Ali məktəblərə və kolleclərə ərizə qəbulu başa çatıb. Ümumilikdə 115.245 abituriyent ərizəsini təsdiqləyib. Əvvəlki illərlə müqayisədə ali məktəb və kolleclərə sənəd verənlərin sayında artım müşahidə edilib. Belə ki, ötən il 107 188 abitutiyent ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün öz ərizəsini təsdiq edib. 2022-ci ildə isə bu rəqəm 99 538 nəfər idi. Beləliklə, ərizəsini təsdiq edən abituriyentlərin sayı 2023-cü illə müqayisədə 8 mindən çox, 2 il əvvəllə müqayisədə isə 16 minə yaxın artıb. Ümumilikdə bu il ərizəsini təsdiq edənlərin sayı rekord hesab edilir. Tələbə olmaq istəyənlərin sayında nəzərə çarpan artım digər tərəfdən bir sıra məsələləri də gündəmə gətirir. Artıq uzun illərdir ki, ali təhsil müəssislərini bitirən şəxslərin öz ixtisasları istiqamətində iş tapa bilməməsi və müxtəlif sahələrlə bağlı iş yerlərinin azlığı aktual müzakirə mövzusudur. Bu istiqamətdə orta məktəbi bitirən gənclərin peşə təhsilinə yönləndirilməsi ilə bağlı bir sıra dövlət layihələri də mövcuddur.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Nurəddin Mehdixanlı deyib ki, gənclərin hansısa təhsil növünə istiqamətləndirilməsi daha çox təbliğat və təşviqatla bağlı olan məsələdir.
“Məsələ burasındadır ki, illər keçdikcə əhalinin sayı artır və əhalinin sayı artdıqca şagirdlərin, abituriyentlərin, o cümlədən tələbələrin də sayı artır. Bunun qarşısını hansısa qanun və digər vasitələrlə almaq mümkün deyil. İnsanları zorla, məcburi formada peşə sahəsinə yönləndirmək olmaz. Bu onların öz istəkləri ilə olmalıdır. Əlbəttə, yaxşı olardı ki, gənclər peşə sahəsinə də getsinlər. Amma bu təbliğatla, insanları peşə təhsilinə təşviq etməklə bağlı olan məsələdir. İkincisi, peşə sahəsinə gedən gənclər peşə məktəbini bitirdikdən sonra işlə təmin olunmalıdır. Buna görə də ölkəmizdə çoxsayılı işçiyə ehtiyacı olan zavodlar, fabriklər olmalıdır. Peşə məktəbini bitirənlər üçün öz peşələri ilə məşğul olmaq üçün iş yerləri açılmalıdır. İndi bəzən keçmişdə nə olubsa, onu inkar edirlər. Ancaq indi bu cəmiyyət varsa və bu cəmiyyətdə kifayət qədər savadlı, ziyalı insanlarımız varsa, deməli bu həm də keçmişin məhsuludur. Bu mənada mənə belə gəlir ki, ali məktəblərdə müəyyən sahələr üzrə pilot layihə formasında müəyyən peşələr üzrə təyinatlar müəyyən etmək lazımdır”. Pepperoni pizza
Xalq artisti məzunların işlə təmin olunması istiqamətində əvvəllər tətbiq edilmiş nümunəni misal çəkib.
“Bu gün Azərbaycanın bir çox rayonlarının məktəblərində müəllim çatışmazlığı var. Elə olur ki, coğrafiya müəllimi həm ədəbiyyat, həm də kimya fənnindən dərs deyir. Əgər tələbə müəllimlik ixtisasına qəbul olunubsa, ən azı birinci 3 il müddətinə təyinatla bölgələrə göndərilməlidir. O zaman yerlərdə müəllim çatışmazlığının qarşısını almış olaraq. Bu çox ciddi məsələdir. Ona görə də, mənə elə gəlir ki, təhsil və peşə sahəsində insanları müxtəlif sahələrə təşviq etmək, həvəsləndirmək lazımdır. İnsanlar bilməlidir ki, gedib hansısa peşəni öyrənib gələcəyini daha yaxşı təmin edə bilər. Bunlar hamısı kompleks şəkildə həyata keçiriləcək tədbirlərdir. Ayrı-ayrı bu məsələləri həll etmək mümkün deyil. Amma ali təhsilə meyl edən insanların hansısa vasitələrlə qarşısının alınması yanlış yanaşmadır. Bir insanın ali təhsil alması çox normal bir şeydir. Amma bu gün insanlar var ki, gedib hansısa ixtisası bitirib, lakin iş tapa bilmir. Keçmişdə belə bir qayda var idi ki, tələbə ali təhsilini başa vurduqdan sonra 3 il müddətində hansısa bölgədə təyinatla işləyirdi və daha sonra diplomunu alırdı. Daha sonra öz seçimindən asılı olaraq, istəsə qalıb təyin olunan yerdə işləyə bilərdi, istəsə də başqa yerdə iş tapardı. Mənə elə gəlir ki, bunu pilot layihə kimi sınaqdan keçirmək olar”.
Nazim Hacıyev
Telegram kanalımız