Vətən Müharibəsi Qəhrəmanının doğum günü qeyd edildi 

saytların hazırlanması

Evə çatdırılma

Vətən Müharibəsi Qəhrəmanının doğum günü qeyd edildi 

Sosial

02 Sentyabr 2021 11:11 1162


Torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında böyük şücaət göstərərək canını Vətən yolunda qurban verən igidlərimizdən biri də “Vətən Müharibəsi Qəhrəmanı”, pilot şəhid, polkovnik Zaur Nudirəliyevdir. 

Zaur Nudirəliyev 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olub. 1995-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseydən məzun olan Zaur Nudirəliyev, həmin ildəcə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə qəbul olub və 2000-ci ildə oranı "Təyyarəçi" ixtisası üzrə bitirib. Daha sonra Zaur Nudirəliyev 2011-2013-cü illərdə Almaniyada General-Admirallar üçün Hərbi Liseydə təhsil alıb. 

Zaur Nudirəliyev 20 il davam edən hərbi xidməti ərzində Müdafiə Nazirliyi tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli, "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli və digər medallarla təltif edilib. Dominos pizza

Vətən Müharibəsi zamanı Hərbi Hava Qüvvələri tərəfindən Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələri, canlı qüvvələri, cəmləşmə yerləri məhv edilib, nəticədə Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunub. 7 gün ərzində 12 uçuşu uğurla başa vuran Zaur Nudirəliyev, oktyabrın 4-də Cəbrayıl rayonu istiqamətində 13-cü uçuşunu reallaşdırdı. Bu uçuş zamanı ağır yaralanmasına baxmayaraq Zaur Nudirəliyev təyyarədən hatapult edə bilərdi.  Amma o, mənfur düşmənə əsir düşməməsi üçün təyyarəni Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırpıb, çoxlu sayda düşməni məhv edib və özü isə şəhid olub. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. O cümlədən,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Zaur Nudirəliyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə",  "Suqovuşanın azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medallarıı ilə təltif edilib.

01 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, şəhid Zaur Nudirəliyevin ailəsi, hərbçi yoldaşları, eləcə də rayonun digər şəhid ailələri II Şəhidlər Xiyabanına gəlib, Vətən Müharibəsi Qəhrəmanının məzarını ziyarət edib, onun əziz xatirəsini hörmət və ehtiramla yad ediblər. Çıxışçılar Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin, o cümlədən Zaurun xatirəsinin əziz tutulduğunu, hər zaman xalqımızın qəlbində əbədi yaşayacağını qeyd ediblər. Şəhid ailələrinə və qazilərə göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyi bildirilib. Şəhid ailəsi üzvləri bu diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər. Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi qayğı və dəstək xüsusi vurğulanmış, şəhid ailələri bu qayğıya görə ona təşəkkür ediblər. 

Sonda Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələri ilə birgə digər Vətən Müharibəsi şəhidlərinin də məzarlarını ziyarət edib, xatirələri dərin hörmətlə anılıb.

Daha sonra Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən abad məhəllədə “Qəhrəman ömrü” adlı tədbir keçirilib. Belə ki, “Vətən Müharibəsi Qəhrəmanı”, polkovnik Zaur Nudirəliyevin xatirəsinə həsr olunmuş futbol turniri, şahmat və dama yarışları keçirliib. Həmçinin tədbir zamanı müxtəlif yarışların qalib karateçiləri tərəfindən nümunəvi çıxışlar göstərilib,  gənc rəssamlar tərəfindən Qarabağa həsr edilmiş rəsmlər çəkilib və sonda rəsmlər tədbir iştirakçıları üçün nümayiş etdirilib. Sonda yarış iştirakçıları, gənc rəssamlar şəhid ailə üzvləri və digər tədbir iştirakçıları tərəfindən diplomlarla təltif edilib, şəhidin ailə üzvünə Xatirə Diplomu və Azərbaycan Dövlət Bayrağı təqdim olunub.

Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik Zaur Nudirəliyevin ailəsi yaşadıqları ünvanda bir daha ziyarət olunub, şəhidin yağlı boya ilə çəkilmiş portreti ailəsinə təqdim edilib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!