"Geosiyasi şərait Ermənistanın xeyrinə inkişaf edərsə və Türkiyə ilə sərhəd açılarsa, o zaman Ermənistandakı bütün sahibkarlar müsbət effekt hiss edəcəklər".
Yenisabah.az "Armenpress"ə istinadla xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan deyib.
O, Türkiyənin Ermənistandan birbaşa hava nəqliyyatı ilə yüklərin daşınmasına qoyulan qadağanın ləğvi ilə bağlı son qərarına və bunun Ermənistan iqtisadiyyatına mümkün təsiri məsələsinə toxununub:
“Hələlik müntəzəm uçuşlar yoxdur. Düzünü desəm, ölkələr arasında yaxın məsafəni nəzərə alsaq, çox güman ki, olmayacaq, çünki quru yolu ilə, Gürcüstan ərazisindən keçən nəqliyyat əlaqələri kifayət qədər əlçatandır. Hava əlaqəsi isə ilk baxışdan o qədər də cəlbedici deyil”.
V. Kerobyan bəzi məhsul növlərinin müntəzəm daşınmasını istisna etməyib:
“İstənilən halda, sərnişin hava daşımaları zamanı yüklər də daşınır ki, bu da əslində, bir növ hava yük daşımalarıdır. Sadəcə olaraq, hələ yük təyyarələri yoxdur, bəlkə də olmayacaq. Bu, bizi xüsusilə narahat etmir”.
Türkiyə ilə sərhədlərin mümkün açılmasının iqtisadiyyata təsiri ilə bağlı Kerobyan deyib: “Türkiyə ilə sərhədin açılması yüksək iqtisadi artıma gətirib çıxaracaq, çünki Türkiyə bazarı, kommunikasiyaların açılması həm ölkəyə geniş imkanlar verəcək. Türkiyə bazarına girmək və malların Yaxın Şərq ölkələrinə daşınması baxımından. Bütün bunlara təbii ki, yerli-yerində, kiçik bir mənzərə kimi baxmaq lazım deyil. Bu, böyük bir şəklin kiçik bir hissəsidir.
Əgər geosiyasi şərait bizim xeyrimizə inkişaf etsə və biz son nəticədə buna nail olsaq, əminəm ki, bütün erməni iş adamları bunun müsbət təsirini hiss edəcəklər”.
Telegram kanalımız