“Virus bu dəqiqə Azərbaycanda elə bir vüsət alıb ki...” 
29 İyn 2020 20:33
1785

“Virus bu dəqiqə Azərbaycanda elə bir vüsət alıb ki...” 

Karantin rejimi sərtləşdirildikdən sonra yeni yoluxma hallarında kəskin artım dinamikası dayanıb. Belə ki, hazırda yoluxma sayındakı gündəlik  rəqəm 520-550 arasındadır. Əvvəlki təcrübəyə əsasən, demək olar ki, karantinin ilkin təsiri onu tətbiq edəndən bir müddət sonra daha aydın görünməyə başlayır. Bu mənada, qarşıdan gələn günlərdə yoluxma hallarının sayında enmənin müşahidə olunması ehtimalı böyükdür. 

Maraqlıdır, stabilliyin  azalma ilə əvəzlənməsi üçün karantin müddəti uzadılmalıdırmı? 

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən terapevt Rasif Bağırov bildirib ki, karantinin tətbiq olunmasına baxmayaraq, yoluxma sayı hələ də çoxdur. Buna görə də karantin müddəti bir qədər də uzadılmalıdır:

"İlkin dövrlərdə karantin həyata keçirilən zaman qəti tədbirlər görülüb bütün tibb işçilərinin əməyindən istifadə edərək  mübarizə aparmaq əvəzinə, tibb işçilərini evə dincəlməyə göndərdilər, guya ancaq təcili tibbi yardımın köməyi ilə koronavirus məsələsi həll olunacaqdı. 

Təəssüflər olsun ki, məsələ tam həll olunmadan karantinin yumşaldılması prosesi getdi. Nəticədə isə əhali arasında yayılma sürətləndi. Yayılma o dərəcədə sürətlənib ki, onu indiki karantin tədbirləri ilə önləmək çox çətindir. Yəni bütün tibb işçilərinin əməyinin bir yerə toplanması belə virusu aradan qaldırması üçün çözüm deyil. Ona görə də karantin müddəti kifayət qədər uzadılmalıdır. Ciddi karantin rejimi həyata keçirilməlidir və eyni zamanda əlavə tədbirlər də həyata keçirilməlidir ki, o tədbirlər əsasında yoluxmanın qarşısı alınsın".

Həkim virusun yayılmaması üçün nəqliyyat vasitələrində görülməli olan tədbirləri də diqqətə çatdırıb:

"Ölkə əhalisinin böyük bir qismi avtobus və metrolardan istifadə edir. Həmin avtobus və metrolardan insanlar çox sıx  olurlar. Sıxlıq olduqda isə virusun yayılmasına şərait yaranır. Gün ərzində Bakı kəndlərindən, Sumqayıt şəhərindən Bakının mərkəzinə gələn avtobusların içərisinə baxsaq, sıxlığın hansı həddə olduğunu aydın şəkildə görərik. Heç o şəraitdə maska taxılması da prosesin qarşısını almır. Çünki maska taxılması ancaq müəyyən məsafə olan zaman kömək edir. Yaxın məsafə olduqda maska yoluxmanın qarşısını ala bilmir. 

Bir xəstənin toxunduğu yerə əlli adam toxunur, nəticədə isə hamı yoluxur. Marşrutların arasındakı interval qısaldılmalıdır ki, insanlar ondan istifadə edərkən basabas yaranmasın. Biz bunu əvvəldən deyirik, amma elə eyni vəziyyətlə qarşılaşırıq. Nəqliyyat vasitələri az benzin işlədib çox pul qazansın deyə, 10 dəqiqəlik məsafəni 15-20 dəqiqə edirlər. Bu isə yoluxma sayına təsir edir. 

Bundan əlavə sözügedən proseslərə nəzarət də olduqca zəifdir. Məsələn, avtobusları polis işçiləri yoxladıqda hamı maskanı taxır, onlar gedən kimi əksi baş verir, yəni maskanı  çıxarırlar. Bunu polisə həvalə etmək yerinə, işin məsuliyyəti sürücülərə tapşırılsa, daha yaxşı olar. Sürücülər camaatın gözünü deşib pul aldıqları kimi, həmin ciddiyyətlə maska taxılmasına da nəzarət etsələr, daha effektli yol görərik. Əgər polis işçisi avtobusu yoxlayanda bir nəfər maskasız adam görərsə, sürücünü cəzalandırsın. Bu zaman qaydaya əməl edən daha çox olacaq. Çünki hazırda sürücünü cəzalandırmırlar və buna görə də kimin maska taxıb-taxmaması sürücünün vecinə olmur. 

Axı bu işin normal bir forması tapılmalıdır. Bütün sahələr üzrə müəyyən tədbirlərin həyata keçirilməsi üçün şərait var, amma nəzarət yoxdur".

Rasif Bağırov qeyd edib ki,  təkcə polisin və həkimlərin səyi nəticəsində koronavirusdan qurtulmaq mümükün olmayacaq:

"Burada çox güclü şəkildə ictimaiyyətin bütün təbəqələrini işə cəlb etmək lazımdır ki, nəzarət güclü olsun. Hələ bu günün özündə çox adam virusa inanmır. Oturub söhbət edirlər ki, görəsən, koronavirus doğrudan varmı? Adam dəhşətə gəlir ki, dünya bu vəziyyətdədir, ölkədə hər gün nə qədər adam yoluxur, amma bunlar hələ də qeyri-ciddi yanaşırlar. İnternetdə koronavirus və onunla mübarizə tədbirlərilə bağlı əks təbliğat prosesi aparanlar var. Guya bu, yalandan ortaya atılan bir oyundur. Mən belə təbliğatlar aparanlara qarşı tədbir görən kimisə görməmişəm. Dövlət də onlara  tədbir görmür. Halbuki  buna ciddi nəzarət edilməlidir.  

Gözlərinin qabağında ölənləri görmürlər, guya baş verənlər hansısa milyarderin oyunudur. Ona görə də bütün ictimai qurumların gücündən istifadə edilməlidir. Məsələyə qarşı birgə tədbir görülsə, müəyyən nəticələr əldə olunacaq. Virus bu dəqiqə Azərbaycanda elə bir vüsət alıb ki... 

Hazırda həddindən artıq çətin vəziyyətdir. Yaxşı olardı ki, testlər Rusiyadan yox, Almaniyadan, Avropadan, Amerikadan alınsın. Kütləvi şəkildə əhalinin testləşdirilməsi həyata keçirilsin. Bütün həkim kollektivlərinin gücündən buna qarşı istifadə olunmalıdır. Məsələn, poliklinika həkimləri var, yerlərində otururlar, guya öz sahələrinə nəzarət edirlər, bir həkim və ya tibb bacısı sahəsində çıxıb axtarmır ki, görsün harada temperaturu olan xəstə var. İnsanlarla yerində məşğul olan, evində karantinin təşkil edən bir nəfər tapılmır. Dərman verən, testlərin asanlaşdırılmasını təmin edən yoxdur. 

Bu günmən çox adama rast gəlirəm ki, özlərini yoxlamaq istəyirlər, amma yoxlatdıra bilmirlər, təkcə qalırlar ağciyərlərin tomoqrafiyasının ümidinə, hətta onu da bilmirlər, çünki elə adam var ki, bunun üçün imkanı yoxdur. Nəticədə həm evdəkiləri, həm digər yaxın adamlarını virusa yoluxdururlar.  Qeyd etdiyim məsələlər  Azərbaycanda qlobal xarakter daşımalıdır, mənə elə gəlir ki, bu olsa, nəsə etmək mümkün olar".

Sayad Həsənli

 

Oxşar xəbərlər