Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir.
TNS xəbər verir ki, xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” və “Heydər çərşənbəsi” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür.
Yel çərşənbəsi günündə əsən isti külək yazın gəlişindən xəbər verir. İnanclara görə, bu çərşənbədə külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz şənliklərində icra olunan “Yel baba” mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın yel Tanrısına etiqadı ilə bağlıdır.
Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıq görürlər. Ev əşyaları təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Həmin gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır. pizza mizza
Qeyd edək ki, xalqımız min illərdir, əvvəlcə Su çərşənbəsini, sonra Od çərşənbəsini, üçüncü Yel çərşənbəsini qeyd edir. Sonuncu ilaxır çərşənbə isə Torpaq çərşənbəsidir.
Naxçıvanı Azərbaycandan tamamilə qopartmağı qarşısına məqsəd qoyan muxtar respublika Ali Məclisinin sabiq sədri Vasif Talıbov min illik adət-ənənələrimizə də müdaxilə edərək çərşənbələrin yerini dəyişdirmişdi.
Naxçıvanın alimlərini ilaxır çərşənbələri onun müəyyənləşdirdiyi ardıcıllıqla təqdim etməyə məcbur edən Vasif Talıbov absurd və gülünc arqumetlər irəli sürür, bu barədəki çıxışlarında Azərbaycan alimlərini aşağılayır, xalqın min illədir ki, düzgün yolda olmadığını bildirirdi.
İllərdir ki, Naxçıvanda ilaxır çərşənbələr belə ardıcıllıqla qeyd edilirdi: muxtar respublikada birinci Su, ikinci Torpaq, üçüncü Yel çərşənbəsi qeyd olunurdu. Naxçıvanda sonuncu ilaxır çərşənbə Od çərşənbəsi idi.
Vasif Talıbov deyirdi ki, ilaxır çərşənbədə tonqal qalanırsa, deməli, bu, Od çərşənbəsidir.
Bir sözlə, Naxçıvan və naxçıvanlılar belə bir adamın əlində əsir-yesir qalmışdı.
Əlbəttə ki, naxçıvanlılar ilaxır çərşənbələri min illərdir, necə qeyd edibsə, elə də keçirirdi. Vasif Talıbov sadəcə yerli mediada çərşənbələrin onun istədiyi ardıcıllıqla təqdim edilməsinə, Naxçıvanda çərşənbələrlə bağlı tədbirlərin özünün tələb etdiyi kimi keçirilməsinə nail olmuşdu.
Bu il artıq Naxçvanın yeli mediasında ilaxır çərşənbələr min illərdir, qeyd olunan ardıcıllıqla təqdim edilir.
Beləliklə, Vasif Talıbovun daha bir absurd ideyası və qadağası tarixin zibilliyinə atılıb.
İlaxır çərşənbələriniz mübarək!
Qeyd edək ki, martın 14-də axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək.
Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.
Telegram kanalımız