Əməkdar artist, Akademik Musiqili Teatrın aktyoru Çingiz Əhmədov "Space" telekanalından çıxması ilə bağlı danışıb.
Yenisabah.az Moderator-a istinadla az xəbər verir ki, sənətçi bu barədə suallarını cavablandırıb.
- "Speys" telekanalından getmisiniz. Çünki sizin “Nuşi can” adlı verilişinizdə artıq aparıcı qismində müğənni Aygün Şükürovanı görürük. Bilmək olarmı niyə telekanalı tərk etdiniz? Pepperoni pizza
- Telekanalın sədri Müşfiq Hətəmov və bədii rəhbər İman Məcidov gedəndən sonra orada kollektiv demək olar ki, dağıldı. Yeni gələn sədr Vado Korovin isə mənə dedi ki, “istəyirəm mətbəx verilişini kişi yox, qadın aparsın”. Mən onsuz da Müşfiq müəllimin, İman Məcidovun xətrinə bu kanala gəlmişdim. Reytinq də səhər verilişi üçün çox əla gəlirdi. Etiraz etmədim və kanalı tərk etdim. İndi kanal çökür, veriliş baxılmır. Bütün verilişlərin reytinqi demək olar ki, sıfıra bərabərdir. Rəhbərlik dəyişəndən sonra fikirləşirdim ki, efirdə olan verilişlərdə yeniliklər olacaq, amma Vado yeniliyi aparıcıları dəyişməyi və peşəkarların işdən çıxarılmasında gördü. Bu da özünü doğrultmadı.
- Demək ki, məqsəd sizi televiziyadan uzaqlaşdırmaq idi.
- Nəinki məni, bütün peşəkarları. Mənim verilişimə gündəlik 25-30 zəng gəlirdi. Tamaşaçılar izləyirdi, ağız dolusu danışırdılar. Biz tamaşaçılarla ünsiyyətdə olurduq. Aparıcı xanım bu gün deyir ki, “çoxsaylı tamaşaçıların xahişinə görə verilişi 2 saat etmişik”. Mənim vaxtımda veriliş 1 saat yarım idi. Verilişi 2 saat etməklə deyil ki! Nə danışırsınız? Nə göstərirsiniz? Aşpazları da verilişdən uzaqlaşdırıblar. Müğənni gəlir, həm yemək bişirir, həm də ki, oxuyur. Bu 2000-ci illərdə Ans telekanalıda yayımlanan “Günəbaxan”, “Qaynar qazan” verilişlərində olub. Bunun effekti yoxdur axı. Məndən sonra verilişi Banu Günel 1 ay apardı. 2-3 gündür verilişi izləyirəm, içi boşdur. Bu kanalın evini yıxmaq sayılır.
- Yenidən dəvət gəlsə hansı şərtlər əsasında telekanala qayıdarsınız?
- Şükür Allaha ki, 38 ildir teatrda fəaliyyətdəyəm. 26-27 ildir ki, aparıcılıq stajım var. Dövlət televiziyasından tutmuş bütün özəl televiziyalara qədər verilişlərim olub. Bilirəm ki, peşmandırlar da. Təbii ki, yenidən qayıtsam şərtim bu olacaq ki, iki maaş verirsinizsə mən gəlirəm, bir maaşa gəlmirəm.
- Sizcə yeni gələn kanal rəhbəri peşəkarları televiziyadan uzaqlaşdırmalıdır?
- Əlbəttə, yox! Bu atalarının kanalı deyil ki, sən gələn kimi peşəkarları kanaldan uzaqlaşdırırsan. İman Məcidov 20 ilə yaxındır o televiziyada işləyirdi. Onun Speysdən getməyi sözün əsl mənasında məni “yandırdı”. O kanalda İman Məcidovun dabanında olan ağıl, müəyyən adamların heç beynində yoxdur. Mən buna görə çoxu nifrət etdim. İndi telekanal başlı-başına qalıb. Mən 5 ay orada veriliş apardım. Necə ki, teatrda rolllarımı sevirəm, əzizləyirəm, o verilişi də əzizlədim. Yuxuma haram qatıb, gəlib verilişi aparırdım. Çünki sağlam kollektiv, sağlam insanlar var idi. Müşfiq Hətəmov kanalı elə gözəl idarə edirdi ki, hamı bir-birinə can deyib, can eşidirdi. Müşfiq müəllim çörəyi çörəkçiyə vermişdi, gəlib çörəkçidən çörəyi aldılar.
Telegram kanalımız