“Burada səbəblər müxtəlifdir. Birinci səbəb odur ki, rus ordusu artıq yorulub və 3 ay ərzində rus ordusunun demək olar ki, heç bir irəliləyiş əldə etməməsi də bunu göstərir”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib.
Politoloq son bir neçə həftədir ki, Ukrayna ordusunun aktiv əks-hücum əməliyyatlarına start verməsi ilə bağlı, habelə Rusiyanın cəbhədə geriyə addım atmasının pərdəarxası məqamlarına toxunub. pizza mizza
Siyasi analitik bunu iki cür ehtimallandırıb:
“Bu, ya yorğunluqdur, ya da ki, strateji mövqelənmə. Çünki Rusiya dövləti də mühairbəni uzatmaqla qarşı tərəfin gücünü sınağa çəkməyə çalışır. Çünki qarşıdan payız, qış ayları gəlir və müharibənin davam etməsi təbii ki, soyuq havalarda Avropanın təbii qaz böhranı yaşamasına səbəb ola bilər. Rusiya təbii qazdan silah kimi istifadə edərək Qərbin müqavimətini qırmağa çalışacaq. Rusiyanın perspektivindən baxsaq, müharibə buna görə uzanır. O da bir həqiqətdir ki, artıq Rusiya ordusu əməliyyat şəraitini istədiyi kimi tənzimləyə bilmir. Bir neçə aydır heç bir irəliləyişə nail olmaması bundan irəli gəlir”.
Müsahibimizin sözləinə görə, Ukraynaya ordusu artıq döyüşlərdə müəyyən təcrübə qazanıb:
“İlk növbədə, onu demək lazımdır ki, NATO ölkələrində təlimlərə cəlb olunmuş Ukrayna hərbçiləri artıq ön cəbhədə döyüşlərdə iştirak edir. Təlimlərində iştirak edən Ukrayna hərbçiləri müasir silahlardan istifadə qaydalarını mənimsəyiblər. Bu, çox ciddi məqamdır. Çünki müharibənin ilk aylarında ukraynalıların NATO silahları ilə döyüşmək təcrübəsinin olmadığına dair iddialar yayılmışdı.
Digər tərəfdən, Qərb aramsız şəkildə Ukrayna ordusunu güclü və müasir silahlarla təchiz edir. Bu məsələdə bütün NATO ölkələrinin həmrəyliyi müşahidə olunmaqdadır. Hətta Almaniya dövləti belə, – hansı ki, müharibənin ilk aylarında bitərəf mövqe sərgiləməklə Qərbdəki siyasi cameəsinin qınaq obyektinə tuş gəlmişdi – Ukrayna ordusunun təchizatında çox ciddi rol oynayan ölkələrdən birinə çevirilibdir”.
C. Əhmədli deyib ki, Ukraynanı sona qədər dəstəkləməklə bağlı Qərbdə ümumi konsensus mövcuddur:
“NATO-nun sonuncu zirvə toplantısında Rusiya əsas təhdid mənbəyi kimi qəbul olundu. Yəni artıq Ukraynanın bundan sonra NATO-dan ciddi hərbi dəstək alacağına şübhə yoxdur. Xatırladaq ki, oktyabr ayının 1-də “Lend-Liz haqqında qanun” qüvvəyə minəcək. Bu qanun isə ABŞ prezidentinə Konqresin rəyini almadan Ukraynaya istənilən həcmdə silah və maddi yardım ayırmaq səlahiyyəti verir. Başqa sözlə, gələn aydan etibarən ABŞ-ın Ukraynaya daha çevik yardımlar etməsi üçün hüquqi zəmin olacaq. Bu amil Ukrayna ordusunun döyüş meydanında daha ciddi uğurlar qazana biləcəyi ehtimalını gücləndirir.
Rusiyanın nüvə təhdidlərinə toxunan siyasi şərhçi əlavə edib:
“Rusiya rəhbərliyi bu müharibəyə başlayanda məğlubiyyət variantını gözə almamışdı. Əgər hadisələr Rusiyanın məğlubiyyətini qaçılmaz etsə, Kremlin daha radikal addımlar ata biləcəyi istisna deyil. Putin isə elə bir xarakterə sahibdir ki, o, heç vaxt məğlub obrazını qəbul etməyəcək. O, Rusiyanın məğlub olmaması üçün istənilən addımın atılmasını məqbul görə bilər və təbii ki, bu addımlardan biri də nüvə silahından istifadə ola bilər. Yəni Ukrayna ordusu cəbhədə aramsız şəkildə irəliləsə, düşünürəm ki, Rusiya dövləti məğlubiyyətlə barışmayacaq və bu halda bəşəriyyət çox təhlükəli tendensiyalarla üzləşə bilər.
Əsas sual isə Avropanın qarşıdan gələn qış aylarında təbii qaz sınağından necə çıxacağı ilə bağlıdır. Hesab edirəm ki, əgər dərin enerji böhranı yaşansa, Qərb özü də güzəştlərə getmək haqda düşünə bilər".
Rafi MÜSLÜMOV
Telegram kanalımız