Vilayət Eyvazovdan təyinat metodu ilə bağlı yenilik

Vilayət Eyvazovdan təyinat metodu ilə bağlı yenilik
İyul 15, 2019
Oxunma sayı: 1188

Bu gün Daxili İşlər Nazirliyində bu il Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunların paytaxtın polis orqanlarında orta rəis heyəti vəzifələrinə təyin olunmalarına həsr olunmuş tədbir keçirilib.

"Yeni Sabah" xəbər verir ki, tədbirdə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov da iştirak edib.

Baş Kadrlar İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov nazirliyə Bakı qeydiyyatında olan 41 məzunun dəvət edildiyini bildirib, vakant vəzifələrin və namizədlərin siyahısını elan edib.

Daha sonra püşkatma yolu ilə təyinat keçirilib. Polisin orta rəis heyəti vəzifələrinə iddiaçı olanlar həmin vəzifələrin qeyd edildiyi xüsusi zərfləri çəkmiş və ərazi polis orqanlarında vakant olan zabit vəzifələrinə təyinat alıblar.

Akademiyanı fərqlənmə diplomu və əla qiymətlərlə bitirmiş beş məzundan biri nazirliyin Baş Təşkilat-İnspeksiya İdarəsinə, biri Baş Cinayət Axtarışı İdarəsinə, biri Baş Kadrlar İdarəsinə, iki nəfər isə müstəntiq vəzifələrinə təyin ediliblər.