməzdən əvvəl Fransanın müxtəlif şəhərlərində yüz minlərlə insan dinc yürüşlər keçirib. Lakin radikal qrupların bir hissəsi polislə toqquşub, binalara, mağazalara, supermarketlərə və hüquq-mühafizə orqanlarının avtomobillərinə hücum edib. Parisdə Respublika meydanı yaxınlığında keçirilən yürüş də qarşıdurmaya çevrilib. Qara geyimdə olan və üzlərini maska ilə örtən şəxslər polisə daş və fişəng atıblar. Polis nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.
Zorakılıq digər şəhərlərə də yayılıb. Limoges şəhərində etirazçılar 143 illik bələdiyyə binasını yandırıblar və bina, demək olar ki, tamamilə yanıb. Marseldə isə nümayişçilər küçələrdəki təhlükəsizlik maneələrindən istifadə edərək qapıları sındırıb və bələdiyyə binasına daxil olublar.
Əsmətxanım Rzazadə
Telegram kanalımız